2019-05-27 16:44:16   |   144 dəfə oxunub

Yunus Oğuz Özbəkistanın “Turan” Akademiyasının akademiki seçilib



Tanınmış Azərbaycan yazıçısı, türkoloq alim, tarixi romanlar müəllifi Yunus Oğuz Özbəkistanın "Turan" Akademiyasının akademiki seçilib.

AZƏRTAC xəbər verir ki, bu haqda qərar akademiyanın Elmi Şurasının iclasında qəbul edilib.

İclasda bildirilib ki, Yunus Oğuz Özbəkistanda elə ilk kitabı -"Əmir Teymur" romanı ilə məşhurlaşıb. O, özbək tarixi ilə bağlı elə bir kitab ortaya qoyub ki, onu sevməmək mümkün deyil.

Sonra Daşkənddə "Şah arvadı və cadugər", "Sultan Alp Arslan", "Atabəy Eldəniz" romanları çap olunub və populyarlıq qazanıb. Müəllifin "Ovçu" romanı isə bu günlərdə işıq üzü görəcək.

Bildirilib ki, bu romanların işıq üzü görməsində və yayılmasında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin də rolu böyükdür.

Deyilib ki, indiyədək yazıçının dünyanın 22 ölkəsində 45-dən çox kitabı çap olunub. Yunus Oğuz "Atilla" pyesi, "Nadir şah", "Təhmasib şah", "Qədim türklər və rasionallıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında", "Türkün tarixinə yeni baxış", "Qədim Anadolu və Azərbaycan türkləri" və digər kitabları ilə tanınır.

Onu da deyək ki, AMM ilə Daşkənddəki "Turan" Akademiyası ilə əməkdaşlıq çərçivəsində yeni layihələrə start verilib.

AMM-nin layihəsi ilə Azərbaycan ədəbiyyatını tədqiq edən bir sıra tanınmış özbək şair və yazıçılara AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun fəxri diplomlarına layiq görülüb, o cümlədən Özbəkistanda da Azərbaycan ədəbiyyatını təbliğ edən yazıçı və araşdırmaçılara Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin Fəxri diplomları təqdim edilib.




SON XƏBƏRLƏR

2019-06-25