2019-05-28 11:22:52   |   307 dəfə oxunub

Dolu yağdı, ziyanı satıcı da hiss edəcək, alıcı da...

Gilasın, alçanın, kartofun qiymətinə təsir göstərəcək. Təbiət hadisələrinin kənd təsərrüfatına ziyanı həmişə olub

Sovet vaxtı dolu da yağırdı, təsərrüfatlara ziyan dəyirdi. Amma o zaman sovxoz da, kolxoz da dövlətin idi, ziyanı da dövlət qarşılayırdı



Son iki gündə havanın qəfil dəyişməsi, yağış, bəzi bölgələrə dolu düşməsi meyvə-tərəvəzin qiymətlərinə artıq təsir etməyə başlayıb. Hələ indi yazdır, üzü yaya gedirik. Bəs payızda, qışda necə olacaq? Yenə «bağları dolu vurdu, ona görə qıtlıqdı, qiymətlər də yüksəlib» əsaslandırmalarını eşidəcəyik?
İqtisadçı Qadir Bayramlı «Şərq»ə açıqlamasında kənd təsərrüfatını iqtisadiyyatın «zəif» halqası adlandırdı:
- Sənayedən fərqli olaraq kənd təsərrüfatı iqlimdən çox asılıdır. Bu da kənd təsərrüfatının zəif cəhətidir. Yağıntılar xüsusilə şimal bölgələrinə çox düşüb. Bu da həm məhsulun keyfiyyətinə, həm də istehsal həcminə əlbəttə mənfi təsir edəcək. Gilasın, alçanın, kartofun qiymətinə təsir göstərəcək. Təbiət hadisələrinin kənd təsərrüfatına ziyanı həmişə olub. Ən inkişaf etmiş ölkələrdə də bu hallar olur. Amma məsələ kəndliyə dəymiş ziyanın ödənməsidir. Fermerlərin məruz qaldığı itkilər kompensasiya edilməlidir. Bizdə tədarük də aşağı səviyyədədir, fermerlər də əkib-becərdiyi məhsulu bazara çıxara bilmirlər. İqlim şıltaqlığından dolayı meyvə-tərəvəzdə azalma olacaq. Məhsulun böyük hissəsini onsuz da idxal edirik. Bunun da səbəbi odur ki, əkinə yararlı torpaqlardan səmərəli istifadə olunmur, məhsuldarlıq aşağı olur. Kənd təsərrüfatında intensiv təsərrüfat üsuluna keçilməlidir. Kompleks tədbirlər görülməlidir ki, məhsuldarlıq da yüksəlsin, fermer də məhsul becərməkdə maraqlı olsun. Hələ də elə bölgələrimiz var, suvarma sistemi bərbad haldadır. Fermerə aqro-texniki tədbirlər sahəsində dəstək verilmir. İstər gübrəsi olsun, istərsə də ziyanvericilərə qarşı dərman vasitələri, kəndliyə bunlar güzəştli şərtlərlə verilməlidir. Kənd təsərrüfatına yanaşma tərzi, baxış bucağı dəyişməlidir ki, köklü dəyişikliklərin şahidi ola bilək. Əsas məsələlərdən biri də aqrar sığortadır. Bu da həllini tapmalıdır. Sovet vaxtı dolu da yağırdı, təsərrüfatlara ziyan dəyirdi. Amma o zaman sovxoz da, kolxoz da dövlətin idi, ziyanı da dövlət qarşılayırdı. Amma indi dəyən ziyanı kəndli də hiss edir, satıcı da, alıcı da.

Q.Bayramlı qeyd etdi ki, yağıntını önləmək üçün dolu dağıdan toplardan təəssüf ki, indi istifadə olunmur:

- Halbuki, bu üsul ən etibarlıdır. Bir çox ölkələrdə bu üsuldan geniş istifadə edilir. Bununla da bağları, meyvə ağaclarını dolu vurmaqdan xilas edirlər. Bizdə isə oturub gözləyirlər ki, görək dolu hansı rayona daha çox düşəcək. Atatürk deyirdi ki, kəndli toplumun əfəndisidir. Biz də əgər kəndlimizə o statusu qazandırmaq istəyiriksə, kənd təsərrüfatının inkişafı üçün kompleks tədbirlər həyata keçirməliyik. İlk növbədə fermerlərin bazara sərbəst çıxışı təmin edilməlidir. Bu yoxdur deyə, yağıntı bir az çox düşən kimi sui-istifadə halları başlayır və bu da qiymətlərdə özünü göstərir.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin eksperti Nicat Nəsirli Lent.az-a açıqlamasında deyib ki, ölkəyə yerləşdiyi iqlim qurşağına görə hər ilin bu dövrü, yəni aprel-may aylarında, bəzən isə qlobal dəyişiklik baş verən iyun ayının ilk 10 günündə dolu yağır:

"Ümumiyyətlə, kənd təsərrüfatı üçün ən riskli faktor dolu yağmasıdır və bu təbiət hadisəsi çox təhlükəlidir. Çünki indi artıq taxılçılıqda məhsul yetişmə ərəfəsi, meyvəçilikdə isə çiçəklənmə prosesindən sonrakı dövrdür.

Amma son vaxtlar bir sıra rayon və kəndlərə düşən doluları araşdırmışıq ki, onlar lokal xarakter daşıyır. Həmçinin dolu əsasən əkin dövriyyəsindən kənar yerlərə düşüb. Ciddi iqtisadi ziyan barədə isə hələ ki məlumatsızıq”.

Ekspert qeyd edib ki, dolu bazarda müəyyən qiymətlərə təsir göstərir: "Bəzi şəxslər dolu düşən kimi mövsümi məhsulların qiymətinə "əl gəzdirirlər”. Bu isə daha çox özünü pomidor, xiyar və boston məhsullarında göstərir. Çünki indiki mövsüm elədir ki, hələ bütün kənd təsərrüfatı məhsullarının kütləvi istehsalı başlamayıb və onlar bazara çıxmayıb. Qiymətlərin bahalaşmasında isə yaranmış vəziyyətdən istifadə edirlər”.

Məlahət Rzayeva





SON XƏBƏRLƏR

2019-06-18
2019-06-17