2019-05-16 19:39:41   |   278 dəfə oxunub

“İftar süfrələrini sosial şəbəkələrdə paylaşmaq kimə lazımdır ? !” – İlahiyyatçı buna etiraz edir



Ramazanda iftar süfrələrinin açılması nə qədər xoş təsir bağışlayırsa, belə məclislərdə çəkilən fotoların sosial şəbəkələrdə paylaşılması bir o qədər təəssüf doğurur. İftar süfrəsi təşkil etmək xoş niyyətdən xəbər verir. Bəs iftar süfrəsinin, süfrədəki nemətlərin reklam olunması nəyin təzahürüdür? Axı bu cür təmtəraqlı süfrə arxasında əyləşə bilməyənlər, Allahın verdiyi ruzi nəysə ona şükr edib iftarını açanlar da var. Yeyilən təamların nümayiş olunması ilə bağlı dini hökm nədən ibarətdir?

İlahiyyatçı Hacı Atif İsmayılov «Sherg.az»a açıqlamasında cəmiyyətdəki müsbət yönlü sosiallaşmanın bəzən ifrata vardığını bildirdi:

- Allah tutulan bütün orucları qəbul etsin. Ramazan həm də nəfsin tərbiyəsidir və bu özünü bütün müstəvilərdə göstərsə yaxşıdır, eləcə də iftar süfrələri baxımından. Bəzən görürük ki, iftar süfrələri həddindən artıq təmtəraqlı təşkil olunur, süfrəyə düzülən nemətlərin çoxu əl dəyilməmiş qalır, israfçılığa yol verilir. İslam dini israfçılığı qəti qəbul etmir və israfçılıq bəyənilməyən bir əməldir. Ramazanın əsas cəhətlərindən biri də yardımlaşmaq, paylaşmaq, yoxsula, fəqirə əl tutmaqdır. 

Əgər iftar süfrələri fəqirlər, yoxsullar, ehtiyaclı müsəlmanlar üçün təşkil olunursa, əlbəttə, bəyəniləndir. Amma əgər iftar süfrələri şan-şöhrət, reklam olunmaq xatirinə təşkil edilirsə və iftara da varlı, gündəlik ehtiyaclarından qat-qat artıq maddi imkana sahib olanlar dəvət edilirsə, əlbəttə, bu islam dini baxımından bəyənilməyən əməldir. İftar süfrələrinin şəklini çəkib sosial şəbəkələrdə paylaşmaq da müsəlmana yaraşmayan hərəkətdir. 

Əgər iftar süfrələri cəmiyyəti səmimiliyə, mehribanlığa, yardımlaşmağa təşviq məqsədilə edilirsə, müsbətdir. Lakin yenə də bu məclislərə ehtiyaclı insanlar dəvət edilməlidir. Mənə də bəzən belə fotolar göndərirlər. Baxırsan ki, çəkiliş kənardan, masaya yaxınlaşmadan çəkilib. Bu kimə lazımdır, nəyə xidmət edir? İmanlı insanın başlıca əlaməti təvazökarlıq olmalıdır. İftar süfrələrinin fotolarının paylaşılması isə təvazökarlıqdan kənar hərəkətdir. Müsəlman bacı və qardaşlarımız bu vacib məqamlara diqqət etməlidir.

Məlahət





SON XƏBƏRLƏR

2019-05-27