2019-05-25 20:48:43   |   196 dəfə oxunub

Ankara Moskvadan raketləri alacaq

Amma bunu Vaşinqtonu razı salmaq şərti ilə edəcək




Amerika Senatının Silahlı Xidmətlər Komitəsi 750 milyon dollarlıq müdafiə büdcəsinin qanununu açıqlayıb. Qanun layihəsində Ankaranın Rusiyadan "S-400” zenit-raket komplekslərini almaqdan imtina etməyəcəyi təqdirdə "F-35” hərbi qırıcıları proqramında ortaqlığının dayandırılması yer alıb. Xatırladaq ki, ötən gün Dövlət Departamentinin rəsmisi Morqan Ortaqus da Ankara hökumətinə zenit-raket komplekslərinin "ciddi mənfi nəticələrinin olacağı” barədə xəbərdarlıq edib. Ortaqus vurğulayıb ki, raketlərin alınması Türkiyənin ABŞ və NATO ilə müdafiə sahəsində münasibətlərinə ciddi təsir edəcək. Bununla yanaşı, Vaşinqton havadan müdafiə sistemi məsələsində Türkiyə ilə bərabər işləməyə hazır olduğunu, Ankaranın qiymətləndirməsi üçün "Patriot” sistemlərini təklif etdiyini bildirib.

Tərəflərin gərginliyi ilə bağlı "Şərq”ə fikirlərini bölüşən "Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli hesab edir ki, Vaşinqton nə vaxta qədər Ankara ilə təhdid və təzyiq dili ilə danışacaqsa, o zamanadək heç nəyə nail ola bilməyəcək:

 "Amerika Türkiyəni himayə edən ölkə deyil ki, rəsmi Ankara ilə bu tonda danışsın. Ümumiyyətlə, ABŞ dünya üzərində hamiliyini və hegemonluğunu tədricən itirir. Ankara bir yola girib və heç vaxt S-400-lərdən imtina edən deyil. Əvvəl-axır Ağ Ev ya razılaşmaya gedəcək, ya da Ankara hökuməti hər şeyə rəğmən rus raketlərini əldə edəcək. 

Düşünürəm ki, Vaşinqton Ankara ilə Moskvanın bu məsələni həll edəcəyindən tam əmin olarsa, imicini zədələməmək üçün məcburi razılığa gələcək. Əlbəttə, Vaşinqtonun da müəyyən şərtlərinin olması mümkündür. Yəni Ankara Moskvadan raketləri alacaq, amma bunu Vaşinqtonu razı salmaq şərti ilə edəcək”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-06-15