2019-05-16 12:40:42   |   138 dəfə oxunub

Erməni mətbuatının canfəşanlığı əhəmiyyətsizdir

Hər zaman olduğu kimi Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı şəkildə tanınıb



Azərbaycanın bir sıra KİV-lərində Şərq Tərəfdaşlığının 10 illiyinə həsr olunmuş toplantının yekun sənədinə ölkəmizin razılıq verməməsi haqqında məlumatlar yayılıb. Azərbaycanın veto hüququndan istifadə etməsi sənəddə ərazi bütövlüyünə istinadların olmaması ilə əlaqələndirilib. Digər tərəfdən, erməni mətbuatı canfəşanlıqla "Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü tanımadığını və ölkəmizin təklikdə qaldığını” tirajlamağa başlayıblar. Lakin Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri, ölkəmizin Avropa İttifaqı yanındakı nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov bu məlumatların tamamilə əsassız olduğunu və təxribat xarakteri daşıdığını deyib. Onun sözlərinə görə, xarici işlər nazirlərinin görüşündə yekun sənədin qəbul edilməsi nəzərdə tutulmayıb. Səfir bildirib ki, qəbul ediləcək sənədin yığcam, yoxsa əvvəlki sammitlərdə olduğu kimi geniş, əhatəli və bütün məqamlara diqqət yetirən bir sənəd olması ətrafında müzakirələr aparılıb. Şərq Tərəfdaşlığı ölkələrinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü məsələsi Azərbaycan, eləcə də Gürcüstan və Moldova tərəfindən birlikdə təklif edilib: 

"Bir daha qeyd etmək istərdim ki, bütün Şərq Tərəfdaşlığı sammitlərində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi birmənalı şəkildə tanınır”.

Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas da vurğulayıb ki, iştirakçıların hamısı bir çox sahələrdə irəliləyişlər olduğunu deyiblər: 

"Əməkdaşlığımız nə qədər dərinləşərsə, bir o qədər yeni imkanlar və sahələr açılacaq. Bu da gələcək işlərə daha yaxşı meyillənməyə yardım edir. Şərq Tərəfdaşlığı həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığa imkan yaradır”.

Yaranmış vəziyyətlə bağlı "Şərq”ə danışan "Qhtxeber.az” saytının baş redaktoru, tanınmış jurnalist Sənan Nəcəfov bu kimi təxribat xarakterli və yanlış məlumatlarla ilk dəfə üzləşmədiyimizi deyib: 

"Aydın məsələdir ki, siyasətin t-sından xəbəri olmayanlar, beynəlxalq münasibətləri, regiondakı situasiyanı və görüşlə bağlı açıqlamaları normal dərk edə bilmirlər. Ona görə də analizləri savadsız alınır. Halbuki, Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov məsələyə aydınlıq gətirdi. 

Vurğuladı ki, sözügedən sənədlə bağlı Azərbaycan tərəfindən Gürcüstan və ya Ukrayna tərəfi ilə xüsusi müzakirələr aparılmayıb. Yekunda bəyannamə olmayan bu qısa sənədin "sədrin yekun qeydləri” kimi öz əksini tapması ilə bağlı razılıq əldə edilib. Həmçinin, Azərbaycanın "ərazi bütövlüyünün tanınmamasının” erməni mətbuatında canfəşanlıqla bayram edilməsi tamamilə gülünc bir məsələdir. Qarşı tərəf sənədi diqqətlə oxuyarsa, aydın şəkildə əvvəlki sammitlərdə qəbul edilmiş sənədlərə istinadları birmənalı şəkildə görə bilər. 6 may tarixində Vışeqrad Qrupunun Xarici işlər nazirləri və Şərq Tərəfdaşlığı ölkələrinin Bratislava şəhərində keçirilmiş görüşündən sonra bəyanat verilib. 

Bəyanatda bir daha, hər zaman olduğu kimi Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı şəkildə tanınıb. Siz bu məlumatı Slovakiyanın Xarici İşlər Nazirliyinin internet səhifəsindən də əldə edə bilərsiniz. Sual oluna bilər. Necə olur ki, bir neçə gün öncə qəbul edilmiş sənəddə Avropa İttifaqının üzvü olan 4 dövlət - Polşa, Macarıstan, Çexiya və Slovakiya bunu açıq və konkret şəkildə bildirir?! Bir şeyi qulaqda sırğa etmək lazımdır. Azərbaycanın xarici siyasəti dövlətimizin milli maraqlarına və beynəlxalq hüququn prinsip və normalarına əsaslanır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin xarici siyasəti bu prinsipləri müəyyən edir. Kimliyindən asılı olmayaraq hər kəs üçün bu yanaşma qanundur. Xaricdə aparılan müzakirələr zamanı ölkəmizin milli maraqlarından kənar heç bir müddəa səsləndirilə, müzakirə oluna bilməz”.

Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov da deyib ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər inkişaf edir. Onun sözlərinə görə, əlaqələrin yüksəlməsi Azərbaycanın Avropa ilə daha yaxın olmağa, Aİ-yə inteqrasiya yolunun daha da qısalmasına təsir edən amildir: 

"Münasibətlərin inkişafı təkcə Azərbaycanın deyil, həm də Aİ-nin marağına cavab verən addımdır. Bildiyiniz kimi, Azərbaycanla Aİ arasında sazişin imzalanması nəzərdə tutulur ki, bu sənədin imzalanması hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb edir. Aİ Azərbaycanla yaxın olmaqda maraqlıdır. Çünki onlar Azərbaycan tərəfindən həyata keçirilən layihələrin Avropaya yönəldiyini çox yaxşı başa düşürlər”. Azərbaycanın Avropa İttifaqına üzv ölkələrlə sıx əlaqələrə malik olduğunu qeyd edən politoloq vurğulayıb ki, ölkəmiz bu ölkələrlə strateji tərəfdaşlıq edir: "Azərbaycan Avropanın iri şirkətləri ilə transmilli layihələr həyata keçirir. Bundan başqa, Azərbaycanın Cənubi Qafqazda, eləcə də dünya siyasətində rolu və yeri də Avropa İttifaqının diqqətini cəlb edən məqamlardandır”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-05-27