2019-06-03 11:28:28   |   200 dəfə oxunub

Ermənistanda klanlararası savaş kəskinləşir


Ermənistan baş naziri Nikol Paşinyanın 20 ilə yaxın Ermənistanda hakimiyyətdə olmuş "Qarabağ klanı” ilə münasibətləri son günlər daha da kəskinləşib. Tərəflərin bir-birinin əleyhinə atdıqları addımların aktiv fazaya keçdiyinə dair məlumatlar yayılır. Artıq tərəflər kartlarını açıq oynamağa başlayıblar. "Joxovurd” qəzeti yazıb ki, Dağlıq Qarabağdakı separatçı rejimin "rəhbərliyindən” heç kəs Ermənistanda ilk respublikanın101 illiyinə həsr olunmuş tədbirlərə qatılmayıb. 

Bildirilib ki, Sardarapatda keçirilən tədbirdə Ermənistanın baş naziri Nikol Paşinyan, Prezident Armen Sarkisyan, bütün ermənilərin katolikosu II Qaregin iştirak edib. "Qarabağ klanı” ilə Paşinyan arasında münasibətlərin gərginliyinə işarə edən nəşr qeyd edib ki, Dağlıq Qarabağdan mərasimlərə heç kimin qatılmaması dərin düşünməyə əsas verir. Çünki bu hal ilk dəfədir ki, baş verir. Separatçı rejimin başçısı Bako Saakyanın "mətbuat katibi” David Babayan isə ATƏT-in Minsk Qrupu həmsədrlərinin Qarabağa səfərini bəhanə gətirərək tədbirlərə qatılmadıqlarını deyib. Lakin o, dəvətin gəlib-gəlmədiyinə münasibət bildirməyib.

İrəvan hökuməti ilə separatçılar arasındakı qarşıdurmanı "Şərq”ə təhlil edən politoloq Azər Rəşidoğlu deyib ki, "Qarabağ klanı” hələ 1997-ci ildə Ermənistanın bütün güc strukturlarını öz nəzarətinə keçirib, 1998-ci ilin martında isə hakimiyyətə gəliblər. Bu klanın hakimiyyəti dövründə parlamentdə 8 təcrübəli siyasətçinin ölümü ilə nəticələnən insident baş verib. Klanın əsas rəqibləri qətlə yetirilib: "Paşinyan anlayır ki, "Qarabağ klanı” ilə açıq savaşa bilməz. 

Odur ki, Ermənistanın baş naziri qismində ilk səfərini mayın 9-da Xankəndinə etdi. Lakin bəyan etdi ki, "Qarabağ klanı”na bundan sonra dəstək verilməyəcək. Paşinyanın klana qarşı açıq çıxışlar etməsi əks tərəfin narazılığı ilə qarşılandı. Ehtimal etmək olar ki, Xankəndində etirazlar artacaq və son hədəf kimi Bako Saakyan seçiləcək. Artıq Xankəndində etirazlar artmaqda, separatçı rejimin rəhbəri Saakyanın siyasi iflası qaçılmaz görünməkdədir. Serj Sarkisyanın partiyası parlamentdə çoxluq təşkil etsə də, müxalifətdə olan partiyadır. Bako Saakyan isə birbaşa Sarkisyanın təyin etdiyi şəxsdir”.

Analitik vurğulayıb ki, Paşinyanın son Qarabağ səfərində separatçı rejimin rəhbərləri ilə görüşdə nədə razılaşıb-razılaşmadığı sonrakı proseslərə təsir edə bilər: 

"Xankəndinin özündə də Bako Saakyana müxalif olan qüvvələr bundan istifadə etməklə, həmçinin, Paşinyandan dəstək almaqla rejim dəyişikliyinə getməyə çalışa bilərlər. Separatçı rejimin başında Sarkisyana yaxın bir adamın qalması isə Paşinyanın idarəetməsində ona mane olacaq əsas əngəllərdən biridir. Əslində özünə yaxın bir simanın separatçı rejimin başında olması onun üçün çox vacibdir. Bu baxımdan, Paşinyan və Saakyan savaşının qanlı olacağını ehtimal edə bilərik”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-06-26
2019-06-25