2019-05-22 14:20:40   |   230 dəfə oxunub

Ərdoğan Qarabağ qaziləri ilə görüşdü: Türkiyə liderinə “Vətən naminə” medalı verilib - FOTO

Türkiyədə Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkün 1919-cu il 19 mayda Samsuna gəlişinin 100 illiyi ilə bağlı tədbir keçirilib. Gənclər və İdman Nazirliyinin, QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan qaziləri də Türkiyədə keçirilən mərasimdə iştirak ediblər. 

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli səfərin yüksək səviyyədə keçdiyini bildirib. Onun sözlərinə görə, tədbir Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə yüksək səviyyədə qeyd olunub: 

"Azərbaycan qaziləri də heyət şəklində bu tədbirə dəvət olunmuşdu. Səfərdə Qarabağ müharibəsinin iştirakçıları, Milli Qəhrəman Vahid Quliyev, Əfqanıstan Müharibəsi Veteranlarının İctimai Birliyinin sədri Məhəmməd Vəliyev və aprel döyüşlərinin iştirakçıları iştirak edirdilər. Biz üç ildən artıqdır qarışıqlı səfərlər həyata keçiririk. Bakının Qurtuluş günü ilə bağlı qardaş ölkədən heyət Azərbaycana gəlir. 

Bu il Mersin və Adananın qurtuluşu ilə bağlı Türkiyəyə səfər etdik. Səfər çərçivəsində bayram tədbirlərində də iştirak etdik. Cümhuriyyət meydanında böyük tədbir oldu. Tədbirdə ölkənin hər yerindən Samsuna gələn idmançılar iştirak edirdi. Azərbaycandan gedən heyətin rəhbəri olaraq heyət adından çıxış etdim. Valiyə ölkəmizin bayrağını təqdim etdik. O da məmnunluğunu ifadə etdi. Çıxışımda bildirdim ki, Bakının azad edilməsində türk ordusunun böyük rolu var, qardaşlarımız 1100 şəhid verib. 

Eyni zamanda Çanaqqala döyüşlərində azərbaycanlıların iştirakını qeyd etdik, 3 mindən çox azərbaycanlının şəhid olduğunu diqqətə çatdırdıq. İstiqlal savaşına azərbaycanlıların maddi və mənəvi cəhətdən dəstək olduğunu bildirdik. Hazırkı Azərbaycan-Türkiyə əlaqələrindən də bəhs edildi. Türkiyə prezidenti Samsundan xalqa müraciət etdi”.

E.Həsənli Ərdoğanla görüşlərindən də bəhs edib: 

"Tədbirin protokolu öncədən müəyyən edilmişdi. Nəzərdə tutulmuşdu ki, Azərbaycandan gedən heyətin Türkiyə prezidenti ilə görüşü olacaq. Görüşdə Rəcəb Tayyib Ərdoğan Azərbaycanın qardaş dövlət olduğunu qeyd etdi. Qazilərimizə xüsusi təşəkkürünü bildirdi. Böyük əminliklə ifadə etdi ki, Azərbaycan mütləq öz torpaqlarına qayıdacaq. Bunun üçün ölkəsinin nə lazımdırsa, onu etməyə hazır olduğunu bəyan etdi. Ulu öndərimiz Heydər Əliyevin ”bir millət iki dövlət" fikirlərini xatırlatdım. Türkiyənin beynəlxalq aləmdə haqq işimizi müdafiə etdiyinə, Ermənistanla sərhədlərini açmadığına, ölkəmizlə ən yüksək səviyyədə əlaqələr qurduğuna görə Ərdoğana qazilərimizin, gənclərimizin salamlarını, təşəkkürlərini çatdırdım. 

Cənab Prezident İlham Əliyevlə Ərdoğanın Azərbaycan rəssamlarının hazırladığı fotosunu Türkiyə liderinə təqdim etdim. Eyni zamanda Qarabağ əlilləri, şəhid ailələri və müharibə veteranları təşkilatının "Vətən naminə” medalını Rəcəb Tayyib Ərdoğana təqdim etdik. Türk ordusunun 1918-ci ildə Bakıya girişlərinin tablosu çəkilmişdi. O tablo da hədiyyə olundu. Ərdoğan hədiyyələrə görə təşəkkürünü bildirdi və görüşdən məmnunluğunu da ifadə etdi, qazilərimizin sağlamlıqları ilə maraqlandı”.








SON XƏBƏRLƏR

2019-06-25