2019-05-25 15:13:04   |   241 dəfə oxunub

Hesabatda açıqlanan rəqəmlər doğru deyil

Mirvari Qəhrəmanlı: "Belə çıxır ki, ölkədə hər 2 nəfərdən biri biri-biri ilə qırğına çıxır?!"

Mehriban Zeynalova: "Kişilər qadınların tabesizliyini qəbul edə bilmir"




Gender bərabərliyindən illərdir danışılır, saymağa qalxsaq, bu mövzuda bəlkə yüzlərlə konfrans, «dəyirmi masa»lar keçirilib, layihələr işlənib. Nəticə isə budur: «Azərbaycanda qətlə yetirilən qadınlarınn 55 faizi, məhz ailə üzvləri tərəfindən öldürülüb». Bu rəqəmlər Bakıda keçirilmiş "Azərbaycanda qadına qarşı zorakılığın iqtisadi nəticələri" mövzusunda mətbuat konfransında səsləndirilib.

Konfransda çıxış edən iqtisadiyyat üzrə fəlsəfə doktoru Qanna Qerasimenko bildirib ki, 2017-ci ildə zorakılığa məruz qalma ehtimalı olan qadınların sayı 211 min 800 nəfər təşkil edə bilərdi: «Qadınlara qarşı zorakılığın latentlik səviyyəsini nəzərə almaqla qeyd edə bilərik ki, həmin ildə Azərbaycanda qadınlara qarşı zorakılığın məcmu iqtisadi xərcləri 764 milyon ABŞ dollarına, yəni ölkənin Ümumi Daxili Məhsulunun 1.8 faizinə bərabərdir. Bu xərclər isə təqribi olaraq rəsmi şəkildə qeydə alınmış qadınlara qarşı zorakılıq hallarının iqtisadi ekvivalentindən, yəni 2.8 milyon ABŞ dollarından 200 dəfə daha çoxdur".

Q.Qerasimenko 7-70 yaşlı 200 qadın arasında aparılan sorğunun nəticələrinə əsasən belə qənaətə gəldiyini bildirib.

"Nəticələrə əsasən, 2017-ci ildə qadınlara qarşı zorakılığa cavab olaraq göstərilən xidmətlərin ümumi dəyəri 11.8 milyon ABŞ dollarına qədər ola bilərdi. Qadınlara qarşı zorakılıqdan zərərçəkənlərə göstərilmiş tibbi xidmətlərin dəyəri 9.8 milyon ABŞ dollarına çata bilərdi. Hüquq-mühafizə orqanları tərəfindən qadınlara qarşı zorakılığa qarşı adekvat cavab tədbirlərinin görülməsinə, o cümlədən cinayətlərin araşdırılması, mühafizə ordenlərinin verilməsi və məhkumların cəzaçəkmə müəssisələrində saxlanılmasına 1.5 milyon ABŞ dollarına yaxın vəsait sərf olunduğunu ehtimal etmək olar", - deyə iqtisadçı əlavə edib.

Ömürlük əlil olan qadınlar var

Q.Qerasimenko sorğuda iştirak edən qadınların təəssüratlarından da söz açıb: "Sorğuda iştirak edən qadınlardan biri dedi ki, çəkdiyim əzab-əziyyət pulla ölçülməz. Onlar həyatlarının alt-üst olduğunu bildiriblər. Sorğuda iştirak edən qadınların 61 faizi qeyd edib ki, dəymiş zərəri özləri qarşılayıb. Belə qadınların yalnız 6 faizi bildirib ki, dəymiş zərər ailəsi, birgə yaşadığı şəxs tərəfindən qarşılanıb".
"Onların 5 faizi ömürlük əlil olduqlarını söyləyib. 76 faizinin isə məruz qaldığı zorakılıqla əlaqədar olaraq ev işlərinin görülməsi üçün köməyə, qulluqçuya ehtiyacı yaranıb. Bu da həmin şəxsin büdcəsinə zərər, əlavə iqtisadi xərcdir" - mütəxəssis vurğulayıb.

"Sorğunun nəticələrinə əsasən demək olar ki, 2017-ci ildə cinayət əməlinin qurbanı olan qadınların sayı 130 min, cinsi zorakılığa məruz qalanların sayı 80 min, müxtəlif dərəcəli bədən xəsarəti alan qadınların sayı isə təxminən 60 min nəfər ola bilərdi. Statistikalar göstərir ki, Azərbaycanda qətlə yetirilən qadınların 55 faizi, məhz ailə üzvləri tərəfindən öldürülüb" - deyə Q.Qerasimenko əlavə edib.
Tədbirdə çıxış edən millət vəkili Aqiyə Naxçıvanlı isə qadın zorakılığının vaxtında aşkarlanması üçün "qaynar xətt"in yaradılması ilə bağlı Milli Məclisdə məsələ qaldırdığını deyib: "Bu gün Norveç, İsveç kimi ölkələrlə yanaşı, Azərbaycanda da belə bir xəttin yaradılmasına ehtiyac var. Bu "qaynar xətt" vasitəsilə qadınlar, həmçinin hüquqları haqda da məlumat almış olarlar".

O, sığınacaqlarla bağlı da danışıb: "Zorakılığa məruz qalmış qadınlar üçün sığınacaqların da yaradılması prioritet məsələlərdən biridir. Bu hesabatda, həmçinin sığınacaqların yaradılması və fəaliyyəti üçün nə qədər vəsaitin tələb olunması göstərilməli idi".

«Hər 2 nəfər biri-birini qırır?!»

İllərlə gender bərabərliyi ilə bağlı aparılan maarifləndirici tədbirlər nəticəsizmi qalıb? Bəlkə ona görə ki, bu tədbirlərin əsas iştirakçıları və obyekti qadınlar olub. Kişilər bu tədbirlərə qatılmayıb, ya heç dəvət edilməyib, beləliklə «gender maarifçiliyindən» bəhrələnə bilməyiblər. Qadınlar özləri danışıb özləri eşidib. Nəticə də budur: ailə üzvləri tərəfindən döyülmə, işgəncə, zorakılıq və ölüm.

Hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı isə göstərilən rəqəmlərə inanmadığını bildirdi:

- Bu rəqəmləri qəbul etmirəm. Çünki dəqiq statistika aparılmır. Bilirsiz ki, hər bir sahə üzrə qeyri-hökumət təşkilatları alternativ hesabatlar hazırlayırlar. Və bu hesabatlar da müvafiq təsisatlara təqdim edilir, statistik rəqəmlər tərtib edilərkən alternativ hesabatlarda göstərilənlər də nəzərə alınır və ya alınmalıdır. Hesabatlar o zaman düzgün, dəqiq hesab edilər ki, alternativi olsun. Ona görə də mən açıqlanan bu rəqəmləri qəbul etmirəm və onları inandırıcı saymıram. Həmin rəqəmlərə inansaq, belə çıxır ki, ölkədə hər 2 nəfərdən biri biri-biri ilə qırğına çıxır?! Dəlixanadı bura?! Mən cəmiyyət içinə olan adamam, üstəlik də QHT rəhbəriyəm. Bölgələrə də tez-tez gedirəm. Mənzilim çoxmərtəbəli yaşayış binasındadı. Bir dəfə də hansısa qonşuda səs-küy, dava-dalaş eşitməmişəm. Səfərə çıxdığımız bölgələrdə də qadınların məişət zorakılığına məruz qalması ilə bağlı kəskin hadisələrin şahidi olmamışam. Demirəm, hər şey əladır, ailələrdə gərginlik yoxdur, qadınlar zorakılığa məruz qalmır. Var belə hallar. Amma bu qədər də yox da. Hesabatın qeyri-dəqiqliyinə digər bir əsasım budur ki, Azərbaycan ailəsinin baş vermiş münaqişəni nadir hallarda kənara çıxarmasıdır. Hamımız bilirik ki, ailədə münaqişə olanda qayınana, gəlin, ər bunu daha çox öz aralarında həll edir. Münaqişə ilə bağlı polisə gedən çoxmu qadın görmüsünüz? Tək-tük belə hallar ola bilər. Ona görə də hesab edirəm ki, açıqlanan rəqəmlər reallığı əks etdirmir, göydən götürmədir.

M.Qəhrəmanlı gender bərabərliyi ilə bağlı indiyədək görülmüş maarifləndirici işlərin effektsizliyinin səbəbini belə izah etdi:

- Bu işi lazımi səviyyədə apara bilən QHT-lər var, lakin onlara geniş imkanlar verilmir. Layihə həyata keçirmək istəyən QHT məcburdur, işi icra hakimiyyətləri ilə birgə aparsın. İH-ləri də bir-iki müəllimi əyləşdirir seminarda və bununla da tədbirin hüdudları dairəyə alınır. Yəni özləri deyib, özləri eşidirlər. Vaxtilə Krizis Mərkəzləri vardı, qadın komitələri aktiv işləyirdi. Münaqişə tərəflərini dəvət edirdilər, psixoloq onlarla işləyirdi, çox zaman tərəfləri barışdırırdılar. Mətbuat konfranslarına, «dəyirmi masa»lara qadınlarla bərabər kişilər də dəvət olunurdu. Qadından çox, kişi ilə danışırdılar, çünki ən əvvəl kişilərin maariflənməsi və qadın hüquqlarına sayğı ilə yanaşmaları lazımdır. Belə olmasa, ailə münaqişələri zorakılıqla müşayiət olunmaqda davam edəcək.

Vətəndaş cəmiyyəti yaradılmalı, layihələr davamlı və ardıcıl olmalıdır ki, müsbət nəticələr əldə edilsin.

«Qadın özünü hər sahədə görür, kişi isə…»

«Təmiz Dünya» İctimai Birliyinin sədri Mehriban Zeynalova kişi ilə qadın psixologiyasındakı fərqin nəzərə alınmalı olduğunu bildirdi:

- Qadın və kişi fərqli psixologiyaya malikdir. Qadınlar son illərdə həqiqətən də aktivləşib. Özlərini hər sahədə görürlər. Əvvəllər qadın daha çox ana, valideyn obrazında və müəllim, həkim rolunda görünürdüsə, indi qadınların baş vurmadığı sahə yoxdur. Amma kişilər barədə bunu demək mümkün deyil. Kişilər qadınların olduğu sahələrdə özlərini görə bilmir və realizə edə bilmir. Kişilər çalışır yenə də qadınları zorakı yollarla idarə etsinlər, qadınlar üzərində üstünlük əldə etsinlər, bu da ailədaxili münaqişələrə və məişət zorakılığına yol açır. Kişilər qadınların tabesizliyini qəbul edə bilmir. Bu da davranışlarda özünü büruzə verir.

M.Zeynalova cəmiyyətin inkişafda olduğunu, köhnə stereotiplərinsə hələ də qaldığını dedi:

- Maraqlıdır ki, inkişafla yanaşı stereotiplər də qalmaqdadı. Məişət zorakılığı ilə bağlı qəbul edilən qanunlar da köhnə stereotiplərlə uyğunlaşmır. QHT-lər münaqişəli ailələrlə yaxından işləməlidir. Problemin kökü tapılanda, onu həll etmək də asanlaşır.

Məlahət Rzayeva





SON XƏBƏRLƏR

2019-06-26
2019-06-25