2019-05-28 17:07:36   |   310 dəfə oxunub

Londonlu azarkeş: Azərbaycan paytaxtı final oyunu üçün çox yaxşı məkandır


Əvvəllər Bakı haqqında eşitməmişdim. Gəlib gördüm ki, insanları qonaqpərvər, tolerant və mehribandır. Möhtəşəm binalarını və arxitekturasını çox bəyəndim. Hava da gözəldir. Bakı çox xoşuma gəldi.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində UEFA Avropa Liqasının final oyununu izləmək üçün Bakıya gələn Londonun "Arsenal” komandasının azarkeşi Moeketsi Mosoll səsləndirib.

Bakıda keçiriləcək final oyunu ilə əlaqədar Dənizkənarı Milli Parkda təşkil olunmuş azarkeş festivalında iştirak edən ingiltərəli turist deyib: "Londonun "Arsenal” komandasının azarkeşiyəm. Final matçında onun şansını daha yüksək qiymətləndirirəm. Hesab edirəm ki, "Arsenal” qalib gələcək”.

Moeketsi Mosoll qeyd edib ki, Bakıda ən çox xoşladığı yer şəhərin mərkəzi hissələri, Dənizkənarı Milli Parkdır. O, Azərbaycan yeməklərini çox bəyənib. Deyir ki, Bakı sakit, təhlükəsiz şəhərdir. "Eşitdiyimə görə, ölkəniz bir çox idman yarışlarına uğurla ev sahibliyi edib. Hesab edirəm ki, bu final oyunundan sonra futbol Azərbaycanda daha da populyarlaşacaq. Azərbaycan paytaxtınız final oyunu üçün ən doğru seçim və çox yaxşı məkandır”,-deyə londonlu azarkeş vurğulayıb.

Xatırladaq ki, UEFA Avropa Liqasının mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununda Londonun "Arsenal" və "Çelsi" klubları qarşılaşacaq. Oyun saat 23:00-da başlayacaq.




SON XƏBƏRLƏR

2019-06-18
2019-06-17