2019-05-16 00:13:29   |   408 dəfə oxunub

"İstedadım olmasaydı, kimsə məni efirə çıxarmağa maraqlı olmazdı"

Alim Qasımov Eldar Mansurovun açıqlamasına reaksiya verdi

"Bəhram müəllimlə bir yerdə Səmərqəndə getmişik. Bu o demək deyil ki, kimsə məni ora aparıb"



Xalq artisti, bəstəkar Eldar Mansurovun bu günlərdə Alim Qasımovla bağlı Lent.az-a açıqlaması böyük marağa və ciddi müzakirələrə səbəb olub. Eldar Mansurov açıqlamasında atası Bəhram Mansurovun Xalq artisti, xanəndə Alim Qasımovu efirlərə çıxardığını, ona səhnə həyatında böyük dəstək verdiyini qeyd edib. Bəstəkar müsahibəsində bu fikirləri dilə gətirib: 

«Alim Qasımovu 1983-cü ildə Səmərqənddə keçirilən Beynəlxalq Muğam Simpoziumuna atam apardı. Orda onu təqdim etdi. Ondan sonra hamı Alimi tanıdı. Alim burda da oxuyurdu. Atam onun əlindən tutub radioya gətirdi, radionun fondu üçün muğamlar yazdırdılar. Mən özüm o vaxtı səsyazma evində rejissor işləyirdim. Onların ifalarını da mən lentə almışam. Sonralar da atam Alimi özü ilə televiziya verilişlərinə çıxarırdı, toylara da aparırdı, tanıtdırırdı. Alim də öz dövrünün gənc xanəndələri içərisində ən yaxşı, bal səsi olan xanəndə kimi məşhurlaşmağı bacardı. Sonralar artıq başqa şeylər oxumağa başladı. Bu gün Alimin oxuduqlarının Azərbaycan muğamlarına aidiyyəti yoxdur”.
Eldar Mansurovun müzakirələrə zəmin yaradan açıqlamasına Xalq artisti, dünya şöhrətli xanəndə Alim Qasımovun da cavabı çox gecikmədi. Xanəndə «Şərq»ə açıqlamasında maraqlı fikirlər dilə gətirdi: «Bəli, mən rəhmətlik Bəhram Mansurovla yaxın dost olmuşam. Ailəcə gözəl münasibətimiz olub. Gənc idim, təbii ki, bir çox sənət insanları ilə ünsiyyət yaradırdım. Bəhram müəllimlə də gözəl münasibətimiz olub. Qaldı məni Səmərqəndə aparmağına, efirlərə çıxartmağa, ilk dəfə efirə Hacı Məmmədov məni dəvət edib. Mənim istedadım olmasaydı, kimsə efirə çıxarmağa maraqlı olmazdı. Festivala da mənim istedadım və səsim olduğu üçün seçmişdilər. Bəhram müəllimlə bir yerdə Səmərqəndə getmişik. Bu o demək deyil ki, kimsə məni ora aparıb. Bəli, Bəhram müəllimin mənə dəstəyi olub. Bəhram müəllim muğam dünyasının dəyərli sənətkarlarından olub. Qaldı Eldar müəllimin mənim barəmdə dediyi fikrə ki, Alimin bu gün oxuduğunun Azərbaycan muğamına aidiyyəti yoxdur, mən bu barədə bir cümlə deyə bilərəm ki, bunu tamaşaçıların ixtiyarına, müzakirəsinə buraxaq. Mənim Azərbaycan muğamına aidiyyətim var, ya yox, bunu tamaşaçı söyləyə bilər. Eldar müəllim öz düşündüyünü dilə gətirib, sağ olsun. Mən nə deyə bilərəm? O elə düşünürsə, mən onun fikrinə müdaxilə edə bilmərəm. Amma mənim muğam ifa etmək üslubuma, sənətimə gəlincə, xalq qiymət verir. Orucluq ayıdır, mən adımın bu kimi söz-söhbətlərdə hallanmasını qətiyyən istəmirəm. Buna yol da vermərəm. Oruc tuturam. Bu ayda hamıya can sağlığı arzulayıram. Allah Eldar müəllimə də can sağlığı versin. Mənim sənətim də, ifam da göz önündədir. Yaşımın elə vaxtıdır ki, artıq ifa tərzimlə bağlı müzakirələrin dönəmi ötüb keçib. Zamanında da mənim ifamı qəbul etməyənlər oldu, sonralar həmin sənətçilər məni alqışlamağa başladılar. Bircə onu deyə bilərəm ki, mən muğamla yaşayıram, muğam dünyası mənim üçün fərqli aləmdir. Ola bilər mənim muğam dünyamı qəbul etmək çətindi, ya da mənim muğam dünyam başqaları üçün fərqli görünsün. Xalq hər kəsin dəyərini, sənətini qiymətləndirməyi bacarır. Allah hamıya bu müqəddəs ayda kömək olsun».

Tahirə Məmmədqızı






SON XƏBƏRLƏR

2019-05-23
2019-05-22