2019-05-14 12:57:44   |   1271 dəfə oxunub

"Ev işləri ilə məşğul olanda rahat oluram, dincəlirəm" - Nəsibə Zeynalova

"Gənc aktyorların özlərindən razılığı məni çox narahat edir"



Düz 48 il əvvəl - 1971-ci ildə "Qobustan" incəsənət toplusunun 4-cü sayında korifey sənətkarımız Nəsibə xanım Zeynalovadan maraqlı bir müsahibə dərc olunub. Bu söhbətdə böyük sənətkarımızın daxili aləmi, zənginliyi, peşəkarlığı bir daha üzə çıxır. Azər Abdullaoğlunun qələmə  aldığı həmin müsahibəni "Şərq"in oxucularına da çatdırmaq istəyirik.



Nəsibə xanımın məşqə baxdığımdan xəbəri olmadı. Zəng edib görüşməyi xahiş etdim.

- Evimizi təmir edirik. Yaman tör-töküntüdür. Qorxuram güləsiniz.

Məni gülmək tutdu.

- Nəsibə xanım, eybi yox. Təki sərbəst söhbət edək...

- Hə, evdəkilərə deyərəm səslərini kəsərlər. Bizə mane olmazlar... 

Səsində səmimiyyət, xoş bir zarafat və doğmalıq duydum. Söhbətimizin yaxşı keçəcəyinə ümidim vardı. Qapılarını açanda gözəl bir xörək qoxusu məni vurdu. Bu qoxunu nə yeməkxanalarda, nə də restoranlarda duymuşam. Görüşdən sonra Nəsibə xanımdan soruşdum:





- Xörəyinizin ətirli qoxusu var. Sizmi bişirmisiniz?

O, gülə-gülə başı ilə "hə" dedi. 

- Ədviyyatlı xörəyi evimizdə hamı sevir. Yeməyə hazırlaşırdıq. Yaxşı oldu, siz də qonağımız olarsınız.

Söhbətimiz, ev məişət işlərindən başladı. O, bütün ev işlərinə yaxından bağlıdır. Bütün qadınlar kimi bişirdiyinin dadlı və tərifli olmasını istəyir. Tikiş tikir, ət döyür, bazarlıq edir...

- Nəsibə xanım, hansı xörəyi daha həvəslə bişirirsiniz?

- Azərbaycan xörəklərinin hamısını. Ev işləri ilə məşğul olanda bəzən rahat oluram, dincəlirəm.

- Bu il məzuniyyətinizi harda keçirmisiniz? Necə dincəlmisiniz? Ümumiyyətlə razı qaldınızmı?

- Bağımızda olmuşam. İstirahətim çox yaxşı keçdi. Abşeron, yay, Xəzər, qızıl qumlar... Səhər və axşamın sərinliyi, günəş, geniş təmiz səma, kölgəliklər, qəzet və jurnallar... Sakit gecələr, qayğısız və şirin yuxular...

Bəlkə də Nəsibə xanımın ifasındakı kolorit, sənətindəki gözəllik və təbiilik onun həyatı və qadınlara məxsus işləri dərindən bilməsi ilə bağlıdır.



Qapının zəngi eşidilir. Nəsibə xanımın yeganə övladı Cahangir institutdan qayıdır. Tanış oluruq. Bu il İncəsənət İnstitutunun rejissorluq şöbəsinə daxil olub. Nəsibə xanım deyir ki, Cahangir özündən yaman narazıdır. Hələlik inamı azdır. 

- Elə o yaşlarında mən özüm aktrisa olacağıma heç inanmırdım. Məktəbdə oxuduğumuz illər M.Qorkinin "Həyatın dibində" əsərində Vasiliya, Şekspirin "Şıltaq qızın yumşalması"nda Katerina, "Mariya Stüart"da Yelizaveta rollarında çıxış etmişəm. Müəllimimiz də Tuqanov idi. O vaxt nə qədər tərifləsələr də, daxilimdə böyük bir şübhə məni həmişə qorxudurdu. İstərdim ki, teatrımızda daha qüvvətli əsərlər tamaşaya qoyulsun.



- Bugünkü şöhrətiniz, sənətdə tutduğunuz mövqeyə görə kimə minnətdarsınız?

- Birinci dəfə mənə istiqamət verən müəllimlərimdən Tuqanov, M.Haşımov, S.Tağızadə, Baykova. Sonra bu istiqamətin inkişafında böyük rol oynayan Ş.Bədəlbəyliyə. Mən teatra ilk dəfə Şəmsinin qayğısı, köməyilə gəlmişəm. Sonra məni tamaşaçılara bilavasitə tanıtdıran bəstəkarlarımızdan S.Ələsgərov, F.Əmirov, Ş.Axundovaya, tamaşaçılara, qədir-qiymətimi bilən elimizə, xalqımıza.

- Sizin şagirdləriniz yoxdur, bir neçə ildən sonra səhnəmizdə boşluq qorxusu ola bilər. Bir ustad kimi bu sizi narahat etmirmi?

- Elə teatrımızda məni narahat edən məsələlərdən biri də budur. Alqışlar, təbriklər bir yana, bəzən mən təəccüblənirəm. Doğrudan da bacarıqlı sənətkaramsa, nə üçün gənclər gəlib məndən bir şey soruşmur, nəyisə öyrənmək istəmir. Mənmi gedib onlara xahiş etməliyəm, güclə öyrətməliyəm? Doğrusu, gənc aktyorların özlərindən razılığı məni çox narahat edir. 

Azca sükutdan sonra o, sözünə davam etdi.

- Dünyada elə adam tapılarmı onu narahat edən şeylər olmasın. Giley-güzarı olmasın. Başqa giley-güzarımı da gündəliyimə yazıram. Deyəsən, Nəsibə xanım bir az əsəbiləşmişdi.
Onun vaxtı azalmışdı. Bir azdan kinostudiyaya gedəcəkdi. "Mozalan" satirik kino jurnalında hansı roldasa çəkilirdi.

- Nəsibə xanım, mənim bir sevimli sualım var. Onu sorğu apardığım sənət adamlarının hamısına verirəm. Sizə də deyim. Mümkünsə bir etirafınızı söyləyin.

O, fikrə getdi. Bir azdan gülümsünüb:

- Qəribədir... Bayaq dedim ki, çox adam mənə məktub yazır. Rayonlardan aldığım məktublardan qızlar mənə "ana" deyə müraciət edirlər. Bu məni çox sevindirir. İsmayıllı rayonundan bir qızla çoxdandır məktublaşıram. Aramızda qiyabi da olsa doğma bir ünsiyyət yaranmışdı. Bu il 10-cu sinfi qurtardı. Son məktublarında instituta qəbul üçün eyhamlar edib məndən kömək istəyirdi. Bu mənim imkanlarımdan xaricdə idi. Ona heç cür köməyim çatmazdı. Buna görə onunla əlaqəni kəsdim. Məktub yazmadım... Bu, məni yaman incidir...

Xudahafizləşdim. Səkiləri düşə-düşə Nəsibə xanımın gündəliyini düşünürdüm.





SON XƏBƏRLƏR

2019-05-22