2019-05-24 12:15:50   |   296 dəfə oxunub

“Amnesty İnternational” erməni lobbisinin sifarişlərini yerinə yetirir”



"Düzünü desəm, "Amnesty İnternational” hələ xeyli "gecikib”. Yəni, Azərbaycanda hər hansı möhtəşəm tədbir keçirilsin, amma bu qurum dillənməsin, çox heyrətedici bir mənzərə olardı”.

Bunu "Sherg.az”a açıqlamasında siyasi ekspert Anar İmanov deyib.

Analitik bildirib ki, bu "müqəddəs” qurum Azərbaycana qarşı qərəzli münasibəti ilk dəfə göstərmir:

"Azərbaycan illərdir möhtəşəm tədbirləri sıralayır, "Amnesty İnternational” isə havadarların, erməni lobbisinin, anti-Azərbaycan qüvvələrin sifarişlərini yerinə yetirir. 

Hər dəfə gülünc bəhanələr gətirərək, tənqidlərlə məşğul olur. Avropa Liqasının finalı ilə bağlı bir neçə vacib məqama toxunmaq istəyirəm. Düşünürəm ki, az-çox futboldan başım çıxdığı üçün sadaladığım məqamlar "tənqidlərin” nə qədər gülünc olduğunu göstərəcək.

Öncə erməni futbolçu Henrix Mxitaryandan başlayaq. "Arsenal”ın gülünc açıqlamasında bu ortabab oyunçu nədəncə "əsas” futbolçu kimi qələmə verilir. 

Bununla da "Arsenal” özünü "yandırdı”, yəni göstərdi ki, əslində bu məsələ daha çox siyasi məsələdir, nəinki idman məsələsi. 2019-cu il fevralın 14-də Belarusda 16/1 final mərhələsində "Arsenal” BATE-yə 0-1 hesabı ilə uduzdu. Mxitaryan bütün oyun ərzində çox zəif oyun nümayiş etdirdi. Oyundan sonra Henrix demək olar ki, əsas oyunçular arasında tapılmır. Ona görə də Mxitaryanı "əsas” oyunçu adlandırmaq heç bir məntiqə sığmır. Əminəm ki, o, Bakıya gəlsəydi belə vacib final oyununda iştirak etməyəcəkdi. Bunu anti-Azərbaycan qüvvələri də yaxşı bilir. O səbəbdən həmin oyunçuya "İngiltərədə qal, Bakıya gəlmə” mesajı verildi, çünki bu halda səs-küy daha effektli olacaqdı”.

Ekspertin sözlərinə görə, daha bir gülünc iddia təhlükəsizlik məsələləri ilə bağlıdır:

"Guya Azərbaycanda təhlükəsizliklə bağlı problem var. Halbuki, yaxın keçmişdə İngiltərənin Mançestr şəhərində, müğənni Ariana Qrandenin stadionda keçirilən konsertində terakt törədilib və 22 nəfər öldürülüb. Həmin il bir neçə ay öncə də Londonda da terror hadisəsi baş verib. Terrorist avtomobillə insanları əzərək 4 nəfəri öldürüb. 

Yəni, terrordan heç bir ölkə sığortalanmayıb, amma bu hadisələrdən sonra ingiltərəlilər nədənsə başqa ölkələrdə "təhlükəsizlik” haqda danışırlar. Bütün "tənqidlər” bitəndən sonra yenisi uydururlar, guya finala görə Bakıya çox sayda təyyarə enəcək və "təbiətə zərər vurulacaq”. Bakıdakı finaldan sonra Madriddə də Çempionlar Liqasının finalı var. Ora azarkeşlər velosipedlərlə gedəcəklər?! Minlərlə yarış keçirilib, azarkeşləri eşşək arabasında səyahət edən halda görən olubmu?”.

A.İmanov vurğulayıb ki, Azərbaycanla bağlı nağıl uyduran riyakar qüvvələrin bütün səyləri puç olacaq:

"Azərbaycanda ənənəvi idman bayramı yaşanacaq. Bütün dünya bir daha Azərbaycanın gücünə, qonaqpərvərliyinə və möhtəşəm tədbirləri necə mükəmməl səviyyədə keçirdiyinə şahid olacaq”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-06-25