2019-05-30 11:35:48   |   381 dəfə oxunub

Uğurlu Bakı finalı anti-Azərbaycan qüvvələrin “qara piar” kampaniyasını beşikdəcə boğdu




UEFA Avropa Liqasının Bakıda keçirilən final oyunu uğurla başa çatdı. Bu, bir daha Azərbaycanın böyük beynəlxalq tədbirləri, o cümlədən bütün dünyanın diqqət mərkəzində olan idman yarışlarını yüksək səviyyədə təşkil etmək bacarığını nümayiş etdirdi.

Bir daha sübut olundu ki, Azərbaycan belə nəhəng tədbirləri təşkil etmək üçün müasir infrastruktura - idman komplekslərinə, xidmət sektoruna, təhlükəsizliyə və s. malik ölkədir.

Hər hansı bir problemin, ciddi insidentin olmaması tədbirin yüksək səviyyədə təşkil olunduğunu aydın şəkildə ortaya qoydu.

Hazırlığın yüksək səviyyəsi xaricdəki anti- Azərbaycan qüvvələrin və onların daxildəki uzantılarının bütün iddialarını alt üst etdi, başlanmasına cəhd edilən "qara piar” kampaniyası qısa zamanda boğuldu və heç bir effekt vermədi.

Bu uğulu nəticə ilə Azərbaycan təsdiq etdi ki, ölkəmiz 2020- ci ildə Avropa Çempionatının 4 oyununu da yüksək səviyyədə təşkil etmək və uğurla keçirmək gücünə, bacarığına malikdir.


Milli.az saytınıln baş redaktoru, siyasi şərhçi Anar İmanov da "Sherg.az”a açıqlamasında qeyd edib ki, artıq Bakıda keçirilmiş Avropa Liqasının möhtəşəm finalı arxada qaldı, tarixə qovuşdu. Bütün dünya bir daha şahid oldu ki, Azərbaycan hər hansı bir tədbiri mükəmməl keçirir, əsl bayrama çevirir:

"Dünya bir daha gördü ki, möhtəşəm unudulmaz tədbirlərin təşkili üçün Azərbaycanda hər bir şərait var. Avropa Liqasının Bakıda keçirilmiş finalı haqda danışsaq, qeyd etməliyik ki, Azərbaycanın bunun üçün lazımi infrastrukturu var - möhtəşəm müasir Bakı olimpiya stadionu, mükəmməl xidmət sektoru, təhlükəsizlik üçün bütün şərait. Bakıdakı final ən yüksək səviyyədə təşkil olunmuşdu və bütün qonaqlar şəhərimizdən məmnun dönürlər.

Bakıda təşkil olunmuş ənənəvi idman bayramı həm də anti-Azərbaycan qüvvələrin puça çıxmış səylərinə böyük və güclü zərbə endirdi. Erməni lobbisinin, anti-Azərbaycan qüvvələrinin təşkil etmək istədikləri anti-piar kampaniyası elə beşikdəcə boğuldu və onu təçkil edənlərə qarşı işlədi. UEFA prezidenti Aleksandr Çeferinin bununla bağlı Bakıdakı açıqlamaları onların "qapısına" vurulmuş çox gözəl qol idi: "Bu məsələni şərh etmək istəmirəm. Erməni mətbuatının yazdığı məni maraqlandırmır. Azərbaycan dövləti bütün təminatları verdi. Mxitaryanın şəxsi qərarı idi bura gəlməmək. Heç bir problem görünmürdü. "Məsafə uzaqlığı"na gəldikdə isə... Məsafə ilə götürsək, Bakıdan Dublinə də uzaqdır. Futbolun xəritəsini genişləndirmək lazımdır. Mən belə şeylərə qarşıyam. Futbol üçün məsafə olmamalıdır".

Bəllidir ki, gələn ildə Azərbaycanda Avropa çempionatının final mərhələsinin 4 oyunu keçirilməlidir. Avroliqanın finalını ən yüksək səviyyədə keçirilməsi ilə Azərbaycan bir daha sübut etdi ki, 2020-ci ildə ölkəmizdə ən yüksək səviyyədə əsl futbol bayramı təkrarlanacaq”.

Ayyət Əhməd





SON XƏBƏRLƏR

2019-06-18
2019-06-17