2019-05-29 19:05:12   |   342 dəfə oxunub

“Azərbaycana gələn qonaqlar, turistlər burada xeyli pul xərcləyir” – Avropa Liqası finalının səmərəsi

Elçin Bayramlı: “Onu da deyim ki, bu işdə qazanılan siyasi dividentlər, strateji faydalar iqtisadi səmərədən də çox öndədir”



"Belə nüfuzlu yarışlar hər şəhərdə keçirilmir. Yalnız inkişaf etmiş infrastruktura, beynəlxalq çəkiyə malik, sabit ölkələrdə keçirilir”.

Bunu "Sherg.az”a açıqlamasında "Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib.

İqtisadçı müxalif dairələrin "bu oyuna xeyli vəsait xərclənib, bunun ölkəmiz üçün heç bir xeyri yoxdur” kimi arqumentlərinin tamamilə əsassız olduğunu faktlarla sübut edib:

"Əvvəla, beynəlxalq yarışların keçirildiyi yeganə ölkə Azərbaycan deyil. Tarix boyu onlarla ölkədə belə nüfuzlu yarışlar təşkil olunub. Lakin heç birində "belə tədbirlər səmərəsizdir” kimi hoqqabazlıqlar baş verməyib. Mühüm tədbirlər yalnız inkişaf etmiş, sabit ölkələrdə keçirilir. Siz heç Əfqanıstanda, ya da Sudanda nüfuzlu qitə yarışlarının keçirildiyini gördünüzmü? Digər tərəfdən, oyuna xərclənən pullar müxtəlif mənbələrdən artıqlaması ilə geri qayıdır. 

Ölkəyə gələn qonaqlar, turistlər burada xeyli pul xərcləyir, bilet satışından, reklamdan və teleyayımdan xeyli vəsait əldə edilir. Otellər, ticarət mərkəzləri, restoranlar və nəqliyyat sektoru qazanır. Bunlar isə Azərbaycan xalqına məxsusdur və orada pul qazananlar xalqımızın nümayəndələridir. Üstəlik, gəlirlərdən dövlət büdcəsinə vəsait ödəyirlər. Yarışlar zamanı təkrar turizm imkanları əmələ gəlir. Məsələn, qonaqlardan bir çoxu ölkəmizi bəyənərək gələcəkdə yenidən buraya turist kimi gəlirlər”.

E.Bayramlı iqtisadi dividentlərlə yanaşı, siyasi faydaları da sadalayıb:

"Məlum olduğu kimi, ermənilər dünyada güclü mövqeləri yalnız fasiləsiz təbliğat və pul xərcləməklə əldə ediblər. Azərbaycan erməni təcavüzünə və terrorizminə məruz qalmış ölkə olaraq öz həqiqətlərini dünyaya tanıtmalı, beynəlxalq aləmdən dəstək və simpatiya qazanmalı, sülhsevər imicini yaymalıdır. 

Bunun üçün ən yaxşı vasitələrdən biri beynəlxalq tədbirlərin təşkilidir. Bir neçə ay dünyanın diqqət mərkəzi Azərbaycanda olur, ölkəmizi tanıyır, onun haqqında eşidir, görür və qənaət hasil edirlər. Sonra bu təəssüratlar beynəlxalq ictimai rəyin formalaşmasına təsir göstərir. Onu da deyim ki, bu işdə qazanılan siyasi dividentlər, strateji faydalar iqtisadi səmərədən də çox öndədir”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-06-18
2019-06-17