2019-05-16 13:09:33   |   418 dəfə oxunub

BNA rəsmisi etiraf etdi: “Sürücülərin işə qəbulu prosesində iştirak edə bilmirik”

Mais Ağayev:“Nə qədər ki, sürücü maaş deyil, plan sistemi ilə istismar olunacaq, vəziyyət bu cür davam edəcək”



Tanınmış jurnalist Azər Həsrət sosial şəbəkədə 29 saylı avtobus marşrutunun sürücüsü ilə bağlı yaşadığı problemi paylaşıb. Jurnalist xoşagəlməz hadisədən dərhal sonra qaynar xəttlə əlaqə saxladığını bildirib: "Saat 13.15-dən sonra 29 saylı avtobusa minib üzü 20 Yanvar metrosuna sarı yollandım. Dayanacağın birində sürücü maşını elə sərt tərpətdi ki, adamlar bir-birinə dəydi. Bir xanım da özünü saxlaya bilməyib ayağımı tapdaladı. Özü də nəyi var. Ayıb olmasaydı, çığırıb göyə tullanardım. Təbii ki, sürücüyə iradımı bildirdim ki, "adam aparırsan, kartof yox”. Heç vecinə də almadı. Elə bil divara deyirsən. 

Düşünürdüm ki, heç olmasa uzr istəyər, ancaq istəmədi. Mən də avtobusun içində olan qaynar xəttə dərhal zəng elədim, nəzakətlə cavab verdilər. Problemi dedim və bildirdim ki, dayanacaqda düşüb maşının nömrəsini də xəbər verəcəm. Danışığı bitirmişdim ki, sürücü üstümə çığırdı və hələ bir qayıtdı ki, "mən robot deyiləm, düş maşından” filan. Təbii, cavabını verdim və mənzil başına çatandan sonra düşüb nömrəsini yazdım. Zəng edib qaynar xəttə, tədbir görəcəklərinə söz verdilər. Gözləyirəm, görüm nə tədbir görəcəklər? Psixikasında və davranışında problem olan adamları niyə sürücü olaraq işə götürürlər?”.

A.Həsrət əlavə edib ki, o, şikayət üçün zəng edəndə arxadan birisi səslənib ki, "şikayət eləmə, işdən çıxaracaqlar, yazıqdır”. Mən də cavab verdim ki, belə adamların üzündən Azərbaycanın mədəni siması korlanır”.

Məsələ dərhal Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev də münasibət bildirib. BNA sözçüsü vurğulayıb ki, marşrut şəbəkəsində mövcud problemlərdən biri də, hətta ən mühümü sürücülərin peşəkarlığı ilə bağlıdır: "Təəssüf ki, mövcud qanunvericiliyə görə, Bakı Nəqliyyat Agentliyi sürücülərin işə qəbulu prosesində iştirak edə bilmir və sürücülərin işə qəbulu daşıyıcılar tərəfindən həyata keçirilir. 

Eyni zamanda bu gün sükan arxasında əyləşən şəxslərin sürücülük vəsiqəsi alması prosesində də BNA-nın hər hansı bir formada iştirakı yoxdur. Biz dəfələrlə sürücü probleminin mövcudluğu ilə bağlı məsələ qaldırıb müxtəlif həll yolları təklif etmişik. Artıq bu həll yollarından bəziləri icra edilməkdədir. Bildiyiniz kimi Sürücü Təlim Mərkəzi yaradılıb”.

M.Ağayev etriaf edib ki, sürücülərin bu hala gəlməsinin əsas səbəbkarı onları işə götürən şəxslərdir: 

"Nə qədər ki, sürücü maaş deyil, plan sistemi ilə istismar olunacaq, vəziyyət bu cür davam edəcək. Elə buna görə də BNA olaraq biz təcili sürətdə kart sisteminə keçid üçün çalışırıq”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-05-27