2019-05-20 17:13:54   |   371 dəfə oxunub

Partiya funksioneri: "Onların casusluq fəaliyyəti açıq şəkildə görünürdü"

"Anti-milli ünsürlər xarici ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə bir dəfə də olsun ermənilərin, Ermənistan dövlətinin əleyhinə çıxış etməyiblər"





"Əli Kərimli söyüş söyənlərin geri çəkilməsini istəmir”. Bunu "Sherg.az”a açıqlamasında BAXCP sədrinin müavini, QHT rəhbəri Niyaməddin Orduxanlı deyib.

Partiya funksioneri bildirib ki, Avropada özlərini "siyasi mühacir” kimi təqdim edərək Azərbaycan dövlətinə qarşı ermənilərdən də betər düşmənçilik mövqeyi sərgiləyən ələ alınmış şəxslər ritorikalarını dəyişməyə başlayıblar: 

"Bunlar indi başa düşürlər ki, söyüş ritorikası nəticə vermir. Bu adamları Avropada olan güclü erməni diasporası və Azərbaycan dövlətinə qarşı təzyiq yolunu seçən bəlli güc mərkəzləri idarə edirdi. Onların casusluq fəaliyyəti açıq şəkildə görünürdü. İndi bəzilərinin geri çəkilməsi və ya bunun heç bir effektinin olmadığını başa düşüməsi Əli Kərimli və Sevinc Osmanqızı kimilərinin ciddi narahatlığına gətirib çıxardır. Çünki bu adamlar da maraqlı idilər ki, ələ alınmış şəxslər daha çox söyüş söysünlər və dövlətimizin əleyihinə daha kəskin çıxışlar etsinlər. Brüsseldə Orduxanın keçirdiyi "tədbirdə” cəmi 3 nəfər iştirak edirdi. Onun biri də sifətini gizlədirdi. Çoxları başa düşür ki, səhv yolda olublar və onların apardığı "mübarizə" Azərbaycan cəmiyyəti tərəfindən qəbul edilmir. Əli Kərimli və S.Osmanqızı həmin adamları qorxudurlar ki, susmalısınız və daha çox söyüş söyməlisiniz, izləyicilərin sayını artırmalısınız”.

QHT sədri vurğulayıb ki, Orduxanın Brüsseldə sərgilədiyi hərəkətlər birbaşa Azərbaycan xalqının və dövlətinin xarici ölkələrdə "qara obrazı”nın cızılmasına xidmət edir: 

"Ancaq xalqımız yaxşı başa düşür ki, əslində, Orduxan və onun kimi tiplər Azərbaycan əleyhinə fəaliyyət göstərən bir sıra qrupların, güc mərkəzlərinin casus şəbəkəsinin üzvləridir. Yəni o qruplar məqsədli şəkildə Azərbaycan dövlətinin nüfuzunun korlanmasında, mühüm beynəlxalq tədbirlərin keçirildiyi binaların qarşısında, Azərbaycan rəsmilərinin iştirak etdiyi tədbirlərdə bu tipli adamlardan ölkəmizin əleyhinə istifadə edirlər. Bilirsiniz ki, Orduxan özü Hollandiyada yaşadığını və bu ölkənin vətəndaşı olduğunu bildirir. Amma Brüsseldə Azərbaycanın Avropa İttifaqı ilə Assosiativ saziş imzalaması ərəfəsində Orduxanın peyda olması, Azərbaycan dövləti əleyhinə mədəniyyətsiz, əxlaqdan kənar hərəkət etməsi nifrətlə qarşılanır. Onun küçə uşağı kimi hərəkətləri tərbiyəsi olmayan şəxslərə yaraşan hərəkətdir. Orduxanın tərbiyəsi də imkan vermir ki, o özünü sivil qaydada aparsın”.

N.Orduxanlı vurğulayıb ki, anti-milli ünsürlər xarici ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə bir dəfə də olsun ermənilərin, Ermənistan dövlətinin əleyhinə çıxış etməyiblər: 

"Orduxan görün nə qədər satılmış bir ünsürdür ki, yüzlərlə ölkənin başçısının təmsil olunduğu bir tədbirdə öz xalqının, dövlətinin, dövlət atributlarının əleyhinə danışır, onları təhqir edir. O, Azərbaycanın təəssübünü çəkən olsaydı, orada Paşinyandan uzun illərdir işğal altında saxladıqları torpaqlarımızın geri qaytarılmasını tələb edərdi. Amma erməni dəyirmanına su tökərək öz dövlətimizi hədəfə götürdü. Bu da təsadüfi deyil. O, aldığı təlimatlara əsasən bu cür hərəkətlərə yol verir. Orduxan erməni lobbisinin və Azərbaycanı istəməyən digər qüvvələrin tapşırığı və maliyyəsi hesabına ölkəmizə, xalqımıza qarşı nalayiq hərəkətlər etdi. Bununla Azərbaycan xalqının və dövlətinin mənfi imicini yaratmağa nail olmaq istədi, lakin bacarmadı. Çünki onun bu hərəkətlərinin mahiyyətinin nə olduğunu hər kəs bilir və hamı da ona nifrət edir”.

İsmayıl




SON XƏBƏRLƏR

2019-06-25