2019-05-16 18:16:58   |   355 dəfə oxunub

“Paşinyan höküməti də Rusiyadan boyun qaçıra bilmədi” - ŞƏRH

"Nikol Paşinyan artıq birmənalı olaraq rusyönümlü siyasətçidir. Vaşinqton isə Ermənistan hökumətinin balansı qoruya biləcəyinə ümid edirdi. Lakin, bunu edə bilmədilər"



"Paşinyana "Qərbin adamı” kimi baxmaq doğru deyil”.

Bunu "Sherg.az”a açıqlamasında politoloq Rusif Məmmədsoy deyib.

Ekspert bildirib ki, Nikol Paşinyan hakimiyyətə gələrkən islahatçı imici formalaşdıra bilmişdi. Qərblə münasibətlərin normal olacağını, tez vaxtda inteqrasiya edəcəklərini vəd etmişdi. Lakin görünən odur ki, Ermənistanın yeni höküməti də Rusiyadan boyun qaçıra bilmədi:

 "Bu mənada Nikol Paşinyan artıq birmənalı olaraq rusyönümlü siyasətçidir. ABŞ-la münasibətlərə gəldikdə isə Vaşinqton Ermənistan hökumətinin balansı qoruya biləcəyinə ümid edirdi. Lakin, bunu edə bilmədilər. Belə olduğu halda rusyönlü siyasətçi Paşinyana ABŞ-ın hər hansı dəstək göstərməməsi normal qəbul edilməlidir. Bir il öncəki hadisəni xatırladım. 

Amerikanın İrəvandakı son səfiri "Ermənistan Dağlıq Qarabağ məsələsinin həllini istəyirsə, işğal etdiyi ərazilərdən geri çəkilməlidir” ifadəsini işlətmişdi. Bu söz ölkədə birmənalı qarşılanmamışdı”.

Analitikin sözlərinə görə, ABŞ Qarabağ məsələsində birmənalı olaraq Azərbaycana üstünlük verir. Azərbaycanla strateji tərəfdaşlıq edir, iqtisadi layihələrdə qarant rolunu oynayır: 

"Ancaq Vaşinqtonun İrəvana dəstək verməməsi Dağlıq Qarabağ probleminin nizamlanmasına təsir göstərə bilməz. Bu, inandırıcı deyil. 

İstənilən halda Dağlıq Qarabağ məsələsinin sülhlə həllinə artıq inam yoxdur. Çünki münaqişənin həlli sadəcə Paşinyanın iradəsindən asılı hal deyil. Separatçı qüvvələr də erməni baş naziri təzyiq altında saxlayır. Erməni lobbisi də öz işini görür. Diaspora hər vəchlə çalışır ki, həm maddi dəstək göstərsin, həm də ABŞ-la əlaqələri qaydasına salsın. Xatırladım ki, Vaşinqtonla Ermənistanın münasibətlərində problemlərdən biri də Suriyaya yardımın göndərilməsi ilə bağlı idi. Ağ Ev sual edirdi ki, "mənimlə əks cəbhədə olan Rusiya ilə yanaşı hərəkət edirsənsə, sənə niyə yardım etməliyəm?” İstənilən halda Vaşinqton Ermənistanı Rusiyanın təsirindən çıxarmaqda maraqlıdır”.

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan ABŞ hökuməti ilə münasibətlərdə yaranmış problemi aradan qaldırmaq üçün Vaşinqtonda nümayəndə heyəti göndərməyi planlaşdırır. Bu barədə Ermənistanda nəşr olunan "Hraparak” qəzeti məlumat yayıb. Nəşr qeyd edib ki, Paşinyan təhlükəsizlik şurasının rəhbəri Armen Qriqoryanı Vaşinqtona göndərməyə hazırlaşır: "Qriqoryan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin və Milli Təhlükəsizlik Şurasının rəsmiləri ilə görüşməlidir”. Qəzet Paşinyanın Amerikanın Ermənistandakı səfiri Linn Treysi ilə görüşünün də uğursuz olduğunu və baş nazirin amerikalı diplomatla dil tapa bilmədiyinə diqqət çəkib.

İsmayıl





SON XƏBƏRLƏR

2019-05-23
2019-05-22