2019-06-04 16:26:22   |   380 dəfə oxunub

Neftin qiyməti kəskin ucuzlaşa bilərmi ? - PROQNOZ



Son günlər neftin qiymətində kəskin ucuzlaşma müşahidə olunur. Bir müddət öncə brent markalı neftin bir barelinin qiyməti 73 dollar idi. İndi isə brent markalı neft 65 dollardan ucuzdur.

Ucuzlaşmaya səbəb olan amillərlə bağlı "Sherg.az”a danışan Neft Araşdırmaları Mərkəzninin rəhbəri İlham Şaban bildirib ki, hazırda London mediasında neftin qiyməti 60 dollar 64 sentdir:

"Ucuzlaşmaya rəvac verən əsas səbəb Amerika Birləşmiş Ştatları ilə Çin arasında ticari müharibələrdir. Bu müharibələrin dünya iqtisadiyyatında böyük fəsadları olacaq. Nəticədə, dünyada iqtisadi inkişaf tempi azalacaq. Beləliklə, enerjiyə olan tələbat gözlənilən proqnoz göstəricilərindən aşağı olacaq. Buna görə də neftin qiyməti ucuzlaşır.

İki gün öncə ABŞ prezidenti Donald Tramp Meksikaya qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı açıqlama verib. Qeyd edib ki, qeyri-leqal miqrasiya davam etməsə, Meksikadan idxal edilən mallara beş faizlik əlavə rüsumlar tətbiq ediləcək. Bu da iki ölkə arasında ticari dövriyyənin və əlaqələrin zəifləməsinə gətirib çıxaracaq. Beləliklə, ticari müharibələrin yenidən alovlanması müşahidə olunacaq”.

Mərkəz rəhbəri onu da əlavə edib ki, neftin qiymətinin ucuzlaşmasına dair ABŞ Enerji Administrasiyasının həftəlik neft hasilatı göstəriciləri ilə bağlı hesabatı var:

"Proqnozlar belə idi ki, 1.4 milyon barel azalma ola bilər, amma reallıqda azalma 284 min barel idi. Beləliklə, bir günün içərisində 5 faiz enmə müşahidə olundu, sonrakı günlərdə isə bu enmə 2 faiz civarında davam etdi. 

Qarşıdakı günlərdə qiymətin necə olacağı bazardakı vəziyyətdən asılıdır. Amma 2 ay müddətində İranla bağlı neftin qiymətində qızışmalar oldu. Bu zaman qiymət 75 dollara qədər artdı. Artıq bu risklər aradan qalxır. 

Neft bazarı hiss edir ki, İranın neftindəki həcmlər minimum həddə olsa belə, dünya bazarını hansısa təhlükə gözləmir. Ona görə də yenidən neftin qiyməti əvvəlki məcrasına qayıdır. Yanvar ayında brent markalı neftin orta qiyməti 64.5 dollar idi. İndiki qiymətlər də yanvar ayının göstərciləri kimidir. 

Yəni, 5 aydan çoxdur ki, neftin qiyməti eyni göstəricidədir. 5 ayın nəticələrinə görə, brent markalı neftin orta qiyməti 66 dollardır və bu kifayət qədər yüksək qiymətdir. Cari il üçün heç kəs belə yüksək qiyməti proqnoz etmirdi. Çünki proqnozlar 62 dollar ətrafında idi. Təbii ki, ilin birinci yarısı üçün müsbət göstəricilərdir. Ona görə də hələ ki bazarda təşvişə lüzm duyulmur. Ümumiyyətlə, 60-65 dollar bazarda çox yaxşı qiymətdir”.

Yeganə Bayramova





SON XƏBƏRLƏR

2019-06-18
2019-06-17