2019-05-15 13:23:50   |   294 dəfə oxunub

Rayon məktəbinin şagirdidir, Bakıda hazırlığa gedir - "Buna nəzarət edə bilirlərmi?"

"Təhsil müəssisələrinə nəzarəti gücləndirmək mümkün deyil. Çünki nazirlik adicə müraciətlərə vaxtında cavab verə bilmir"





Ölkəmizdəki təhsil müəssisələrinə nəzarətin güclənməsi üçün yeni tələbin qoyulması təklif edilir. Hətta bununla bağlı "Təhsil haqqında” qanuna da dəyişiklik nəzərdə tutulur.

Dəyişikliklərə əsasən, dövlət tərəfindən "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” yaradılacaq. Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələri bu sistemə qoşulmalıdır.

Yeni təkliflərlə bağlı "Sherg.az”a danışan tarix elmi üzrə fəlsəfə doktoru, təhsil üzrə ekspert Kamran Əsədov sistemin effektiv olmayacağını düşünür.

Ekspert bildirib ki, mərkəzləşmiş qaydada nəzarət mexanizminin tətbiqi yaxşı hal olsa da, bu nəzarəti həyata keçirmək mümkün deyil:

"Çünki Azərbaycanda 4472 orta məktəb, 51 min müəllim və 1.6 milyon şagird var. Təhsil Nazirliyinin isə ştat cədvəli 120 nəfərdir. Adicə daxil olan müraciətlərə vaxtında və dolğun cavab verə bilmirlər. Ona görə də bu sistem nəzəriyyə baxımından yaxşı olsa da, praktiki cəhətdən heç bir nəticə verməyəcək. Vətəndaşlar Təhsil Nazirliyinin "146 Qaynar Xətti"nə müraciət edirlər, amma onlar sadəcə zaman və kontur itirirlər. Çünki "Qaynar xətt"ə baxan yoxdur. Mərkəzləşmiş sistem yaratmaq lazım deyil. Amerikanı ikinci dəfə kəşf etməyə nə ehtiyac var? Təhsil Nazirliyinin elektron xidməti və "Qaynar xətt"i mövcuddur. İnsanlar ora müraciət edəndə normal olaraq onların müraciətinə baxmaq lazımdır. Fikrimcə, bu çatışmazlıq həll olunsa, daha effektiv olar”.

Ekspertin qənaətincə, yeni sistemlə məktəblərə nəzarət güclənməyəcək. Səbəb isə təhsil idarəçiliyində təhsildən anlayışı olmayanların çalışmasıdır:

"Ona görə də heç bir irəliləyişə nail ola bilmərik. Ancaq əmiranə gücü tətbiq etməklə təhsil idarə olunmamalıdır. Mükafatlandırma və cəzalandırma tətbiq edilməlidir. İnsanlar bilməlidir ki, yaxşı işləyəcəklərsə, vəzifələrinin öhdəsindən tam şəkildə gələcəklərsə, onlara mükafat veriləcək. Yaxud da əksinə cəza tətbiq olunacaq. Cəzalanma o vaxt olur ki, jurnalistlər hansısa məsələni qabardırlar. Bundan sonra Təhsil Nazirliyinin kefinə düşsə, məsələni araşdırılacaq və hansısa işlər görüləcək. Bu düzgün yanaşma tərzi deyil.

Bir faktı qeyd etmək istəyirəm. Məsələn, hansısa kəndin orta məktəbində şagirdin adı getsə də, o Bakıda hazırlıqdadır. Şagird adı getdiyi məktəbin ünvanını belə tanımır. Buna nəzarət edə bilirlərmi? Əlbəttə yox. Dövlət büdcəsindən milyonlarla pulu təhsildə qrant layihələrə ayırırlar, lakin ortada hesabat yoxdur. Həmin pullarla nə iş görüldü, məktəbin təmiri, kamerlaşdırılması ilə bağlı nələr edildi? Nazirlik hesabatı versin, şəffaflığı ortaya qoysun, ondan sonra insanlardan nəsə tələb etsin”.

K.Əsədovun sözlərinə görə, bu gün Təhsil Nazirliyinin fəaliyyəti ilə bağlı hesabatlar verilmədiyinə görə, bölgələrdəki məktəblərdə xaos yaranır:

"Nazirlik istədiyini edir deyə, fikirləşirlər ki, biz də edək. Niyə ancaq aşağı qurumlar cəzalandırılmalıdır? Məktəblərlə bağlı nazirliyin elektron ünvanına nə qədər problemləri göndərmişəm. Onların informasiya sistemində çatışmazlıq var. Niyə problemə görə özləri nəsə etmir, ancaq jurnalistlər məsələni işıqlandırandan sonra tədbir görürlər? Deməli, nazirlik birinci öz fəaliyyətindən başlamalıdır”.

Yeganə Bayramova





SON XƏBƏRLƏR

2019-05-23
2019-05-22