2019-05-17 16:11:18   |   400 dəfə oxunub

Gənc şair ŞÜKÜR ƏLİnin şeirləri...

"Sherg.az" Gənc Ədiblər Məktəbinin Üzvü, Sumqayıt Dövlət Universitetinin tələbəsi gənc şair Şükür Əlinin şeirlərini təqdim edir.

Hardasa

Hardasa bir qadın şeir oxuyur
Darıxır gecəni bir adam indi.
Sən isə oxucu kədərlənirsən,
Amma illər ötüb aradan indi.

Bir qoca ömrünün son çağındadı,
Bir uşaq sevinib ,gülüb oynayır.
Bu uşaq ömrünün günəşin çəkir,
O qoca günəşi görüb oyanır.

Hardasa təbriklər deyilir bir-bir,
Arzular adama elə xoş gəlir.
Hardasa bir adam köçür evindən,
Ümid həmin evə əliboş gəlir.

Əllər aralanır, yollar ayrılır,
Hamı bir-birinə tərs düşür indi.
Bir adam toxluqdan əziyyət çəkir,
Bir adam acından büzüşür indi.

Bir ata evinin yolunu azır,
Bir ata evinə yol çəkir indi.
Bir uşaq ilk dəfə məktəbə gedir,
Sevinə sevinə yol çəkir indi.
Bir uşaq güllədən qaçıb gizlənir,
Bir əsgər tətiklə oyun oynayır.
Bir körpə ilk dəfə gülmək öyrənir ,
Bir ana beşiklə oyun oynayır.

Bir məhbus divara quş şəkli çəkir,
Bir sakin qəfəsdə öldürür quşun.
Bir quş göy üzünün azadlığıydı,
Ovçu son nəfəsdə öldürür quşu.

Bir qadın kütlənin tərəfin tutur,
Kütlə daşa tutur, sözünü kəsir,
Kütlə özü özün məhbus eləyir,
Kütlə öz özünün səsini kəsir.

Sonra azadlıqdan danışır heykəl,
Kütlə əl qaldırıb ,alqış eləyir.
Quşu qəfəsində öldürən sakin,
İnsan haqlarından çıxış eləyir.

*
Bir qadın da yoxdu ki ,
Divarlardan təmizləsin səni.
Hörümçək torlarından asılı qalan baxışlarını,
Birdə qapı dəstəyi əllərini.

Doldursun- boş şəkil çərçivələrini,
Bu cızma qara adamı rəngləsin.

Bir qadın da yoxdu ki ,
Pəncərəmdə gül açsın.
Məndən öz küçəsinə,
Uzanan bir yol açsın.

Bir qadın da yoxdu ki ,
Tam otursun əynimə.

Bir qadın da yoxdu ki...
Yoxdu ki...


*
Buludların üstündə yenə yatmışdı günəş,
Gecəni birazca da parıldatdı yağışlar.
İşdən çıxıb darıxmağa tələsirdi adamlar,
Çoxalırdı yolların üstündəki qırışlar.

Küçələr qərq olurdu payızın sükutuna,
Skamyalar doluydu içki şüşələriylə.
Bir adam həkk olurdu payızın yaddaşına,
Bir qadın boğulurdu gecənin əlləriylə.

Ayrı-ayrı küçələrdə darıxırdı adamlar,
Eyni payızın altında ,eyni yağış altında.
Bütün sevgi sözlərini aparmışdı küləklər,
Qollarımız getmişdi quşların qanadında.

Sən isə addım-addım məndən uzaqlaşırdın,
Böyüyürdü durmadan aradakı məsafə.
Bu dəfə başqa idi ,sanki qaranlıq kimi,
Böyüyürdü durmadan yoxluğunda bu dəfə.

Eləcə darıxırdım, hərə bir yana getdi,
Dağ dağı qucağladı ,ağaclar evə qaçdı.
Hər şey üst-üstə düşdü, elə sənin arxanca?
Ən yaxın dostlarım da , düşdü girəvə qaçdı.

Ölüm də darıxırdı qucaqlaşıb oturduq,
Gah o adam olurdu ,gah da ki, mən ölürdüm.
Şəklindən hədəf qurub, daş atırdım şəklinə,
Gah sənə bölünürdüm ,gah da səni bölürdüm.

Musiqilər qoşurdum ,payız nəğməsi kimi,
İçimi göynədirdi ,Elə hey oxuyurdu.
Tənhalığın tüstüsü ciyərimə sinirdi,
Nəfəsimlə Payızın rəngini toxuyurdum.


Sonuncu Nəsil

Uşağ olmaq istəyərdim,
Xoşbəxt olmağ üçün.
Xoşbəxtlikdən ağlayardım doyunca
Lap uşaq kimi-heç kəsin başa düşmədiyi dildə.

Tanrının bizə öyrətdiyi yeganə dil idi
xoşbəxtlik -ana dilimiz.
İçimizdən biri uşağ qalıb
Onu qorumalıydı.


*
Kimsə üfürür boşluğu,
Doldurur kürə səklini.
Sonra insan bədəni,
Verir yerə şəklini.

Çəkir göynəyən göy üzünü ,
Sonra yalvaran insan əllərini.
Çəkir güzgünü,
Sonra üz cizgilərini,
Və vicdan əzabını.

Çəkir günəşi,
Yarpağ-yarpağ tökülür günəş
Ağacların üstünə.
Çəkir buludu,
Su damcıları rənglərlə rəqs edir
-budur payız tablosu.

Gecəyə çəkir darıxmağı,
Küçəyə çəkir tənhalığı.

Bir qadın şəkli çəkir,
Ovucumlarıma.

Yolları
Bu qadının ayaqlarına,
Uzaqları gözlərinə çəkir.

Ölüm qaşla-göz arasındadır.
Vurulur sonuncu fırça zərbələri.
Qaşla göz arasına.


*
Bütün suallarımın,
Cavabı heçə çıxdı.
Süd qalaktikasında,
Dünya dar küçə cixdi.

Zaman zamansız gedirdi,
Tutammadıq nəbzini.
Yaşam baha başa gəldi,
Al ölümdən qəbzini.

Gördüklərim illüziyadı-
Kirpiyimin altından,
gözlərim pərdə çəkdi.
Ən parlaq rəng məniydim,
Özümü dərdə çəkdim.


*
Mənəm, ən pis adam mənəm,
Əllərim çirkaba batıb.
Dünyanın dərdin çəkirəm,
Gözlərim əzaba batıb.

İçimdəki bağırtının,
Səsini kəsə bilmirəm.
Özümü daşa tuturam,
Amma ki, küsə bilmirəm

Qaçıram səndən uzağa ,
Qaçıram sənə gəlirəm.
İçirəm unutmaq üçün,
İçirəm sənə gəlirəm.

Məndən xoş söz eşitməyə,
Qulaqlarını yorma heç.
Həqiqətdən qaçmaq üçün ,
Ayaglarını yorma heç.

Bizə görədir bu kəndir ,
Yuxarı qaldırır bizi.
Saatı düz qurmamışıq,
Tanrı oyandırır bizi.


Narkoloji Dispanser

Bu gecə göy üzünə baxdım,
Saydım ulduzları sonsuza qədər -
30 ulduz kəm çıxdı.

Bu gecə yuxumda yandı otağım,
Ayıldım yuxumdan,
Yuxum çin çıxdı:

Yumdu ovucunu:
-cənnət , cəhənnəm?
Açdı ovucunu cəhənnəm çıxdı..




SON XƏBƏRLƏR

2019-06-20
2019-06-19