2019-05-19 09:16:58   |   152 dəfə oxunub

Bu gün Gürcüstanda seçkidir - 15 namizəd Marneuli meri olmaq istəyir


Azərbaycanlıların çoxluq təşkil etdiyi Marneulidə keçirilən növbədənkənar mer seçkilərində 15 namizəd iştirak edir. ONA-nən Gürcüstan bürosunun məlumatına görə, həmin namizədlərdən 14-ü müxtəlif siyasi partiyaların nümayəndəsi, 1-i isə müstəqil namizəddir.

Namizədlərdən 4-ü azərbaycanlıdır. Bunlar Avropalı Gürcüstan partiyasından Əhməd İmamquliyev, Vahid Milli Hərəkat - Birləşmiş Müxalifət partiyasından Aqil Mustafayev, Gürcü Arzusu pariyasından Zaur Darğallı və müstəqil namizəd Əli Bədirlidir.

Seçki öncəsi sorğulara əsasən ən yüksək reytinq Azərbaycanlı namizədlərə məxsusdur.
Namizədlərin seçki platformaları isə demək olar ki, üst-üstə düşür. Verilən vədlər əsasən kəndlərdə infrastrukturun yaxşılaşdırılması, su təchizatında yaranan problemlərin aradan qaldırılması istiqamətindədir. 90 seçki məntəqəsində keçirilən bu dəfəki seçkilərdə rayon üzrə ümumilikdə 99 717 nəfər səsvermə hüququndan istifadə edə biləcək. Mərkəzi Seçki komissiyası bu dəfəki seçkilər üçün 370 300 bülleten çap edib. Səsvermə bülletenləri azərbaycanlıların çoxluq təşkil etdiyi rayonlarda gürcü dili ilə yanaşı həm də Azərbaycan dilində seçicilərə təqdim olunacaq.

Seçkilərdə ölkə üzrə ümumilikdə 49 yerli təşkilatdan 6139 və 7 beynəlxalq təşkilatdan 47 müşahidəçi qeydiyyatdan keçib. Eləcə də, 45 media qurumundan 1917 media nümayəndəsinin akkreditasiya olunduğu bildirilir. Səsvermə axşam saat 20:00-da başa çatacaq

Qeyd edək ki, bu gün yerli vaxtla 08.00-da ürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli, o cümlədən Zestafoni, Xulo, Çiatura və Zuqdidinin meri postuna seçkilər başlayıb.

Saqareco, Ahmeta, Adigeni, Tkibuli, Zestafoni, Çiatura, Ozurqeti və Tsxaltuboda bələdiyyə Məclisinin üzvləri də seçiləcək.

Bələdiyyə seçkilərində Zuqdidi şəhər meri postuna seçkilər maraqla izlənir. Çünki bu kiçik şəhərdə mer postu uğrunda sabiq prezident Mixael Saakaşvilinin həyat yoldaşı Sandro Rulovs hakim partiyanın namizədi Georgi Şenqeliya ilə mübarizə aparacaq.

Paralel olaraq Salome Zurabişvilinin prezident seçilməsi ilə əlaqədar Tbilisidə Mtatsmind majoritar dairəsində aralıq parlament seçkiləri keçirilir.




SON XƏBƏRLƏR

2019-06-25