2019-05-16 11:51:04   |   278 dəfə oxunub

Sürücülər daha çox yol ayrıclarında qaydanı pozurlar

Elməddin Muradlı: "Başqa yolumuz yoxdu. Sürücüləri qarşımıza alıb dərs keçməliyik. Gərəkdisə, lap «0»-dan başlamalıyıq. Yolda, evdə, televiziyada, radioda, sosial şəbəkədə, internet üzərindən… bütün müstəvilərdə



"Dövlət Yol Polisi bu il ərzində Bakı şəhəri üzrə yol ayırıcısı tələblərini pozduqlarına görə, sürücülərə ümumilikdə 26510 protokol tərtib edib"

Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov Lent.az-ın sorğusuna cavab olaraq deyib.

DYP sözcüsü həmçinin qeyd edib ki, işıqforun tələbini pozan sürücülərə isə ümumilikdə 10607 protokol tərtib edilib: "Bu sadaladıqlarımdan sonra sürücülərə daha çox qarşı hərəkət zolağınaçıxma, qoşa xətti tapdaladıqlarına görə protokol tərtib edilib. Məsələn, bu il ərzində bu qayda pozma ilə bağlı, 7000 protokol tərtib edilib”.

Vaqif Əsədov bildirib ki, sürücülərlə yanaşı, piyadalara da inzibati xətaya görə cərimə yazılıb: "Bakı şəhərində bu il üzrə 17009 piyadaya cərimə protokolu tərtib edilib”.

«Avtosfer.az» saytının baş redaktoru Elməddin Muradlı «Şərq»ə açıqlamasında bildirdi ki, sürücülərin və eləcə də piyadaların yol hərəkəti qaydalarına nə dərəcədə əməl etməsi sürücü, piyada və ümumilikdə yol mədəniyyətini formalaşdırır:

- Bu statistik rəqəmlər çox narahatedicidir. Sürücülük vəsiqəsinin verilməsi üçün tərtib olunan imtahan suallarında yol ayrıcı qaydaları əsas yerlərdən tutur. Çünki məhz bu qaydanın sürücü tərəfindən pozulması yolun hərəkət zolağında qəzaların baş verməsini şərtləndirir. Bizim sürücülər də daha çox elə bu qaydanı pozur. Həmçinin işıqforun gözlənməməsi və sürət həddinin aşılması. 4 yol ayrıcı olan ərazilər var, dairəvi yollarımız var. Sürücü belə yollarda hansı hərəkət zolağı ilə avtomobili idarə edəcəyini dəqiq müəyyənləşdirməlidir. Görün, sürücülərimizin savadsızlığı, yol-hərəkəti qaydalarını kobud şəkildə pozmaları hansı həddə çatdı ki, Bakı Nəqliyyat Agentliyi hərəkət sıxlığı olan bir sıra yollarda «sarı tor» tətbiq etmək məcburiyyətində qaldı. Amma sürücü var ki, «sarı tor»un nə demək olduğunu, onun qaydalarını yenə də bilmir. 

Yolda «sarı tor» varsa, bu o deməkdir ki, qarşıda avtomobil sıxlığı yaşanır, arxadan gələn avtomobillər dayanıb gözləməlidirlər, «sarı tor»un üzərinə çıxmamalıdırlar. Amma hanı? Baxırsan ki, sürücü ciddi-cəhdlə çalışır, özünü «probka»ya salsın. Nizamlanan və nizamlanmayan yol ayrıcıları var. Bunun da xüsusi işarələri mövcuddur. Sürücü əgər həqiqətən də sürücülük vəsiqəsi almağa iddialı olub, imtahan veribsə, yol-hərəkəti qaydalarını da öyrənib deməli, belə olan halda, nizamlanan yol ayrıcı ilə nizamlanmayan yol ayrıcını yol nişanlarından anlamalıdır. 

Yox əgər, anlamırsa və özü də hərəkətini nizamlaya bilmirsə, o zaman demək ki, yol-hərəkəti qaydalarını bilmir və əslində ona sürücülük vəsiqəsi heç verilməməliydi. Sürücü var ki, il ərzində 5-6 dəfə eyni qayda pozuntusuna yol verir. Yol polisi əməkdaşı sürücüyə yol ayrıcı qaydasını pozduğuna görə bu gün cərimə protokolu tərtib edir və sabah o sürücü eyni qayda pozuntusunu təkrar edirsə, burada artıq o şəxsin psixologiyasında problem var demək ki. Avropada belə sürücüləri psixoterapevtə yönləndirirlər. Normal insan bir qayda pozuntusunu bir də təkrar etməməlidir, üstəlik, əgər ona bir dəfə artıq cərimə yazılıbsa. Nədir, cərimə olunmaqdan xoşları gəlir?!

E.Muradlı qeyd etdi ki, həm sürücülər, həm də piyadalarla aparılan maarifləndirmə işləri gücləndirilməlidir:

- Başqa yolumuz yoxdu. Sürücüləri qarşımıza alıb dərs keçməliyik. Gərəkdisə, lap «0»-dan başlamalıyıq. Yolda, evdə, televiziyada, radioda, sosial şəbəkədə, internet üzərindən… bütün müstəvilərdə. Yol patrul xidməti əməkdaşları da bunu etməlidir, edirlər də. Qayda belədir ki, YPX əməkdaşı sürücünü saxlayırsa, yaxınlaşıb özünü təqdim etməli və sürücüyə hansı qayda pozuntusuna yol verdiyini bildirməlidir, bundan sonra da protokol tərtib etməlidir. Bunun özü də maarifləndirmənin bir növüdür. Amma ümumilikdə, kütləvi şəkildə bu iş KİV-lər, elektron media, televiziya və radioda, sosial şəbəkələrdə aparılmalıdır. Məsələn, biz Bakı Dövlət Yol Polisi ilə birlikdə 10-a yaxın sosial çarx çəkib təqdim etməyi düşünürük. Bu sosial çarxların 7-si piyadalarla bağlıdır, çünki piyadaların iştirakı ilə yol hərəkəti qaydalarının pozulması da son zamanlar artıb. 3-ü isə yol hərəkəti təhlükəsizliyi ilə bağlı olacaq. Biz düşünürük ki, yol hərəkəti qaydaları orta məktəblər dərsliklərinə də salınmalıdır. Sosial çarxları orta məktəblərdə nümayiş etdirmək fikrimiz də var. Uşaqlar digər dərslərini öyrənməklə yanaşı, yol hərəkəti qaydalarını da mütləq bilməlidirlər. Sosial çarxların sosial mediada paylaşılmasının böyük effekti olacaq.

Məlahət Rzayeva





SON XƏBƏRLƏR

2019-05-27