2019-06-04 11:24:25   |   314 dəfə oxunub

Sevinməyə tələsməyək... - Ekspertlər Təhsil Nazirliyinə inanmır

Məktəblilər üçün kütləvi yay düşərgələri təşkil etmək çox zor işdir



«Bəxt üzüyü» filmi əlbəttə, yadınızdadı. Və filmi yaddaşınızdan silməmisinizsə, şair Moşu Göyəzənlinin uşaqlarının «pioner düşərgəsi»ndə istirahət etmələri də hafizənizdə qalır demək. Film qarışıq zamanda – 1991-ci ildə çəkilib və sovet dövrünün ənənələrinə orada yer verilib; pioner düşərgəsi kimi. Uşaqların bayraq qaldırması, Moşunun uşaqlarının sıraya düzülüb düşərgəyə, oradan da kirayələnmiş bağ evinə gəlmələri, Hüseynin həyat yoldaşı Saranın düşərgənin çirkli mələfələrini yumaqla pul qazanması… Bunlar bir ailənin – hətta nəslin ağrıları olmaqla yanaşı, həm də içində şirin uşaqlıq xatirələri gizlənən düşərgə həyatının ayrılmaz parçalarıdır. Sovet uşaqlarının böyük bir nəsli məhz bu düşərgələrdə böyüdü, düşərgələr hesabına ictimailəşdi. Pioner düşərgələri sovet təhsil sisteminin vacib bir hissəsiydi. Düşərgəyə gedən uşaqlara fərqli baxış vardı. Onlar daha sosial, daha aktiv və gələcəyin partiya işçisi hesab olunurdular. Çünki düşərgədə əsl məktəb – həyat məktəbi (sovet məktəbi olsa da – red.) keçirdilər.

Düşərgə həyatı

Həqiqətən də düşərgələr uşaqların birgə yaşayış vərdişləri qazanmasına yardımçı olurdu. Musiqi, rəsm, idman, əmək fəaliyyəti, yaradıcılıq, gəzinti, günlük rejim uşaqların sağlamlığının əsası idi.
Şəxsən düşərgə həyatı keçmiş biri kimi, bunu tam yəqinliklə deyirəm ki, pioner düşərgələri uşaqların təlim-tərbiyəsində və müstəqil həyata hazırlanmalarında böyük əhəmiyyətə malik idi. Elə böyüklər üçün də həmçinin. 

Uşaqlar da, böyüklər də bu düşərgələrdə nə qədər dost qazanırdılar, bilmədiklərini öyrənirdilər və düzgün həyat tərzi vərdişləri qazanırdılar. İndi gecə yarıdan keçmişə qədər, hətta sübhədək mobil telefonda, internetdə qurdalanan, gündüz saat 3-ə kimi yatağından çıxmayan uşaqları, gəncləri görəndə səhər saat 08:00-da səhər yeməyi, günorta 13:00-da nahar, 14:00-dan 16:00-dək istirahət, uyqu, axşamüstü indinin diliylə desək, yüngül atışdırmalıq, 19:00-da şam yeməyi və 22:00-da «odboy» cədvəli ilə yaşayanların necə sağlam həyat tərzi keçirdiyini tam aydınlığı ilə anlayırsan. Saatlararası isə əmək vaxtı, müxtəlif oyunlar, gəzintilər, ekskursiyalar, bilik yarışmaları, kütləvi tədbirlər… İnsanın belə şəraitdə tam formalaşması daha gözləniləndir, məncə. Sovet uşaqlarının daha ünsiyyətcil, daha sosial və qarşısındakı ilə dil tapmasının səbəbi sovet təhsil sistemində axtarılmalıdır. Bu deyilənlər kimlərinsə xoşuna gəlməyə bilər, amma həqiqətdir.

Yeni xəbər

Təhsil Nazirliyi məktəblilər üçün kütləvi yay düşərgələri təşkil edəcək. Amma sevinməyə tələsməyək. Bu, hələ qarşıdakı illər üçün nəzərdə tutulur. Dəqiq vaxtı da bilinmir.

Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin sektor müdiri Hilal Salmanov deyib ki, kütləvi yay düşərgələrinin təşkili gələcəkdə maddi-texniki baza yaxşılaşdırıldıqdan sonra mümkün olacaq: «Bu halda məktəblilər düşərgəyə seçmə şəkildə aparılmayacaq, istənilən sayda şagird qatıla biləcəklər. Bu gün isə Təhsil Nazirliyi tərəfindən məktəblilər üçün qısamüddətli yay düşərgələri təşkil olunur. Bura əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən təhsil sahəsində, idmanda seçilən, fənn olimpiyadalarında qalib gələn şagirdlər yönləndirilir. Son 3 ildə bu düşərgələrə minlərlə şagird cəlb edilib».

Deməli, yay düşərgələri bütün uşaqlar üçün əlçatan deyil. Bəs düşərgələrə gedə bilməyənlər nə etsin?

Düşərgələr hamı üçün əlçatan deyil

Təhsil eksperti Nabatəli Qulamoğlu Təhsil Nazirliyindən gələn açıqlamanın inandırıcı olmadığını bildirdi:

- Açığı, mən buna inanmıram ki, Təhsil Nazirliyi kütləvi yay düşərgələri təşkil edəcək. Çünki bir tərəfdən tədris ilinin müddəti uzadılıb, bir tərəfdən də imtahanlar uşaqları göz açmağa qoymur. Həm də bu məsələ Təhsil Nazirliyinin səlahiyyətində olan iş deyil. Kütləvi yay düşərgələrinin təşkili üçün dövlət vəsaiti ayrılmalıdır. Bunun üçün böyük maliyyə resursları tələb olunur. Və mən hesab etmirəm ki, buna gediləcək, çünki təhsil prioritet sahə sayılmır. Qaldı, yay düşərgələrinin əhəmiyyətinə, əlbəttə, yay düşərgələrinin uşaqların təlim-tərbiyəsində müstəsna rolu var. 

Dünyanın hər yerində yay düşərgələri təcrübəsi var və istifadə olunur. Bizdə isə illərdir bu məsələnin həlli uzanır. Hər dəfə açıqlama verilir, vaxt yaxınlaşanda bir də vaxt uzanır. Yay düşərgələri məktəblilər üçün vacibdir. Şagird kollektivçiliyi öyrənir, bunun müasir adı sosiallaşmadır, düzgün həyat tərzi öyrənir, hansı ki, hazırda bizim uşaqların buna böyük ehtiyacı var. 

Dil öyrənirlər uşaqlar. Xüsusilə bu məsələnin üzərində dayanmaq istərdim ki, dil öyrədən yay düşərgələri Azərbaycana hava-su kimi lazımdır. Bilikli, savadlı uşaqlar çoxdu, amma kommunikativ vərdişlərə malik deyillər. Yay düşərgələri bu vərdişləri əxz etdirmək gücündə olmalıdır. "Düşərgə yoxdu, uşaqlar necə dincəlir, necə istirahət edir", sualına gəlincə, siz də, mən də bunu hər gün görürük. Uşaqlar küçədə, evlərinin qarşısında ya top-top oynayır, ya da velosiped sürür. Başqa oyun görməzsiniz. Sanki bütün uşaq oyunları qəhətə çıxıb. Topdan başqa heç nə yoxdu. Bununla hansı fiziki və əqli inkişafdan danışmaq olar?!

N.Qulamoğlu bildirdi ki, kütləvi yay düşərgələri gələcəkdə təşkil olunarsa, mütləq müasirlik öz əksini tapmalıdır:

- Elektron cihazlar, kommunikasiya imkanları, internetə çıxış, uşaqların öz bacarıqlarını realizə etmələri üçün hər bir imkan yaradılmalıdır. İndiki uşaqların 60-70-ci illərin uşaqları olmadığı mütləq nəzərə alınmalıdır.

Ekspert qeyd etdi ki, özəl düşərgələr də var, lakin onlar hər kəs üçün əlçatan deyil:

- Bəzi dövlət qurumları var ki, düşərgələr təşkil edirlər. Amma bu düşərgələrə də o sistemdə çalışanların övladları, qohumları, ya da tanışı olanlar gedə bilir. Bir sıra yay düşərgələrinin əraziləri vaxtilə kimlərsə tərəfindən özəlləşdirildi, istirahət mərkəzlərinə çevrildi. Onların da öz daimi müştəriləri var. İmkanlı ailələr uşaqları ilə istirahət güşələrinə gedir, səfərlərə çıxır. O uşaq şanslıdı ki, yaşadığı binanın həyətində atraksionlar hələ sökülməyib, hansısa iş adamı gəlib həyətdə obyekt, market, ya da yanaşı başqa bir hündürmərtəbəli bina tikib oyun meydançasını zəbt etməyib. Qalanlar da evlərinin qarşısında, həyətdə kol-kosla başlarını qatırlar, sentyabra kimi.

Məlahət Rzayeva





SON XƏBƏRLƏR

2019-06-18
2019-06-17