2019-05-14 11:53:56   |   208 dəfə oxunub

Xırdalanda məktəb təmirinə şagirdlərdən pul yığılır


Bəzi orta məktəblərdə rəhbərlik ilin son akkordlarını çalmağa səy edir. Tədris ili başa çatmaq üzrədir deyə, «nə qədər ki, uşaqlar «əldən çıxmayıb, yükümüzü tutaq» prinsipi ilə hərəkət edirlər. Qarşıdan «Son zəng» gəlir. Allah bilir, məktəblərdə nə qədər pul yığılacaq bu təmtəraq üçün. Amma «Son zəng»ə qədər zamanı fövtə vermək istəməyən məktəblər də var. Məsələn, Xırdalan şəhəri 2 saylı orta məktəbin rəhbərliyi elan verib ki, hər bir şagirddən 10 manatdan pul toplansın – məktəbin təmiri üçün. Fərqi yoxdu, birinci, ya ikinci sinif, yaxud 11-cilər. Sinif rəhbərlərinə tapşırıq verilib, onlar da valideynləri səfərbər ediblər

Müəllimlərdənsə 20 manatdan yığılır. Səhih məlumatdı, çünki bunu «Şərq»ə həmin məktəbdə təhsil alan şagirdin valideyni bildirib. Və valideyn sual edir ki, məgər dövlətimiz məktəbləri təmir etdirmir? Niyə şagirdlərdən pul yığılır? Deməli, orta məktəblərdə təmir, şüşə, pəncərə, süpürgə, xəkəndaz pulu ənənəsi hələ də qalmaqdadı.

 Onu deyək ki, sözügedən məktəbdə bir müddət öncə Əlifba bayramı üçün də nəhəng pullar – hər uşaqdan 100 manat yığmaq istəyiblər. Belə «əsas» gətiriblər ki, Əlifba bayramı məktəbdən kənarda, hansısa mədəniyyət evində keçiriləcək, oranın kirayə haqqı ödənməlidir, guya uşaqlarla xüsusi xoreoqraf, musiqi müəllimi, nə bilim, bədii qiraət ustası işləyəcəkmiş. Soruşan gərək, məktəbin musiqi müəllimi hanı, bu məktəbin ibtidai sinif müəllimləri pedaqoji təhsil almayıbmı, uşaqlarla işləməyi bacarmırlarmı ki, kənardan «professional» dəvət edirlər, haqqını ödəmək şərti ilə. Amma Əlifba bayramı şənliyi alınmayıb, sadə bir səbəbdən ki, valideynlər acizanə surətdə deyiblər «o qədər pulumuz yoxdu».

Təhsil məsələləri üzrə ekspert, fəlsəfə doktoru Kamran Əsədov «Şərq»ə açıqlamasında orta məktəblərdə hər hansı ad altında pul yığılmasının qanunazidd olduğunu dedi:

- İlk növbədə qeyd etmək istəyirəm ki, orta məktəblərdə hər hansı bir məsələ ilə bağlı, hər hansı bir məqsədlə pul yığılması qanunsuzdur və yolverilməzdir. Bakı Şəhər Təhsil İdarəsi buna qarşı açıq şəkildə genişmiqyaslı mübarizə aparır. BŞTİ həmişə çalışır ki, məktəblərdə belə hallara yol verilməsin. Amma təəssüflər olsun ki, bəzi məktəb direktorları dövlət tərəfindən təhsilin inkişafına bu qədər xüsusi diqqət göstərilməsinə baxmayaraq təhsili öz şəxsi maraqlarına qurban verirlər.

Bəs valideynlər belə hallarda nə etsin?

K.Əsədov qeyd etdi ki, bu kimi məsələlərdə valideynlərin fəallığı çox vacibdir:

- Bəzən görürük ki, valideynlər özləri hansısa məqsədlə pul yığılmasını təşkil edir. Bu, ağlasığmazdır. Valideyn qanunsuzluğa qarşı çıxmalı olduğu halda, özü qanunsuzluğa şərait yaradır və bu şəraiti şərtləndirir. Narazı valideynlər üçün çıxış yolu budur ki, Bakı Şəhər Təhsil İdarəsinə və Təhsil Nazirliyinə müraciət etsinlər. Bunun üçün valideynlər 012 599 11 55 və ya 146, 146-2 nömrələrinə zəng edə bilər.

Əlbəttə ki, Təhsil Nazirliyinin bu kimi hallara qarşı mövqeyi qətidir. Onlar da bu və ya digər səbəbə görə pul yığılmasına qarşıdır. Valideynlər də aktivlik göstərib qanunsuzluğun üz çıxması və qarşısının alınmasına vasitəçi olmalıdırlar.

Əlifba bayramına gəlincə, bu kimi tədbirlər yalnız məktəb daxilində və məktəbin imkanları çərçivəsində həyata keçirilməlidir.

Qeyd edək ki, məsələ ilə bağlı Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektoruna da müraciət etdik, lakin telefon zənglərimizə cavab verən olmadı.

Məlahət Rzayeva





SON XƏBƏRLƏR

2019-05-26
2019-05-25