2019-05-16 00:31:41   |   585 dəfə oxunub

Gizlinlər açılır: İran hədəfdədir

Vaşinqton-Moskva yaxınlaşması İranı çətin vəziyyətə salacaq

"Ola bilər ki, Rusiya Amerikanın İrana girməsi üçün müəyyən razılıq versin"



ABŞ-ın İranla imzalanan nüvə sazişindən çıxmasından sonra Tehrana qarşı yeni sanksiyalar tətbiq etməsi ciddi risklər meydana gətirib. Buna cavab olaraq, Tehran üzərinə götürdüyü öhdəliklərin bəzilərinə əməl etməyəcəyini bəyan edib.



 İran Avropaya, Rusiyaya və Çinə 60 günlük möhlət verib. Bu müddətdə onların mövqeyində hər hansı dəyişiklik olmazsa, Tehran birtərəfli addım atacaq. Vaşintqon isə İranı vura biləcəyinə işarə edərək, Fars körfəzinə bombardmançı təyyarələr göndərib. Ağ Ev açıq bəyan edib ki, İran Yaxın Şərqdə hərbi fəallığını davam etdirərsə, irəli sürülən tələblərə əməl etməzsə, mütləq hərbi zərbə alacaq. Böyük Britaniya, Almaniya, Fransa və Rusiya da məsələyə münasibət bildirib. Ümumi analizlər göstərir ki, yaranan mənzərə kifayət qədər riskli və təhlükəlidir. Dünya miqyasında yeni bir gərginlik dalğasının meydana gəlməkdə olduğu vurğulanmaqdadır.

Dünyanın izlədiyi Putin-Pompeo görüşünün nəticəsi...



Proseslərin fonunda ən diqqət çəkən məqam isə Rusiya Prezidenti Vladimir Putinlə ABŞ dövlət katibi Mayk Pompeo arasında baş tutan saat yarımlıq görüşdür. Pompeonun Moskvada İranla bağlı müzakirələr apardığı və müəyyən razılıq əldə etdiyi bildirilir. Qısası, Rusiyanın İranı "satdığı” iddia olunur. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Putin və Pompeo arasında İranın nüvə sazişi ətrafında yaranan vəziyyətin də müzakirə edildiyini söyləyib. Onun sözlərinə görə, tərəflər söhbət zamanı İrana da çox vaxt sərf ediblər. Lakin Rusiya prezidentinin köməkçisi danışıqların detallarını açıqlamaqdan imtina edib: "Maraqlı müzakirələr oldu. Biz Amerika administrasiyasının hərəkətlərinə qarşı kritik yanaşmamızı ortaya qoyduq”. Görüşdən razılıq ifadə edən Rusiya lideri bildirib ki, Donald Trampla bu yaxınlarda baş tutmuş söhbətdən sonra onda belə bir qənaət hasil olub ki, Ağ Ev rəhbəri iki ölkə arasında münasibətlərin bərpa olunmasında israrlıdır. Putin ilk növbədə müzakirə olunmalı məsələlər arasında iqtisadi əlaqələri önə çəkib. Öz növbəsində Pompeo da Rusiya və ABŞ-ın üzərində birgə işləyə biləcəyi məsələlərin az olmadığını deyib: "Ortaq maraqlarımız və əməkdaşlıq edə biləcəyimiz məsələlər var”.

"ABŞ və Rusiya əlaqələri elə dağılıb ki...”

Görüşü şərh edən rusiyalı politoloq Aleksey Zudin deyib ki, Putinlə Mayk Pompeo arasındakı təması müsbət qiymətləndirmək olsa da, ölkələr arasındakı münasibətlərin istiləşməsindən danışmaq üçün çox tezdir: "Vladimir Putinlə telefon danışığı zamanı Tramp Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışacağını demişdi. Rusiyaya gəldikdə isə ölkə rəhbərliyi dəfələrlə əlaqə və danışıqlar qapısını açıq saxladığını qeyd edib. Danışıqları müsbət qiymətləndirmək olar, ancaq istiləşmə barədə danışmaq hələlik tezdir”. Ekspertin fikrincə, münasibətlərin normallaşması üçün hər hansı əsas mövcud deyil. Üstəlik, hazırda əlaqələr çox aşağı səviyyədə, demək olar ki, dağılmış vəziyyətdədir.

"ABŞ-ın İrana təzyiqləri işə yaramayacaq”

Kremlin mətbuat katibi Dmitri Peskov Prezident Putinin mövqeyini açıqlayıb. Peksov bildirib ki, Putin Tehran hökumətinə tətbiq edilən sanksiyaların aradan qaldırılmasına tərəfdardır: "ABŞ-ın İrana təzyiqləri nəticə verməyəcək. Prezident Putin dəfələrlə maksimal şəkildə təzyiq siyasətini başa düşmədiyini deyib. Bu heç vaxt nəticə gətirmir, nizamlama prosesi dalana dirənib və tərəflərin anlaşmasına imkan yaratmır”. Peskovun fikrincə, Avropa ölkələri ilə İran arasındakı nüvə proqramı ilə bağlı müqavilə saxlanılmalıdır.

"Moskva Vaşinqtonu tələyə salmaq üçün üzdə İranı sata bilər”

Putin-Pompeo və İranla bağlı iddiaları "Şərq”ə dəyərləndirən siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev hesab edir ki, Rusiya bölgədə vəziyyətin gərginləşməsində maraqlıdır: 

"Moskva Vaşinqtonu tələyə salmaq üçün üzdə İranı sata bilər. Amma ruslar heç vaxt farsları birdəfəlik əldən verməz. Çünki Kreml çox gözəl anlayır ki, İranın əldən çıxması Rusiya üçün ciddi təhlükə deməkdir. Tehran Kremlin son şansıdır. İnanmıram ki, nə Rusiya, nə də Çin buna getsin. Ola bilər ki, Rusiya Amerikanın İrana girməsi üçün müəyyən razılıq versin. Reallıq odur ki, ABŞ-ın 120 minlik ordusu Tehran məsələsində tullanıb-düşən İsrail qoşunları ilə birlikdə İrana girərsə, bu, Yaxın Şərqdə İsrail dövlətinin tamamilə yer üzündən silinməsi ilə nəticələnə bilər. Nəzərə alaq ki, hazırda ABŞ-ın iqtisadi və siyasi cəhətdən ciddi problemləri var. Amerika rəhbərinin daxili problemlərlə məşğul olması, Rusiyanın bölgədə əl-qolunu daha da açacaq. Rusiya-ABŞ arasında istənilən mövzuda müzakirələr ola bilər. Dünyada yeni iqtisadi düzənlə bağlı razılaşmaların əldə olunması məsələsi gündəmdədir. Burada Rusiyanın və Amerikanın hansı paya sahib olacağını zaman göstərəcək. Kim bilir, bəlkə Ağ Ev Avrasiya materikindən çıxmağa razılıq verəcək”.

"Sanksiyaların yumşaldılması ilə bağlı anlaşmanın olması mümkündür”

Professorun fikrincə, Putin-Pompeo görüşü Rusiyanın Qərb tərəfindən məruz qaldığı sanksiyaların yumşalmasına da təsirsiz ötüşməyə bilər: "Əslində Qərb öz sanksiyaları ilə Rusiyaya böyük yaxşılıq edir. Çünki insan çətinə düşəndə çıxış yolları axtarmağa məcbur qalır. İradəsi zəif olanlar isə uduzurlar. Rusiya bu müddət ərzində iqtisadiyyatını yenidən bərpa etməyə nail olub. Ona görə də sanksiyaların davam etməsi Moskvanın maraqları çərçivəsindədir. Ancaq iki tərəf arasında sanksiyaların yumşaldılması ilə bağlı anlaşmanın olması mümkündür. Ən azından hər iki ölkənin kosmosla bağlı qarşıdurması yoxdur, hətta fəzada ortaq fəaliyyət göstərirlər. Deməli, digər sahələrdə də birgə iş tutmaq şansları olmamış deyil”.

"Türkiyə Yaxın və Orta Şərqdə əvvəlki söz sahibliyini itirmək üzrədir”

C.Nuriyev ABŞ-Rusiya yaxınlaşmasının Türkiyə ilə münasibətlərə necə təsir göstərəcəyini bu cür təhlil edib: "Türkiyə ABŞ-ın bölgədəki oyunçusudur. Siyasi gedişlərin hamısı birmənalı şəkildə göstərir ki, Amerika Ərdoğanın əliylə öz məqsədlərinə nail olmaq istəyir. Türkiyə Yaxın və Orta Şərqdə əvvəlki söz sahibliyini itirmək üzrədir. Ölkənin iqtisadiyyatı zəifləməyə doğru gedir. Vaşinqton Türkiyədən bir növ Yunanıstanın, Ermənistanın, İsrailin heyfini çıxır. Hadisələrin gedişatı göstərir ki, yaxın bir-iki ayda Türkiyə qarışacaq. S 400-lərin Türkiyə ilə ABŞ arasında gərginlik yaradacağı mövzusu diqqəti yayındırmaq üçün ortaya atılmışdı. Əslində Ankara Vaşinqtonun dediklərini icra edəcək. Türkiyə S 400-ləri əldə edərsə, onları ABŞ-la paylaşacaq. Amerika da bundan yararlanaraq, müdafiə xarakterli texnikalar və proqramlar hazırlayacaq”.

İsmayıl







SON XƏBƏRLƏR

2019-05-23
2019-05-22