2019-05-28 22:22:08   |   283 dəfə oxunub

“Çelsi”nin baş məşqçisi: "Final oyununda hər iki komandanın şanslarını bərabər qiymətləndirirəm"


"Sabahkı final oyununda hər iki komandanın da şanslarını bərabər qiymətləndirirəm. Əsas problemimiz vaxtla bağlıdır. Çünki üç-dörd gün vaxtımız olsaydı, bu, Nqolo Kantenin zədəsinin bərpası üçün kifayət edərdi. Kantenin zədəsindən sonra yarımmüdafiə xəttində çətinliklərimiz yaranıb. O, müdafiəyə meyilli yeganə yarımmüdafiəçimizdir və bizim üçün vacib oyunçudur. Ona görə əlimizdən gələni edirik ki, onu sabahkı oyuna qədər hazırlaya bilək. Çünki Nqolonun meydanda olmaması bizim üçün ciddi problem yarada bilər".

Bunu UEFA Avropa Liqasının finalında "Arsenal” komandası ilə qarşılaşacaq "Çelsi” klubunun baş məşqçisi Maurizio Sarri mayın 28-də təşkil olunan mətbuat konfransında deyib.

M.Sarri "Çelsi” komandasının azarkeşlərinin Bakıya gəlməmələri ilə bağlı suala cavabında deyib:

"Hesab edirəm ki, bu sual UEFA-ya ünvanlanmalıdır. Təbii ki, azarkeşlərimizin bizimlə birlikdə olmasını istərdik. Ancaq əsas məqsədimiz UEFA Avropa Liqasının finalında qalib gəlməkdir. Çünki sabah qalib gələ bilsək bu, azarkeşlərimiz üçün də gözəl hədiyyə olardı”.

Komandanın əsas futbolçularından olan belçikalı Eden Hazard ilə bağlı suala cavabında baş məşqçi bildirib: 

"Hazard çox istedadlı futbolçudur. O, öz üzərində bir qədər də çalışsa, Avropanın ən yaxşı futbolçusu ola bilər. Təbii ki, onun meydanda olması bizim üçün çox vacibdir”.

Komandanın hücumçusu Olivye Jiru ilə bağlı fikirlərini bildirən baş məşqçi deyib ki, o, komandamızın əsas oyunçularından biridir. Onun əsas heyətdə meydana çıxması ilə bağlı qərarı sabah verəcəyəm.

"Çelsi” komandasının 2018-2019-cu il mövsümündə Premyer Liqanı üçüncü sırada başa vurduğunu xatırladan M.Sarri bildirib: 

"Mənim üçün mövsümün əvvəli çox çətin idi. Çünki futbolçuları tanımalı, onları anlamağım üçün vaxt lazım idi. Yanvar ayından sonra bu istiqamətdə ciddi dəyişikliklər oldu. Hazırda futbolçularımı çox sevirəm və onlarla gözəl anlaşırıq. Xüsusilə, 20-22 yaşda güclü futbolçularımız var”.

"Yuventus” klubunu çalışdıra biləcəyi ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirən M.Sarri deyib: "Çelsi” ilə hazırkı müqaviləmin başa çatmasına iki il var. Ona görə də əsas hədəfim sabahkı oyunda uğur qazanmaqdır. Bu gün mən yalnız final matçı haqqında düşünürəm”.




SON XƏBƏRLƏR

2019-06-18
2019-06-17