2019-05-18 15:42:10   |   451 dəfə oxunub

““Doing Business-2019” hesabatı ölkəmizdə aparılan islahatlara verilən yüksək qiymətdir”



Xəbər verdiyimiz kimi, Azərbaycan Dünya Bankının "Doing Business" reytinqində mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Bir müddət öncə "Doing Business-2019" reytinqində ölkəmizin 190 ölkə arasında 25-ci yerdə qərarlaşmasına dair adıçəkilən təşkilat hesabat yaydı. Hesabatda vurğulanır ki, Azərbaycan iqtisadiyyatı nəzərəçarpacaq dərəcədə yaxşılaşan ölkələr sırasına daxil olub. Bundan başqa sənəddə qeyd olunur ki, Azərbaycan 2017-2018-ci illərdə biznesin həyata keçirilməsi prosesinin sadələşdirilməsinə yönəlmiş rekord sayda islahatlar keçirib:

"Bu islahatlardan bəziləri institusional dəyişiklikləri ehtiva edir. Azərbaycan tikinti icazəsinin verilməsi üçün "bir pəncərə” sistemini yaradıb ki, bunun sayəsində icazənin alınma müddəti 80 günədək azalıb. Bundan başqa, ilk kredit bürosu yaradılmaqla kreditlərin alınması sadələşdirilib”.

Həmçinin hesabatda diqqətə çatdırılır ki, Azərbaycanda "ASAN Kommunal” mərkəzləri sayəsində elektrik şəbəkələrinə qoşulma prosesi asanlaşdırılıb. Qeyd edək ki, "Doing Business-2018" reytinqində Azərbaycan 57-ci yerdə qərarlaşmışdı.

Hesabatı dəyərləndirən millət vəkili Tahir Mirkişili "Sherg.az"a deyib ki, Dünya Bankının "Doing Business-2019” hesabatı Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların ölkəmizdə sahibkarlıq mühitini getdikcə daha əlverişli etdiyini göstərir:

"İqtisadiyyat sağlam özəl sektor olmadan inkişaf edə bilməz. Özəl sektor inkişaf etdikcə yeni iş yerləri yaranır, ölkə daxilində xərclənən və investisiya qoyula biləcək gəlir yaranır. İqtisadi cəhətdən inkişafa diqqət yetirən hər bir ölkə kiçik və orta sahibkarlıq subyektlərinin inkişafına təsir edə biləcək qanunların qəbul olunmasına və tənzimləmələrin tətbiqinə xüsusi diqqət yetirir. Səmərəli biznes tənzimləmələri mikro və kiçik sahibkarlara böyümək, innovativ fəaliyyət göstərmək və qeyri-qanuni fəaliyyətdən qanuni fəaliyyətə keçmək üçün imkan və stimul yaradır. Qanuni fəaliyyətlə məşğul olmaq asanlaşdıqca qeyri-qanuni fəaliyyət göstərmək çətinləşir və ya əksinə".

Deputat vurğulayıb ki, Dünya Bankının dərc etdiyi "Doing Business-2019” hesabatı 190 ölkədə sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı olan qanunvericilik aktlarını və onların tətbiq olunmasını obyektiv olaraq qiymətləndiməyə imkan verir:

"Hesabat 11 indikator üzrə ölkələri təhlil etsə də, reytinq cədvəlində 10 indikatorun (əmək bazarının tənzimlənməsi indikatoru istisna olmaqla) göstəricilərindən istifadə olunur.
"Doing Business-2018” hesabatında 57-ci yerdə qərarlaşan Azərbaycan "Doing Business-2019” hesabatında 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşdı. Qeyd etmək lazımdı ki, Azərbaycan hesabat indikatorları üzrə göstəricilərini ən çox yaxşılaşdıran 10 ölkədən biri olub. Bu TOP-10 ölkələr əsasən biznesə başlamaq, kredit əldə etmək və vergi ödəmək sahələrində 62 islahat həyata keçirib. Bundan əlavə, Azərbaycan hesabatın 10 indikatorundan 8-də islahatlar həyata keçirərək öz mövqelərini yaxşılaşdırıb və islahatların sayına görə dünyada 1-ci olub".

Parlament diqqətə çatdırıb ki, Bakı Şəhər İcra Hakimiyyətində tikintiyə icazələrin "bir pəncərə” prinsipi ilə verilməsi, elektrik şəbəkəsinə qoşulmaları azaldan "ASAN kommunal” mərkəzlərinin açılması, yeni kredit bürosunun yaradılması kimi tədbirlər ölkəmizin hesabatda mövqelərini xeyli yaxşılaşdırıb:

"Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi və institusional islahatlar ölkəmizdə sahibkarlıq mühitini getdikcə daha əlverişli etməkdədir. Dünya Bankının apardığı təhlillərin nəticələri bunu bir daha göstərir. İslahatların dərinləşməsı və əhatəliliyinin artması ölkəmizdə biznes mühitini daha da inkişaf etdirməklə əhalinin rifah halının daha da yaxşılaşmasına imkan yaradacaq".

Konstitutsiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev "Sherg.az”a söyləyib ki, Azərbaycanın adının Dünya Bankının dərc etdiyi "Doing Business 2019” hesabatında yer alması çox mühüm inkişafdan xəbər verir:

"Bu hesabat 190 ölkədə sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı olan qanunverici aktların və onların tətbiq olunmasını obyektiv olaraq qiymətləndiməyə imkan verir. "Doing Business 2018” hesabatında 57-ci yerdə qərarlaşan Azərbaycan "Doing Business 2019” hesabatında 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşıb. Bu rəqəm kifayət qədər yüksəkdir. Həmçinin də ölkəmiz ən çox islahat aparan ölkə kimi ilk onluğa daxil olub. Hesabat 11 indikator üzrə ölkələri təhlil etsə də, reytinq cədvəlində 10 indikatorun göstəricilərindən istifadə olunur. "Doing Business 2019" hesabatında Azərbaycanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlərin yüksək şəkildə qiymətləndirilməsi bir daha belə deməyə əsas verir ki, öz reytinq və nüfuzuna görə ölkəmiz bir sıra aparıcı dövlətləri geridə qoyur və bununla öz iqtisadi qüdrətini sübut edir. Azərbaycanın mövqeyinin dünyanın ən mötəbər reytinqlərində irəliləməsi bilavasitə Prezident İlham Əliyev tərəfindən aparılan kompleks iqtisadi islahatlar siyasətinə beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək qiymətdir. Ölkə başçısının rəhbərliyi ilə aparılan iqtisadi və institutsional islahatlar ölkəmizdə sahibkarlıq mühitini getdikcə daha əlverişli etməkdədir”.

Fond Prezidenti hesab edir ki, Azərbaycanın hesabat indikatorları üzrə göstəricilərini ən çox yaxşılaşdıran dünyanın 10 ölkəsindən biri seçilməsinin bir çox əhəmiyyəti var. Ən başlıcası isə iqtisadi baxımdan ölkənin cəlbediciliyini artıracaq:

"Xarici sərmayələrin ölkəyə daxil olması imkanlarını genişləndirəcək və bütövlükdə investisiya qoyuluşuna müsbət təsir göstərəcək. Bu isə öz növbəsində ölkədə iqtisadi yüksəlişin daha da sürətlənməsinə gətirib çıxaracaq. Azərbaycanın 10 islahatçı ölkədən biri seçilməsi ölkəmizdə bu istiqamətdə mühüm siyasi iradənin ortada olmasını və onun davamlılığını göstərir.

Fikrimcə, Azərbaycanın bu cür beynəlxalq hesabatlarda ön sıralarda qərarlaşması qeyri neft sektorunun inkişafını da stimullaşdıracaqdır. Bilirsiniz ki, bu sahənin inkişafı dövlət idarəçiliyinin əsas prioritetlərindən biridir. Sözsüz ki, yeni kredit bürosunun yaradılması kimi tədbirlər ölkəmizin hesabatda mövqelərini xeyli yaxşılaşdırıb.

Bu günlərdə məşğulluqla bağlı yeni strategiya qəbul olunub. İmzalanan digər sənədlərin, "Strateji Yol Xəritəsi” nin uğurla davam etdirilməsinin reallaşdırılması istiqamətində də real addımlar atılmaqdadır. Bu da ölkə başçısının dayanıqlı inkişafla bağlı qərarlı olduğunun göstəricisidir. "ASAN” Xidmət Mərkəzlərinin yaradılması və 25 milyondan artıq vətəndaşın bu xidmətlərdən istifadə etməsi də ölkədə həyata keçirilən ishalatların bir isbatıdır.

Vətəndaş və müştəri məmnunluğnun artması həyata keçirilən islahatların uğurla başa çatması təzahürüdür. Sevindirici haldır ki, Azərbaycanın bu uğurları Dünya Bankı kimi mötəbər bir qurum tərəfindən obyektiv qiymətləndirilir. İslahatların dərinləşməsı və əhatəliliyinin artması ölkəmizdə biznes mühitini daha da inkişaf etdirməklə, əhalini rifah halının daha da yaxşılaşmasına imkan yaradacaq”.

Ayyət Əhməd





SON XƏBƏRLƏR

2019-06-15