2019-05-31 21:09:58   |   251 dəfə oxunub

Vəziyyət dəyişib: “Azərbaycanda rüşvət, korrupsiya və süründürməçilik keçərli deyil” – Mübarizə güclənib



Vəzifəli şəxslər rüşvət üstündə tutulublar. Qida təhlükəsizliyi sahəsində şəffaflığın, dürüstlüyün təmin edilməsi, korrupsiyaya qarşı mübarizənin aparılması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə tədbirlərin görülməsi davam etdirilir.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış araşdırmalarla Agentliyin Bakı regional bölməsinin heyvan sağlamlığı və baytarlıq nəzarəti bölməsinin sektor müdiri Elvin Nağıyev və həmin sektorun məsləhətçisi Araz Qazıyev saxlanılıblar. Onların 150 və 300 manat məbləğində rüşvət almalarına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə, Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

Baş verənlərlə bağlı "Sherg.az”a danışan əməkdar jurnalist Azər Həsrət rüşvətxor məmurların torpaqlarımızı işğal etmiş ermənilərdən heç bir fərqi olmadığını deyib:

"Hər kəs görür ki, ölkəmizdə xüsusilə son illərdə sürətli şəkildə islahatlar aparılır. Bunlar içərisində əsasən də kadr islahatları çoxluq təşkil edir. Ümumiyyətlə, ölkəmizdə süründürməçilik və məmur özbaşınalığının aradan qaldırılması üçün addımlar atılır. Cənab Prezident bu islahatlara şəxsən nəzarət edir. Prezident öz çıxışlarında hər zaman bir məqamı vurğulayır ki, biz vətəndaşa ən yaxşı xidməti təqdim etməliyik ki, insanlarımız narazı qalmasın. Təəssüf ki, bəzi məmurlar vicdansızlıq edirlər. Kimsə vəzifəyə keçir və düşünür ki, istədiyini edə bilər. Amma fikirləşmirlər ki, onların vicdansız əməlləri ölkədə aparılan islahatlara kölgə salır. Zaman dəyişib, Azərbaycan əvvəlki kimi deyil. Artıq ölkəmizdə rüşvət, korrupsiya, insanları incitmək keçərli deyil. Bu cür hallara dözümlülük nümayiş etdirilmir, etdirilməyəcək də. Belə məmurlar kimdənsə 3-5 manat rüşvət almaqla, guya özlərini zənginləşdirdiklərini düşünürlər. Amma onların vicdansız əməli bizi Azərbaycanı istəməyənlərin gözündən salır”.

A.Həsrət bildirib ki, rüşvət alan məmurlara qarşı sərt cəzalar tətbiq edilməlidir ki, onların çəkdiyi cəzanı görüb başqaları da belə əməllərdən çəkinsinlər:

"Ölkəmizi sevən hər kəs vəzifəli şəxslərin vicdansız əməllərindən əl çəkməsi üçün çağırış etməlidirlər. Belə məmurlar cəzalanana qədər törətdikləri əməllərlə xeyli insanlarımıza zərər vururlar. Ona görə də bu adamların həbs olunması lazımdır. Hər kəs anlamalıdır ki, rüşvətxor məmurlar çox şərəfsiz və vicdansız iş görmüş olur. Belə məmurlar öz dövlətinə xəyanət etmiş, Azərbaycanın kürəyinə bıçaq saplamış olur”.

Yeganə Bayramova





SON XƏBƏRLƏR

2019-06-19
2019-06-18