2019-05-15 12:11:35   |   334 dəfə oxunub

“Dostlar yığışacaq, hər necə olsa, «50-50» vurmaq istəyəcəklər…” – Şeyxlə yubiley söhbəti




Şeyx Əbdül 75-i haqladı. Niyə təqdimatı belə qısa etdik ? Çünki onsuz da bu insanı ölkədə hamı məhz bu adla tanıyır. Fəxri adlar, titullar, mükafatlar, sənəti, peşəkarlığı, bizcə, ikinci dərəcəlidir. Bəli, Şeyx Əbdül Mahmudbəyov xalq artistidir, əməkdar incəsənət xadimidir. Saysız mükafatlar laureatıdır. Hamımızın sevimli aktyoru, kinorejissor, ssenaristdir. Ancaq onu hər kəs bu adla çağırır – Şeyx!

Əlbəttə, sovet vaxtı kimsə adının önünə «şeyx» titulu əlavə edə bilməzdi. Zaman yetişməliydi. Zaman ki, yetişdi, Azərbaycan xalqının Əbdül Mahmudov kimi tanıdığı sənətkar ulu babasından gələn bu adı rəsmiləşdirdi. Və Şeyx Əbdül Mahmudbəyov ad və soyadını ləyaqətlə daşımağa başladı. Bir məqamı vurğulayaq ki, Şeyx Əbdülün ata şəcərəsi ilə ulu babası Hacı Şeyx Mürsəl Ağa Ərdəbildə Şeyx Səfiəddinin darülfünunda ilahiyyat elminin sirlərinə yiyələnib və oradan Şamaxıya göndərilib. Görünür, «Nəsimi» filmində məhz dərviş obrazının Şeyx Əbdülə tapşırılması, onun Nəsimi qəzəllərini xüsusi məharətlə səsləndirməsi də nəslinin davamçısı kimi üzərinə düşən müqəddəs bir missiyanın yerinə yetirilməsi zərurətindən doğmuşdu. Axı, təsadüflər yoxdur, həyatda. Baş verən bütün hadisələr məntiqi zərurətə bağlıdır.

Şeyx Əbdül ad günü ilə bağlı çox qısa danışdı:

- 75 yaşım tamam olur. Əməklar incəsənət xadimiyəm. Dövlət mükafatları almışam. Prezidentimiz məni «Xalq artisti» fəxri adına layiq gördü. Mənzil də hədiyyə etdi. 3 otaqlı. Prezidentə təşəkkür edirəm. Ad günümlə bağlı film çəkilib. Nazirimiz Əbülfəs Qarayev zəng edib şəxsən təbrik etdi məni. Sabah (bu gün – red.) saat 12-də doğma yurdum Kinostudiyada ad günümlə bağlı tədbir olacaq. Kiçik bir tədbirdi. Özüm belə istədim. İndi Ramazandı, dedim, qoy Ramazan başa çatsın, geniş tədbir keçirərik.

- Oruc tutursunuz?

- Əlbəttə, mən də, bütün ailəmiz də. Ona görə də özüm belə istədim ki, Ramazandan sonra olsun. Alim Qasımovla məsləhətləşdim, o da fikrimi bəyəndi.

- Niyə məhz Alim Qasımovla?

- Alim mənim böyük dostumdu. Ağıllı məsləhətlər üçün həmişə ona müraciət edirəm.

- Düşündünüz ki, içki-filan olar, ona görə?

- Hə də. Hamısı dostlar yığışacaq, hər necə olsa, «50-50» vurmaq istəyəcəklər…

- Hətta Şeyxin ad günündə də?

- Mən heç kəsin şəxsi işinə qarışa bilmərəm. Mənim kimi açıq, loyal ikinci adam bəlkə də yoxdu. İstəyirəm dostlarım sərbəst olsunlar, kefləri istədiyi kimi əylənsinlər, şənlənsinlər. Heç kimə qadağa qoya bilmərəm, iç və ya içmə. Gücüm özümə və ailəmə çatır. Odur ki, Ramazanı başa vuraq, sonra.

- Yeni mənzilə köçmüsünüz?

- Mənzilin təmirə ehtiyacı var. Mən yenə də Prezidentimizə təşəkkür edirəm ki, mənə mənzil hədiyyə etdi. Amma təmir məsələsi qalır. Birdən elə başa düşərlər, mən mənzilimin təmir olunmasını istəyirəm, yox. Mənim istəyim sadəcə budur ki, 3 məhkəmə qərarı icra olunsun.

- O məhkəmə qərarlarındə maddi təzminat məsələsi var?

- Bilirsiz də, mənim mənzilim çökmüşdü. Bakı şəhər İcra Hakimiyyətinin o vaxtkı səriştəsiz rəhbərliyinin ucbatından. Mən onun adını çəkmək istəmirəm. Məsəl var, deyirlər, keçi öldü, qoçuluğu da qurtardı. Heç nə demirəm, Allah onu hidayət eləsin. O vaxt «Qış bulvarı» salınanda, yeraltı qaraj tikilirdi və o qaraj düz bizim mənzilin yerləşdiyi ərazinin altı idi. Tikinti işlərini elə apardılar ki, evim çökdü. Yararsız hala düşdü. Bununla bağlı 3 dövlət strukturunun rəsmi cavabı var. 3 də məhkəmə qərarı. Mənim evim faktiki, BŞİH-nin o zamankı rəhbərliyinin apardığı səriştəsiz fəaliyyət nəticəsində dağılmışdı. Məhkəmələr də qərar çıxarıb ki, vətəndaşa dəymiş ziyan ödənməlidir. Mən artıq bir şey istəmirəm. Qanunla təsbit olunmuş haqqımı istəyirəm. Bilmirəm, o adamın mənlə qərəzi nə idi? Ammə ölkə kimin kimə münasibətinin necəliyi ilə idarə olunmur ki, ölkə qanunla idarə olunur. Mənzili təmir etməyə maddi imkanım yoxdu. İndi mən həm də sizin qəzet vasitəsilə maliyyə naziri Samir Şərifova müraciət edirəm ki, məhkəmə qərarlarının icrasını təmin etsin. 4 il yarımdı, haqqım verilmir. Haqqımı versinlər, mən də bu ağır vəziyyətdən xilas olum. Bakı şəhər İcra Hakimiyyətinin yeni başçısı ziyalı adamdı. Mənimlə də görüşdü, görüşdə bu məsələdən də danışdım.

- Şeyx, telekanallarda bədii şuralar yaradılıb. Siz yoxsunuz heç birində…

- Bədii şuraların görmək istədikləri işlə mən 50 ildi məşğulam. «Qan yaddaşı» sənədli filmini çəkmişəm. Həmişə də dövlətimizin, dövlətçiliyimizin mənafeyini qorumuşam. Bir vətəndaş və sənətkar kimi üzərimə düşən vəzifəni yerinə yetirmişəm. Bədii Şuralar yaradıldı, lap yaxşı. Azərbaycan Dövlət Televiziyasının bədii şuraya ehtiyacı yox idi, onsuz da. Amma özəl televiziyalar nə edəcəklər, necə edəcəklər, camaata nə deyəcəklər, görəcəyik. Həmin bədii şuralarda təmsil olunanlar arasında uzun illərdir o telekanallarda layihə rəhbəridirlər. Elə televiziyaların bu kökə düşməsi də onların günahıdır. Bundan başqa, televiziyaya aidiyyəti olmayan adamlar da var. 

Nüfuzları var, ictimai çəkiləri var deyə, Bədii Şuraya üzv ediblər. Mən bir şeyi başa düşmürəm ki, bu Bədii Şuralar yaradılıb, Milli Televiziya və Radio Şurası, hansı ki, Nuşirəvan müəllim də sədridir, bəs onlar nə işlə məşğul olacaqlar? Yeganə istəyim budur ki, təki iş görsünlər. Bədii Şuralar hansı məqsəd üçün yaradılıbsa, ordakı adamlar o işə xidmət etsinlər. Bir daha Prezidentə təşəkkür edirəm. Məni layiq gördüyü mükafatlara görə. Mənim üçün həyatda 3 müqəddəs şey var: xalqım, Vətənim, müstəqil dövlətim. O aldanmış kəvakiblər ki var ha, onlara da sözüm budur ki, heç bir qüvvə Azərbaycanın müstəqilliyinə xələl gətirə bilməz. 5-6 gözügötürməyənimiz var, onların da cavabı veriləcək.

Məlahət Rzayeva





SON XƏBƏRLƏR

2019-05-23
2019-05-22