2019-05-24 19:39:20   |   361 dəfə oxunub

“...Düşmənin bütün hədəflərini məhv edə bilərik” – Polkovnikdən sərt açıqlama



Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın səsləndirdiyi fikirlərə münasibət bildirib.

Nazirlikdən verilən məlumatda bildirilir ki, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın səsləndirdiyi sərsəm fikirlər gülüncdür və onun hərb işində diletant olduğunu göstərir:

"Nəinki Azərbaycanın işğal olunmuş əraziləri, hətta Ermənistanın bütün ərazisi tamamilə Azərbaycan Ordusunun bölmələrinin nəzarəti və müşahidəsi altrındadır”.

Baş verənlərlə bağlı "Sherg.az”a açıqlama verən ehtiyatda olan polkovnik Şair Ramaldanovun sözlərinə görə, Prezident İlham Əliyev çıxışında qeyd edib ki, əlimizdə olan silahlarla bütün mövqelərini atəş altına ala bilirik.

Polkovnik qeyd edib ki, hazırda Azərbaycan Silahlı Qüvvələrində ən yeni texnikalar var:

"Biz həmin texnikalarla 300 kilometrə kimi hədəfi vura bilirik. Bütün bunlar onu deməyə əsas verir ki, ölkəmizin hərbi sahədə imkanları genişdir. Bundan başqa məlumdur ki, Azərbaycan kosmosa peyk buraxıb. Kosmos vasitəsilə hazırda hansısa ərazini müşahidə etmək elə də böyük problem deyil. Əlbəttə, Azərbaycandakı hava hücumlarından müdafiə sistemləri Ermənistanda da daxil bütün hava məkanını nəzarətdə saxlaya bilir. 

Digər tərəfdən raket qurğularımız 300 kilometrdən 500 kilometrə kimi lazım olan məlumatı əldə edə bilirlər. Kəşfiyyat xarakterli digər qurğularımız da var. Müşahidə və nəzarət altında Azərbaycan Silahlı Qüvvələri demək olar ki, Ermənistanın çox hissəsini, Dağlıq Qarabağda isə bütün obyektlərlə bağlı hesablanmış şəkildə lazım olan tədbirlər görülür. Neçə ildir, düşmənin hədəflərini izləyirik və onları atəş altına almaq üçün lazımi hesablamalar aparılır”.

Ş.Ramaldanov diqqətə çatdırıb ki, bu gün Dağlıq Qarabağda yerləşən bütün hədəflər Azərbaycan Silahlı Qüvvələri arsenalında olan silah- sursatlarla qeydə alınıb:

"Bizim hərbi hava qüvvələrimizin öz hədəfləri var. Həmin hədəflər də müəyyənləşdirilib. Məlumdur ki, Naxçıvanda böyük Ümumqoşun Ordumuz var. Həmin ordunun imkanları ilə demək olar ki, Naxçıvan tərəfini tam şəkildə nəzarətdə saxlayırıq.

Kəşfiyyat, nəzarət və müşahidə Azərbaycan ordusu üçün daimi prosesdir. Bu proses hər zaman yenilənir. Biz düşmənin bütün hədəflərini məhv edə bilərik. Ermənistanın Təhlükəsizlik Şurasının katibinin dediklərinə ilk dəfə reaksiya vermirik. Cənab Prezident bu məsələ ilə bağlı gərəkli açıqlamalar verib”.

Yeganə Bayramova





SON XƏBƏRLƏR

2019-06-25