2019-06-03 12:38:53   |   570 dəfə oxunub

Xəstələr şəfasını Zaur, Xoşqədəm və Tolikin verişilində axtarır - Səhiyyəmiz can verir ?

“İlk növbədə adama elə gəlir ki, aparıcılar həmin xəstələr üçün pul yığmaq istəyirlər. Amma məqsəd onlara pul yığmaqla yanaşı verilişin reytinqini qaldırmağa xidmət edir”

"Vətəndaşın xəstəliyi onun şəxsi həyatıdır və belə insanların efirə çıxarılması düzgün deyil"



Televiziya kanallarında qəribə ənənə formalaşıb. Hansısa xəstəlikdən əziyyət çəkən və müalicə üçün köməyə ehtiyacı olanlar çıxış yolunu efirdə görür. Etiraf edək ki, bəzi kanalların özləri də bu məsələdə maraqlıdır.

Təbii ki, televiziyalar xeyirxah işlə məşğul olsalar belə, digər tərəfdən reytinq qazanmaq üçün köməyə ehtiyacı olanları verilişə dəvət edirlər. Xəstələr şəfasını Zaur, Xoşqədəm və Tolikin verişilində axtarır. Amma bu vəzifəni televizyalar, aparıcılar deyil, Azərbaycanın səhiyyəsi yerinə yetirməlidir.

Xəstəliyi olan şəxslərin efirə çıxarılıb onlar üçün kömək istənilməsinin anti-humanist əməl olduğunu deyən Azərbaycan Demokrat Partiyasının sədri, həkim Sərdar Cəlaloğlu "Sherg.az”a açıqlamasında bunun yaxşı hal olmadığını bildirib.

Həkim qeyd edib ki, bu cür yardımların təşkil edilməsi cəmiyyətin özünün ciddi və mənəvi böhranda olduğunun, ölkədə səhiyyə sisteminin düzgün işləməməsinin sübutudur:

"Konstitutsiyaya görə, dövlətin borcudur ki, vətəndaşlarının sağlamlıq hüququnu təmsil etsin. Hansı insanlar ki, öz hesabları ilə sağlamlıq hüquqlarını təmin edə bilmirlər, dövlət gəliri ilə belə vətəndaşlara kömək olmalıdır. Bu cür verilişlər televiziyaların reytinqinə xidmət etdiyinə görə bu, bir qədər də anti-humanist aksiyadır. İlk növbədə adama elə gəlir ki, uşaq üçün pul yığmaq istəyirlər. Amma verilişin mahiyyətinə baxanda faktiki olaraq bəlli olur ki, burada məqsəd uşağa pul yığmaqla bərabər həm də verilişin reytinqini qaldırmağa xidmət edir”.

S.Cəlaloğlu vurğulayıb ki, Azərbaycan cəmiyyətində xeyriyyə təşkilatlarının yaranmaması və fondların mövcud olmaması çox ciddi problemdir:

"Yalnız Heydər Əliyev Fondu var ki, vətəndaşlar ora müraciət edirlər və yardım alırlar. Amma bir fondla bütün xalqın ciddi və ağır vəzifələrini yerinə yetirmək mümkün deyil. Ona görə də xeyriyyə fondlarının inkişaf etdirilməsi üçün dövlət qayğı göstərməlidir, müxtəlif fondlar yaradılmalıdır. Məsələn, talasemiya, vərəm və.s xəstələr üçün yardım fondu olmalıdır və xəstələr bu fonddan yardım almalıdır. Yəni, Azərbaycanda belə fondların yaradılmaması və yaxud yaradılmasına imkan verilməməsi qarşılıqlı yardımlaşmaya mane olur. Bu da cəmiyyətimiz üçün çox ciddi bir qüsurdur. Ona görə də belə anormal yollar seçərək xəstə insanlar üçün pul yığılır.

Səhiyyə Nazirliyinin vəzifəsi cəmiyyətin sağlamlığının qayğısına qalmaqdır. Məsələn, taundan əziyyət çəkən bir xəstə var və müalicə olunmaq imkanı yoxdur. Halbuki taun təhlükəli infeksion xəstəlik olduğuna görə, dövlət taunun qarşısını almaq üçün hər cür vəsait sərf edir. Eyni mahiyyətdə olan ayrı-ayrı xəsətliklər cəmiyyət üçün təhlükəli olmayanda dövlət buna qayğı göstərmir. Bu da tamamilə yanlışdır. Çünki, cəmiyyətlə fərdin maraqları eyni vəziyyətdə qoruna bilər. Yalnız cəmiyyətin mücərrəd maraqlarını müdafiə etmək istiqmətində fəaliyyət göstərilirsə, deməli, burada totalitar cəmiyyət mövcuddur və şəxsiyyətin qorunmasında maraqlarımız yoxdur. İnkişaf etmiş ölkələrdə bu cür problemlər yoxdur. 

Dövlət ən ağır xəstələrin qayğısına qalır, onlar üçün lazımlı yardımı göstərir. Həmin ölkələrdə hansısa iş adamına və vəzifəli şəxslərə müraciət edilməyə ehtiyac qalmır. Bu hal cəmiyyətimizin geridə qalmış olduğunu sübut edir. Təəssüf ki, belə problemlər sağlamlıqda, təhsildə, incəsənət sahəsində var. Yüksək istedadı olan gənclər öz istəklərini reallaşdıra bilmir. Digər sahələrdə də eyni vəziyyət müşahidə olunur. Cəmiyyət istedadın üzə çıxarılmasında münbit deyil. Bütün bunların hamısı bir-birinə bağlı məqamlardır. Nə qədər ki, cəmiyyət dəyişməyəcək, o zamana kimi bu problemlər qalacaq. Beləliklə kim necə bacarırsa, bu problemlərdən istifadə edəcək. Məsələn, biri yardım etməklə, digəri yardımı yığmaqla özünü təbliğ edəcək. Bununla da qeyri-insani münasibətlər formalaşacaq”.

S.Cəlaloğlunun qənaətincə, vətəndaşın xəstəliyi onun şəxsi həyatıdır və belə insanların efirə çıxarılması düzgün deyil:

"İnsanlar nə üçün bilməlidir ki, kimin nə xəsətliyi var? Bir insanın xəstə olmasını televiziyada nümayiş etdirmək həmin adamın şəxsi həyatına geniş müdaxilələrə yol açır. Anonim olaraq köməyə ehtiyacı olan xəstələri qeyd edə bilərlər, bu başqa məsələ. Axı həmin şəxs bir insan kimi əzilir. Xəstənin fiziki sağlamlığına qovuşması üçün cəhdlər edərəkən, onu ruhən zədələyirik. Bu, düzgün yanaşma deyil”.

Yeganə Bayramova





SON XƏBƏRLƏR

2019-06-15