2019-05-16 12:35:42   |   231 dəfə oxunub

Hər bir pedaqoq elə psixoloqdur

Məktəblər kriminal məkana çevrilib

Nazirlik istəyir öz günahlarını psixoloqların boynuna atsın



"Psixoloqların öz vəzifələrini müsbət şəkildə yerinə yetirdiyi məktəblərdə insidentlərin qarşısını almaq mümkün olur. Lakin pis hal odur ki, psixoloqlarda biganəlik var. Buna yol vermək olmaz. Buna görə də düşünürəm ki, hər bir psixoloq və müəllim şagirdlərə məsuliyyətlə yanaşmalıdır. Biz Təhsil Nazirliyi olaraq psixoloqların maaşlarının artırılması üçün planlar hazırlayırıq və bu peşənin genişləndirilməsinə, mütəxəssislərin artırılmasına çalışırıq” - bunu Təhsil nazirinin müavini Firudin Qurbanov "Beynəlxalq Ailə günü”nə həsr edilmiş” Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır” adlı konfransda söyləyib.

Lakin məsələ ilə bağlı təhsil eksperti Nabatəli Qulamoğlu fərqli düşünür. O bildirib ki, nazirlik istəyir mövcud problemləri, öz günahlarını psixoloqların boynuna atsın. 162 nömrəli məktəblə bağlı məsələdə də həmin şey təkrar olunub və məktəbin direktoru cəza almayıb: 

"Direktor sadəcə ev dustaqlığındadır. Halbuki, intiharın başlıca səbəbkarı o idi. Amma psixoloqu işindən azad ediblər və ona zorla ərizə yazdırıblar, özün könüllü yaz ki, imtina edirəm, günahkaram və s. Psixoloqun əlində elə bir imkan yoxdur ki, məktəbdə baş alıb gedən özbaşınalığın qarşısını alsın. O məktəbin ictimai mühitinin təsiridir. Burda psixoloqu günahlandırmağa ehtiyac yoxdur”.

Ekspert bildirib ki, o, məktəb psixoloqlarının əmək haqqının qaldırılmasının əleyhinə deyil. Amma bununla iş düzəlməyəcək: 

"Məktəblərdə intihar halları psixoloqlardan qabaq da baş verirdi. Özü də sayı-hesabı yox idi. Lakin indi daha da çoxalıb. Bu da onunla bağlıdır ki, Azərbaycanda ədalətsizliyin miqyası getdikcə daha da böyüyür. Bax, o həmin miqyas məktəblərə də öz təsirini göstərir. Nəinki məktəblərə, digər sahələrə də. Bir qızın ölümündə məktəbin də, səhiyyənin də günahı var. Hər ikisi xilas edə bilərdi, amma etməyiblər. Hamısı mövcud ictimai mühitin təsiridir”.

N.Qulamoğlu vurğulayıb ki, hər bir məktəbdə ən yaxşı psixoloq həmin sinifin rəhbəridir:

 "Psixoloq ondan ötrü deyil ki, gedib hər sinfin qarşısını kəsdirsin. Psixoloqun vəzifəsi şagirdlərlə söhbət aparmaqdır. Çətin tərbiyə olunan, xarakterində fərqlilik olan və s. şagirdlər ola bilər. Bu cür şagirdlərlə psixoloji, elmə uyğun şəkildə söhbət etməkdir. Məktəbdə psixoloq hər bir şagirdin fərdi keyfiyyəti haqqında daha ətraflı məlumat verir. Onlarla söhbətlər edir, söhbətlər aparır. Hər bir sinfə rəhbər təyin olunur. Sinif rəhbəri şagirdə psixoloqdan daha yaxındır. Çünki hər gün onlarladır. Və bu təyinata görə də ayrıca məvacib alır. 

Pedaqogikada psixologiya bütün müəllimlərə fənn kimi keçilir. Hər bir pedaqoq elə psixoloqdur. Hər şey ictimai mühitlə bağlıdır. Çıxılmaz vəziyyətlər baş verdikdə intihar halları yaşanır. Tək intihar halları deyil. Bu dəqiqə məktəblər kriminal məkana çevrilib. Valideyn nadinc uşağı evdən göndərir ki, get məktəbə şuluq sal, evdə qalma. Uşaq məktəbə dərs oxumağa gəlmir, stres atmağa, vaxt keçirməyə gəlir. O yerdə ki, vaxt keçirmək düşüncəsi var, orda xuliqanlıq da olacaq, intihar da, digər hallar da. Uşaq dərslə məşğul olmursa, enerjisini nəyə sərf etməlidir?”.

Sevda Ulutau





SON XƏBƏRLƏR

2019-05-27