2019-05-20 17:34:19   |   304 dəfə oxunub

Nəsimi rayon sakinləri yaşadıqları binanın sökülməsini istəmirlər: "Qəzalı olmadığı halda, evimizi niyə dağıdırlar?"


Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizəyov küçəsi 158 ünvanında 5 saylı MTK-ya məxsus binanın sakinləri hüquqlarının pozulmasından və məmur özbaşınalığından şikayətçidir. Sakinlər yaşadıqları binanın sökülməsi haqqında məlumat aldıqlarını iddia edirlər. Vətəndaşlar redaksiyamız vasitəsilə ölkə prezidenti Cənab İlham Əliyevə müraciət ediblər. Onlar ölkə başçısından xahiş edirlər ki, binalarının sökülməsinin qarşısını almaq üçün aidiyyatı qurumlara göstəriş versin: 

"Möhtərəm cənab Prezident! Biz, Bakı şəhəri Şamil Əzizbəyov küçəsi 158 saylı müasir 6 mərtəbəli, liftli, 54 mənzilli binanın, eyni zamanda Bakı şəhəri 5 saylı Mənzil Tikinti Kooperativinin (MTK) sakinləri Sizin sadə vətəndaşlara diqqət və qayğınızı yüksək qiymətləndiririk. Bütün Azərbaycan xalqı ilə birlikdə Sizin məmur özbaşınalığına qarşı qətiyyətli və barışmaz mübarizənizi dəstəkləyirik. Möhtərəm Prezidentimiz, bu müraciətimizlə Sizə üzləşdiyimiz məmur özbaşınalığı, hüquqlarımızın tapdalanması haqqında məlumat vermək istəyirik. Bizim binanın sakinlərinin razılığı olmadan yaşadığımız 6 mərtəbəli müasir binanın "Yeni ailə MTK” tərəfindən sökülməsi haqqında məlumat almışıq. 

Bizim bina 1973-cü ildə inşa edilmiş, bünövrəsi olduqca möhkəmdir, bayır divarına üzlük daş çəkilmişdir, lifti vardır. Biz, 5 saylı MTK-nın sakinləri son dövrdə yaşadığımız mənzilləri əsaslı təmir etmiş, sanitar, kommunikasiya və istilik sistemlərini öz vəsaitimiz hesabına yeniləşdirmişik. Ona görə də binamızın sökülməsinə və başqa yerə köçürülməyə qətiyyən razı deyilik. Binanın birinci mərtəbəsində Kapital bankın Nəsimi rayon filialı yerləşir və bu qurum binanın birinci mərtəbəsini yüksək səviyyədə təmir etmiş, həmçinin binanın zirzəmisindəki bütün sanitariya sistemini tamamilə yeniləşdirib. Bu cür normal şəraiti olan, şəhərsalma tələblərinə uyğun inşa edilmiş binanın sökülməsi yolverilməz özbaşınalıqdır". 

Şikayətçilər qeyd edir ki, yaşadıqları binanın yerləşdiyi ərazi hansısa məmurun xoşuna gəlib: "Həmin vəzifəli sə səlahiyyətlərindən sui-istifadə edərək sökülməsi üçün qərar çıxartdırıb. Qeyd edək ki, yaşadığımız bina 1973-cü ildə tikilib və istismara qəbul edilib. Binanın istismar müddəti 100 ildir ki, bu müddət hələ bitməyib. Bina Nazirlər Kabinetinin Qərarının təsir dairəsinə düşmür, qəzalı deyil. Ona görə də, bina sakinləri yekdilliklə binanın sökülməsinə etiraz edir". 

Sakinlərin dediyinə görə, binanın sökülməsi ilə bağlı qanunsuz tələblər "Yeni Ailə” MTK tərəfindən edilir: 

"Elektron Vergi İdarəsində isə "Yeni Ailə” MMC haqqında heç bir məlumat yoxdur. Yəni belə hüquqi şəxs mövcud deyil. Məhdud Məsuliyyətli Cəmiyyət və Mənzil Tikinti Kooperativi hüquqi şəxsin müxtəlif təşkilati formasıdır. Yəni biz sakinlərə ümumiyyətlə Pilot Layihənin icrasının hansı hüquqi şəxsə həvalə edilməsi belə məlum deyil. Möhtərəm cənab Prezident! Sizdən xahiş edirik ki, yaşadığımız və normal şəraiti olan binamızın sökülməsinin qarşısının alınması, qanunsuz söküntü və tikinti işlərinin dayandırılması haqqında aidiyyatı qurumlara qəti göstəriş verəsiniz”.

Yeganə Bayramova




SON XƏBƏRLƏR

2019-06-25