2019-06-04 12:57:18   |   295 dəfə oxunub

Polşa prezidentinin Bakıya rəsmi səfəri iqtisadi, siyasi və hərbi əməkdaşlığa hesablanıb

Amma əsas olan Azərbaycanın Avropa ailəsinə qoşulmasının yollarının axtarılmasıdır



Polşa prezidenti Andjey Dudanın Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin strateji əhəmiyyətindən xəbər verir. Bu, Dudanın Azərbaycana ilk rəsmi səfəri olsa da, ondan əvvəlki prezidentlər Azərbaycanda olublar, eləcə də İlham Əliyev iki il əvvəl Polşada rəsmi səfərdə olub. O zaman iki ölkə arasında strateji tərəfdaşlıq sazişi imzalanıb və sənəddə əlaqələrin mahiyyəti vurğulanıb. Polşa prezidenti dövlət başçısı İlham Əliyevlə görüşdən əlavə biznes konfransında da iştirak edib. Polşalı memarların Bakıda xatirəsinə həsr edilən lövhələrin açılış mərasiminə qatılıb. İki ölkə arasındakı əməkdaşlığın keçmişə dayanan müsbət tarixinin olduğu vurğulanıb. Ekspertlərə görə, Polşa Avropa ölkələri içərisində Azərbaycana önəm verən əsas ölkələrdəndir. Azərbaycanın da üzv olduğu Avropa İttifaqı Şərq Tərəfdaşlıq Proqramı ideyası da vaxtilə Polşa tərəfindən irəli sürülüb. 

İki ölkə arasında siyasi əlaqələr yüksək səviyyədə olsa da, ticarət dövriyyəsi o qədər də böyük deyil. Ona görə də hazırda iki ölkə arasındakı əlaqələrin inkişafında başlıca məqsəd iqtisadi əlaqələri yüksək səviyyəyə qaldırmaq, ortaq layihələr reallaşdırmaqdır. Polşada fəaliyyət göstərən Azərbaycan ticarət evinin də fəaliyyətini genişləndirməsinə ehtiyac var. Polşa Azərbaycanın iştirakçısı olan regional layihələrə, o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə maraq göstərir. Energetika sahəsində də əməkdaşlığın inkişafı perspektivləri mövcuddur. Məsələn, Polşa prezidenti təklif etdi ki, Ələt Beynəlxalq Dəniz Ticarət Limanında yaradılan azad sənaye zonasında Polşa şirkətlərinin də nümayəndəliyi olsun. Duda Varşavanın Azərbaycanın "bir kəmər, bir yol” layihəsindəki iştirakından faydalanmaq istədiyini də bildirdi. Ən əsası isə Polşa birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Əlbəttə, Polşanın Ermənistanla da münasibətləri mövcuddur. Ancaq Varşava Cənubi Qafqaz ölkələri içərisində Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir. Çünki Varşavanın Rusiyanın nəzarətində olan ölkələrə münasibəti birmənalı deyil. Polşa Avropa ölkələri içərisində Rusiyanın əsas tənqidçilərindəndir.

İki ölkə arasındakı münasibətləri "Şərq”ə dəyərləndirən politoloq Vasif Əfəndiyev hesab edir ki, Polşa Avropa İttifaqının üzvü olsa da, bu dövlət Qərb standartlarına görə inkişaf etməkdə olan ölkələrin siyahısındadır. Ona görə də Avropa İttifaqı hər il Polşanın iqtisadiyyatına milyardlarla pul xərcləyir: 

"Polşanın üzərində Aİ-nin müəyyən öhdəlikləri var. Bu öhdəlik keçmiş sovet respublikalarından Ukrayna, Belarus və Moldovanı sovet kommunist rejiminin formalaşdırdığı idarəetmə sistemindən qurtarmaq missiyasıdır. Burada əsas şüar "qonşularımız firavan yaşayırsa, biz də təhlükəsiz və firavan olacağıq” devizidir. Polşanın Azərbaycana diqqəti və yüksək səviyyədə təşkil edilən səfərlər inkişafda olan bir Avropa ölkəsi ilə eyni aqibəti yaşayan Azərbaycan üçün çox önəmlidir. Polşa artıq Aİ ailəsinin üzvüdür. Bu təşkilatda tərəfdaş dövlətlərə dəstək olmaq qəbul olunmuş prinsipial məsələdir. Aİ Yunanıstan iqtisadiyyatında yaranmış çətin duruma baxmayaraq, hələ də ölkəyə milyardlarla yardımı davam etdirir. Polşa Prezidenti Andjey Dudanın Bakıya rəsmi səfəri iqtisadi, siyasi və hərbi əməkdaşlığa hesablanıb. Amma əsas olan Azərbaycanın Avropa ailəsinə qoşulmasının yollarının axtarılmasıdır. Bu heç də asan başa gələcək məsələ deyil”.

Analitikin sözlərinə görə, Azərbaycan bütün sahələr üzrə Birliyə daxil olmağa hazırlanmalıdır: "Təbii ki, bu sahədə xeyli işlər görülsə də, ümumilikdə hələ də mütəxəssis köməyinə ehtiyacımız var. Polşanın böyük təcrübəsi bizə kömək ola bilər. 

Avropa Birliyi İttifaqa qoşulmaq istəyən ölkələrə ilk növbədə neqativ halları, məsələn, bəzi qurumlardakı korrupsiyanı zərərsizləşdirmək üçün lokal strukturların yaradılmasını təkif edir. Sistem ikitərəfli istiqamətdə işləyir. Üst səviyyədə hüquqi, aşağıda isə şəffaf administrativ fəaliyyət göstərilir. Bu praktika Ukrayna və Moldovada həyata keçirilməyə başlanıb. Moldovada müəyyən maneələr çıxsa da, Aİ cəhdlərini davam etdirir. Ukraynada isə daha müvəffəqiyyətlə çalışmalar gedir. Hesab edirəm ki, Polşa-Azərbaycan münasibətlərində bu aspektə xüsusi diqqət yetirməliyik. Azərbaycan Avropa ölkəsi olmağa layiqdir”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-06-18
2019-06-17