2019-05-27 17:53:26   |   131 dəfə oxunub

“Azərbaycan böyük yol keçib” - Ölkə başçısı



"Sosial sahə ilə bağlı çox ciddi addımlar atılır və insanların rifah halı böyük dərəcədə yaxşılaşıb”.
ONA-nın məlumatına görə, bunu bu gün 28 May – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda Prezident İlham Əliyev bildirib.

Dövlət başçısı deyib ki, məcburi köçkünlərin problemləri öz həllini tapır: 

"Yüzdən çox şəhərcik salınıb və bu məsələ ilə bağlı bundan sonra da addımlar atılacaq. Azərbaycanda çox müasir infrastruktur yaradılıb və bu sahəyə çox böyük vəsait qoyulub. Bir sözlə, son illər ərzində bütün istiqamətlər üzrə inkişaf, tərəqqi var. Sosial infrastrukturun inkişafı ilə bağlı çox böyük işlər görülüb, məktəblər, xəstəxanalar tikilib. Bütün bunlar Azərbaycan reallıqlarıdır. Biz artıq güclü iqtisadi potensial, güclü iqtisadi baza yaratmışıq. Əgər bizim təşəbbüsümüzlə uğurla reallaşan nəqliyyat və enerji layihələrini əlavə etsək, görərik ki, doğrudan da Azərbaycan böyük yol keçib”.

Prezident İlham Əliyev qeyd edib ki, bu gün biz beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevrilmək üçün çox fəal iş aparırıq: 

"Bu istiqamətdə də böyük addımlar atılır, böyük sərmayə qoyulur. Dəmir yolu infrastrukturu, avtomobil yollarının tikintisi, 6 beynəlxalq aeroportun fəaliyyətə başlaması, dəniz nəqliyyatının müasirləşdirilməsi – bütün bunlar son illər ərzində görülmüş işlərdir. Görülmüş bütün işləri sadalamaq üçün bir neçə saat vaxt lazım olacaq. Sadəcə olaraq, demək istəyirəm ki, bu gün Azərbaycan müstəqillik yolunda inamla irəliləyir və ölkə qarşısında duran problemlər həll edilir. Ancaq biz gələcəyə baxmalıyıq, əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Ölkə qarşısında duran problemlər bizim üçün əsas məsələ olmalıdır və bütün müvafiq tapşırıqlar bu istiqamətdə verilir. Bundan sonra dayanıqlı inkişafı təmin etmək üçün biz fəal işləməliyik və qəbul olunmuş qərarlar icra edilməlidir. Hesab edirəm ki, bu, qarşıda duran ən vacib məsələlərdən biridir. Çünki bəzi hallarda qərarlar qəbul edilir, sərəncamlar imzalanır, ancaq onların reallaşması yubanır. Ona görə bundan sonrakı dövrdə mütləq bu sahəyə daha ciddi diqqət göstərilməlidir ki, qəbul edilmiş qərarlar, qanunlar, imzalanmış sərəncamlar həyata keçirilsin”.




SON XƏBƏRLƏR

2019-06-20