2019-05-22 22:38:54   |   152 dəfə oxunub

Müslüm Maqomayevin qızı ilk dəfə atası barədə həqiqətləri açıqladı: "Anam başa düşürdü ki..."

 
SSRİ xalq artisti, əfsanəvi bariton Müslüm Maqomayevin yeganə qanuni qızı Marina Maqomayeva sükutu pozmaq, atası və onun nikahdankənar övladları haqqında bütün həqiqətləri demək qərarına gəlib.

Sputnik Azərbaycan-ın məlumatına görə, o, bütün bunlar barədə Rusiyanın Birinci kanalının "Eksklüziv" proqramının efirində danışıb.

Marinanın dediyinə görə, onun valideynləri qarşılıqlı razılaşma yolu ilə ayrılıblar. Maqomayev məşhur sənətkar olub, ona daim qastrollara getmək lazım gəlib. Marinanın anası üçünsə ailə hər şeydən önəmli olub və buna görə də qadın ayrılmaq qərarına gəlib.

"Mən də olsaydım, məhz belə edərdim. Çünki bütün günü evdə uşağımla birlikdə oturub ərimin necə qastrol etdiyini gözləyə bilməzdim. Anam başa düşürdü ki, ailə atama yalnız mane olur. Tamara (SSRİ xalq artisti, opera müğənnisi, Müslüm Maqomayevin dul qalmış həyat yoldaşı Tamara Sinyavskaya-red. ) atamın həyatında 70-ci illərdə peyda olub. O zaman atam artıq çoxdan gənc deyildi. Onların ümumi maraqları var idi. Onlar əla cütlük idilər. Anam həmişə deyirdi ki, Tamaranın bənzərsiz səsi var. O, mənimlə və anamla əlaqə saxlayırdı" - deyə Marina Maqomayeva bildirib.

Tamara Sinyavskaya onu həmçinin gələcək həyat yoldaşı - musiqiçi Aleksandr Kozlovski ilə tanış edib. Marina gələcək əri ilə ilk dəfə Bakıda tanış olub, sonra isə Amerikaya onun konsertinə gedib. Kozlovski elə buradaca Marinaya evlənmək təklif edib. Maqomayevanın sözlərinə görə, bir çox insanlardan fərqli olaraq, onun Amerikaya getmək və orada yaşamaq arzusu olmayıb. Lakin ailəsinin xatirinə bu addımı atmalı olub. Hazırda Marina Sinyavskaya ilə əlaqələrini davam etdirir və hətta bir neçə dəfə onu özlərinə qonaq çağırıb.

Marina Maqomayeva atasının nikahdankənar uşaqlarının olduğuna inanmadığını deyib. Onun sözlərinə görə, Müslümlə Tamara arasında elə güclü məhəbbət olub ki, onların xoşbəxtliyinə heç kəs mane ola bilməzdi.

Xatırladaq ki, Rusiya KİV-ləri zaman-zaman Müslüm Maqomayevin ayrı-ayrı qadınlarla nikahdankənar əlaqələri və uşaqları barədə şoular təşkil edir. İndiyədək bir neçə adam ortaya çıxaraq Müslüm Maqomayevin övladı olduğunu iddia edib. Müslümü yaxından tanıyanlar onun qeyri-qanuni əlaqələri və uşaqlarının olduğuna inansalar da, ailəsi bu iddiaları əsla yaxına buraxmır.

Görkəmli azərbaycanlı opera və estrada müğənnisi Müslüm Maqomayev 1942-ci ildə Bakıda anadan olub. Müslüm Maqomayev ilk uğurlu çıxışını 14 yaşında olarkən Bakı Dənizçilərin Mədəniyyət Evində 1962-ci ildə edib. 60-cı illərdə o, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solisti olub, dünya şöhrətli Milanın "La Skala" teatrında staj toplayıb.

Dünya şöhrətli müğənninin repertuarında 600-dək yaradıcılıq nümunəsi var. Maqomayev 2008-ci ildə 66 yaşında Moskvada vəfat edib. O, Bakıda Fəxri Xiyabanda dəfn edilib.







SON XƏBƏRLƏR

2019-06-26
2019-06-25