2019-05-16 18:44:54   |   833 dəfə oxunub

Tibb Universitetinin tələbələrindən rəzillik: “...Professoru fitə basırdılar” – Tənqidçi rektora səsləndi

Əsəd Cahangir: “Halbuki həmin xanım olduqca savadlı və yüksək səviyyəli çıxışlar edirdi. Tələbələrin belə tərbiyəsizliyi məni dəhşətə gətirdi. Belə bir mənzərə ilə rastlaşacağımı gözləmirdim”

“Bu səviyyədə auditoriyanın qabağına çıxıb orada şeir oxumaq şairə, yazıçıya lazımdırmı? !”



"Çox istəyərdim ki, Tibb Universitetinin rəhbərliyi bu məsələdən xəbərdar olsun və gələcəkdə belə biabırçı hadisə bir də təkrarlanmasın”





Son zamanlar şair və yazıçılarımızın şagird və tələbələrlə görüşü əvvəlki dövrlərlə müqayisədə intensiv deyil. Şairlərin mütəmadi olaraq şagirdlərin görüşünə gəlməsi, dərslərdə iştirak etməsi ənənəsi, sanki, sıradan çıxıb. Zaman keçdikcə belə təşəbbüslərin sayı azalmağa başladı və artıq bu sayaq görüşlərə çox nadir hallarda rast gəlinir.

Buna baxmayaraq, şairlərimizin orta məktəblərə dönüşü və gələcək nəslin ziyalılarımızla ünsiyyətdə olması vacibdir.

Bəs, səbəb nədir? Şairlərmi bu görüşə maraq göstərmirlər, yoxsa ali və orta məktəblər bu işdə maraqlı deyil ?

Sualımızı cavablandıran tanınmış ədəbi tənqidçi Əsəd Cahangir "Sherg.az”a deyib ki, şairlərimizin orta və ali məktəblərə dönüşü fərdi qaydada həyata keçirilmir.

Onun sözlərinə görə, görüşlər Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşəbbüsü ilə olmalıdır:

"Sovet vaxtı orta məktəblərə dəvət olunan şair və yazıçılara zəhmət haqqı ödənilirdi. Düşünürəm ki, indi də bu ənənəni bərpa etmək olar. Çünki, şairlərimizin maddi durumu çox aşağıdır. Onların bir çoxu heç yerdə işləmir. Azərbaycanda əhalinın sayı azdır və oxucu kontingenti yüksək deyil. Kitablar alınmır, alınsa da şairin və yazıçının güzəranını təmin edəcək məbləğdə deyil. Müxtəlif vasitələrdən istifadə edərək onların maddi problemlərinin heç olmasa bir hissəsini həll etmək olar. 

Bunlardan biri, mükafatların və təqaüdlərin verilməsidir. Həmçinin televiziyaya dəvət almış və məktəblərə görüşə getmiş şairlərə müəyyən zəhmət haqqı ödənilməlidir. Vəsaitlər isə AYB-nin rəhbərliyi tərəfindən təşkil olunmalıdır. Sovet vaxtında bununla bağlı çox gözəl ənənələr var idi. Həmin ənənələri unutmuşuq. Sanki, çirkli su ilə bir yerdə vannadakı uşağı da atmışıq”.

Ə.Cahangir bildirib ki, şairlərimiz indi də bölgə və paytaxtdakı məktəblərə gedirlər:

"Neçə dəfə belə görüşlərin iştirakçısı olmuşam. Təəssüf ki, bəzən bu görüşlərin səviyyəsi o qədər də yüksək olmur. Xüsusilə, ali məktəblərdəki gənclərin mədəni səviyyəsi yaxşı deyil. Bu yaxınlarda Nəsiminin 650 illik yubileyi ilə bağlı Tibb Universitetində oldum. Dəvət olunmuş qonaqlar tələbələrin gəlib zalda öz yerini tutması üçün yarım saat gözlədi. Bu etikadan kənar davranış idi. 80 yaşını adlamış elmlər doktoru, Nəsimişünas professor xanım çıxış elədi. 

Kaş görərdiz ki, oradakı tələbə oğlanlar necə qışqırır, ayaqlarını yerə döyür və təhqiramiz ifadə işlədərək zalı fitə basırdılar. Halbuki həmin xanım olduqca savadlı və yüksək səviyyəli çıxışlar edirdi. Tələbələrin belə tərbiyəsizliyi məni dəhşətə gətirdi. 

Belə bir mənzərə ilə rastlaşacağımı gözləmirdim. Bu səviyyədə auditoriyanın qabağına çıxıb orada şeir oxumaq şairə, yazıçıya lazımdırmı? Həmin tələbələr gələcəkdə yaxşı həkim ola bilərlər, amma heç vaxt yaxşı insan olmayacaqlar. Çox istəyərdim ki, Tibb Universitetinin rəhbərliyi bu məsələdən xəbərdar olsun və gələcəkdə belə biabırçı hadisə bir də təkrarlanmasın”.

Tənqidçinin fikrincə, şairlərlə orta və ali məktəblərdə görüş zamanı müəssisənin rəhbərliyi də bilavasitə bu görüşlərdə iştirak etməlidir:

"Bu zaman tələbələr həmin görüşlərə ciddi yanaşacaqlar. Əsas o deyil ki, şair və yazıçılarımız məktəblərə gedib şeir oxuyub görüş keçirəcəkmi? Əsas odur ki, ali məktəblərdə həmin şairin görüşünə getməyə auditoriya varmı? Problem ikitərəflidir, yəni şairlə oxucunun görüşüdür. Onların hər ikisinin təbiəti bir-birinə uyğun olmalıdır”.

Yeganə Bayramova





SON XƏBƏRLƏR

2019-05-23
2019-05-22