2019-05-24 12:50:57   |   455 dəfə oxunub

“Təhsildə bu qədər qayda dəyişməzlər axı” – Mütəxəssis ümidsizdir

Nadir İsrafilov:“Bu günə kimi nə qədər dəyişikliklər oldu, görün təhsilə maraq necə aşağı düşdü”


2012-ci ildən sonra kolleci bitirənlər ali məktəbə imtahansız qəbul olunacaqlar. Bununla bağlı Təhsil Nazirliyindən məlumat verilib.

Nazirliyin aparat rəhbərinin müavini Yaqub Piriyev bildirib ki, ali təhsil müəssisələrinə imtahansız qəbul qaydaları əsasında həm dövlət sifarişi, həm də ödənişli ixtisaslara qəbul olunmaq mümkün olacaq. Onun sözlərinə görə, yeniliklər bu ildən tətbiq olunacaq.

Yeniliklərlə bağlı "Sherg.az”a danışan təhsil üzrə ekspert Nadir İsrafilov təhsildə çoxlu sayda yeni qaydaların tətbiq edildiyini bildirdi.

Ekspertin fikrincə, bu qədər dəyişikliklərə və yeniliklərə ehtiyac yoxdur:

"Hansısa kollecləri, ali məktəbləri publik hüquqi şəxs elan edəndə bu nəyə xidmət edəcək ki? Publik hüquqi şəxs o deməkdir ki, həmin müəssisələr dövlətdən maddi yardım almasınlar. Bizdə də istəyirlər ki, dünya təcrübəsini əsas götürsünlər. Harvard, Oksford kimi universitetlərin xeyli sayda imkanları, qrantları var. Kolleclərin, texnikomların heç bir imkanı yoxdur ki, publik hüquqi şəxs müəssisəsinə çevrilsinlər. 

Bir tərəfdən kolleclər üçün şərait yaradırıq, digər tərəfdən də qarşısına baryerlər qoyuruq. Təhsil sistemi tam oturuşmalıdır. Baxmalıyıq ki, mövcud sistemdə təhsilin axırı necə olur. Yoxsa gündə bir qərar verməklə şagirdləri çaşdırırlar. Sanki qayda dəyişməkdə yol polisləri ilə yarışa giriblər. Təhsildə bu qədər qayda dəyişməzlər axı”.

Bu ildən etibarən ali təhsil müəssisələrinə imtahansız qəbul qaydalarının tətbiq olunması məsələsinə gəlincə, ekspert bunun inandırcı olmadığını qeyd edib:

"Gürcüstan belə bir modelə keçib. Amma biz bu yeniliyə hazır deyilik. Bizim uşaqlar bu qədər imtahan şəraitində düzəməlli oxumurlar. Bu günə kimi nə qədər dəyişikliklər oldu, görün təhsilə maraq necə aşağı düşdü. Mənim bu təklifə münasibətim mənfidir. Düzdür, imtahanlar ağır və çətindir, artıq suallar var, dərsliklərdə olan suallar qəbul imtahanları ilə tutuşmur.

 Ümumiyyətlə, ölkəmizdə qəbul imtahan mexanizmi mürəkkəb və çətindir. Tələbələr imtahan verən zaman nə qədər təcili tibbi yardımlar növbədə durur. Bir də görürsən ki, uşaq huşunu itirir. Halbuki şagird imtahana bayram kimi, şənliyə gedirmiş kimi getməlidir. 

Lakin bizim şagirdlərdə psixoloji gərginlik çoxdur. İmtahanlardakı əlavə və ağır sualları azaltmaq daha məqsədəuyğundur. İmtahanlarda məntiqi sualların salınması da düzgün deyil. Çünki hər kəsin özünməxsus bir məntiqi var. Mən belə düşünürəm, başqası isə mənim kimi düşünməyə bilər. Ona görə də imtahanlar sadələşdirilməlidir. Bu qədər qarışıq detallara ehtiyac yoxdur”.

Yeganə Bayramova





SON XƏBƏRLƏR

2019-06-15