2019-05-16 13:27:42   |   247 dəfə oxunub

İstanbulda seçkinin nəticələrini cüzi səs fərqi həll edəcək

Ekspert hesab edir ki, bu dəfə Binəli Yıldırımın qalib gəlmək şansı daha böyükdür


Məlum olduğu kimi, Türkiyədə Yüksək Seçki Qurumu İstanbul bələdiyyə seçkisinin nəticələrini ləğv edib. Təkrar seçkilər iyun ayının 23-də keçiriləcək. Lakin YSK-nın etirazlara baxma prosesi hələ davam edir. Hazırda gündəmdə CHP və İYİ partiyanın "İstanbulun bütün rayonlarında seçkilər yenidən keçirilsin” tələbi var. Xatırladaq ki, CHP və İYİ Partiya mayın 8-də İstanbulun 39 rayonunda seçkilərin yenidən keçirilməsi tələbi ilə YSK-ya müraciət edib. CHP iyun ayının 23-də keçiriləcək təkrar seçkilərin də ləğvini istəyib. 

Qurum daha əvvəl olduğu kimi bu müraciətlə bağlı da səs çoxluğu ilə qərar verəcək. Təkrar seçki ərəfəsində yaşanan mühüm olaylardan biri də 4 partiyanın seçkidə namizəd irəli sürməyəcəyini açıqlaması olub. Solyönümlü siyasi təşkilatların ümumilikdə 15 mindən çox səs topladığı deyilir. Bu arada Səadət Partiyası yenidən İstanbula iddia edib. Ötən seçkidə 103 min səs alan Necdet Gökçınar yenidən namizəd kimi irəli sürülüb. Seçki gününədək bir sıra addımların da atılacağı istisna edilmir. Bəzi ekspertlərin fikrincə, 4 partiyanın seçkidən İmamoğlunun xeyrinə geri çəkilməsi nəticələrə ciddi təsir göstərə bilər.

Qardaş ölkədə cərəyan edən seçki hazırlıqlarını "Şərq”ə dəyərləndirən politoloq Əhəd Məmmədli deyib ki, 23 iyunda İstanbul bələdiyyəsi uğrunda əsas mübarizə "Cümhur" və "Millət" ittifaqlarının namizədləri arasında gedəcək: 

"Namizədliklərini götürən kiçik partiyalar ya Binali Yıldırıma, ya da Əkrəm İmamoğluna dəstək verəcəklər. Ola bilsin, geri çəkilən namizədlərin çoxu müxalif İmamoğlunu dəstəkləsinlər. 

Eyni zamanda Səadət Partiyası bir faiz səs yığsa belə, bu səs AKP-dən gedəcək. Bütün bu nüanslar İstanbul seçkiləri üçün çox önəmlidir. Çünki seçkinin nəticəsini cüzi səs fərqi həll edəcək. Hər şeyə rəğmən düşünürəm ki, təkrar seçkidə "Cümhur İttifaqı”nın namizədi Binəli Yıldırım qalib gələcək”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-05-27