2019-06-04 13:14:44   |   307 dəfə oxunub

ABŞ düşünülməmiş addım atmaz

Bir çox hallarda Vaşinqton hədə-qorxu gəlməklə kifayətlənir

Tərəflər gec-tez danışıqlar masasına əyləşəcəklər



ABŞ dövlət katibi Mayk Pompeo Vaşinqtonun ilkin şərt olmadan İranla danışıqlara hazır olduğunu bəyan edib. Pompeo Amerikanın İranın "zərərli siyasəti”nə qarşı mübarizə aparmağa davam edəcəyini də söyləyib. Dövlət katibi bildirib ki, İran "normal dövlət” olduğu zaman Vaşinqton danışıqlara hazır olacaq. Son aylar ABŞ və İran arasında münasibətlər kəskinləşib. Vaşinqton bu ölkənin əsas iqtisadi sahələrinə sanksiyalar tətbiq edib. ABŞ sanksiyaların tətbiqində əsas məqsədin İranın davranışını dəyişmək olduğunu bəyan edib. 

Həmçinin, İran İslam İnqilabının Mühafizə Korpusunu terror təşkilatı siyahısına daxil edib. Buna cavab olaraq Tehran Amerika Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığını terrorçu təşkilat kimi tanıyıb. Bundan sonra Vaşinqton Fars körfəzinə "Avraam Linkoln” aviadaşıyıcısını və bombardmançı təyyarələrini göndərib. Bütün bunların fonunda Donald Tramp İranla müharibədən yayınmağın mümkün olacağına ümid etdiyini söyləyib. İranın ali dini lideri Əli Xamenei isə Tehranın Amerika ilə müharibə aparmaq niyyətində olmadığını, ancaq Vaşinqtona müqavimət göstərəcəyini bildirib.

Tərəflərin gərginliyini "Şərq”ə şərh edən Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov bildirib ki, bir çox hallarda ABŞ dövlətlərə hədə-qorxu gəlməklə kifayətlənir: 

"Şimali Koreya ilə gərginlik zamanı Amerikanın hərbi gəmiləri bu ölkəyə yaxınlaşmışdılar. Ancaq heç bir hərbi əməliyyat baş vermədi. 

İki dövlət başçısı görüşərək bir sıra məsələləri həll etdilər. Hətta əksər problemlər çözülməmiş qalsa da, gərginliyin müharibə müstəvisinə keçməsi təhlükəsi aradan qalxdı. İranla da eyni vəziyyət müşahidə olunmaqdadır. Amerika uzun müddətdir Fars körfəzində hərbi gəmilər saxlayır. 

Amma başa düşür ki, İrana zərbə endirərsə, bunun ciddi əks-sədası olacaq. Tehran sərt müqavimət göstərəcək, eyni zamanda bir sıra başqa təsirli addımlar atacaq. Təbii ki, qarşı tərəfin təhdidləri də ABŞ-ın maraqlarına cavab vermir. 

Düşünürəm ki, tərəflər gec-tez danışıqlar masasına əyləşəcəklər. Düzdür, Vaşinqtonun İrana hərbi müdaxilə etməsini istəyən qüvvələr var. Lakin Ağ Ev düşünülməmiş addım atmaz. Vaşinqton rəsmiləri başa düşürlər ki, hərbi variantla mövcud problemi həll etmək mümkünsüzdür. Savaş əlavə problemlər deməkdir”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-06-20