2019-05-14 14:07:22   |   193 dəfə oxunub

Türkiyəyə “Hüzur” gəlir

Ali Babacan yeni partiya yaradacaq



Türkiyədə siyasi həyat yenidən dizayn edilir. Gündəmin ən çox müzakirə olunan mövzusu yeni siyasi partiyanın yaradılacağı ilə bağlıdır. Ekspertlərin fikrincə, Türkiyədəki mövcud şərait daha dinamik təşkilatın meydana çıxmasını zəruri edir. Ancaq yeni partiyanın konkret kimlər tərəfindən və nə vaxt təsis ediləcəyi ilə bağlı dəqiq məlumat yoxdur. Məlum prosesdə hakim AKP-dən incik düşən Əhməd Davudoğlunun, Abdullah Gülün və Ali Babacanın adı hallansa da, heç bir siyasətçinin bununla bağlı açıqlaması gündəmə gəlməyib. Ona görə də "yeni partiya” söhbəti daha çox ehtimal olaraq qalmaqdadır.

Türkiyənin siyasi səhnəsində yaşanan prosesləri "Şərq”ə şərh edən analitik Zeynal Əmralıyev qardaş ölkədə "Hüzur” adlı yeni partiyanın yaradılacağını və rəhbərinin də Ali Babacan olacağını iddia edib. Ekspertin sözlərinə görə, Davudoğlu hazırda gözləmə mövqeyindədir. Əgər AKP sədri ona daha bir şans tanıyarsa, sabiq baş nazir yeni partiyaya qatılmayacaq: 

"Yeni partiyanın əsas hədəfi 2023-dəki prezident seçkiləridir, əsas namizədləri isə keçmiş prezident Abdullah Güldür. Fikrimcə, Gül rəsmən yeni partiyaya üzv olmayacaq. Partiyada Əli Babacandan sonra əsas fiqur keçmiş gənclər və idman naziri Suat Kılıç olacaq. Partiyanın mühafizəkar-demokrat xətlə fəaliyyət göstərəcəyi deyilir. 

Babacan Türkiyənin iqtisadi yüksəlişi dövründə iqtisadiyyata məsul şəxs olub. O, yerli və xarici finans dairələri ilə möhtəşəm əlaqələrə malikdir. AKP və MHP-dən bir neçə millət vəkili və bələdiyyə sədrləri ilə gizli yollarla danışıqlar aparılır. 

Onların yeni partiyaya keçəcəyi gözləniləndir. Məhz buna görə Ərdoğan bir müddət əvvəl partiya toplantısında "Sizi çağıran olsa, qəti şəkildə getməyin” mesajını verdi. Digər partiyalardan da yeni təşkilata qoşulanların olması istisna edilmir. 

Məsələn, AKP-nin qurucularından olan, daha sonra CHP-yə keçən millət vəkili Əbdüllətif Şənər də yeni partiyaya qoşula bilər. Yeni partiya həm AKP-də, həm də MHP-də "qan itkisi”nə və növbəti seçkidə səs azalmasına səbəb olacaq. Partiya sadəcə CHP-nin işinə yarayacaq”.

İsmayıl






SON XƏBƏRLƏR

2019-05-27