2019-06-07 13:28:43   |   277 dəfə oxunub

"ANALAR ÖLMÜR"



(Dəyanətli, mərd eloğlum Kamal Axundovun anası Tovuz xanımın əziz xatirəsinə)
Cənnət anaların ayaqları altındadır. (Hz. Muhəmməd s.a.s)

2004-cü il idi. Qəfildən anamın anası Firuzə xanımın halı pisləşdi. Təcili tibbi yardım çağırdılar. Həkim nənəmi müayinə etdi. Səhv etmirəmsə bir az ürək dərmanı verdi. Yaxşı olacağını dedi. Hər kəs nənəmin yaxşı olması üçün dua edirdi. Nənəm isə yaxşı olmurdu. Yenidən həkim çağırdılar. Birdən anam nə hiss etdi bilmirəm, ağlaya-ağlaya özünü nənəmin üstünə atdı. Yəqin anasının son anlarını yaşadığını anam hiss etmişdi. Ancaq anasını itirmək istəmirdi. Bilmirdi anasını hansı yolla ayağa qaldırsın. Anam ağlaya-ağlaya anasına dedi: "Bajı, ay bajı, (anamgil analarına rəhmətlik Lətif dayının dili ilə "bajı” deyirdilər) sənə qurban olum, aç gözlərini. Bajı, kimi istəyirsən? Baratımı, Akifimi (qardaşlarını) çağırım?”. Anam fəryad edirdi. Anamın anası isə qızının bu çağırışına gözünü açmadan cavab verdi. Anam Baratımı, Akifimi çağırım, deyəndə, nənəm əlləri ilə "yox”, dedi. Dili söz tutmayan, gözlərini açmağa taqəti olmayan, son nəfəsini yaşayan nənəm anamın kimi istəyirsən sualına güclə eşidiləcək səslə cavab verdi: Ana, Ana, Ana!!! Və son! Nənəm Firuzə xanım bu dünyaya əbədi olaraq əlvida dedi. Bu dünyadan köçəndə nənəmin 82 yaşı vardı. Heç kimi istəmədi. 82 yaşlı nənəm son nəfəsində anasını istədi. Bilmirəm, bəlkə son anda nənəm anasını ona görə istədi ki, onun dərdinə anası dərman ola bilərdi. Yoxsa, nənəm də öz anası üçün darıxmışdı? Yoxsa bu qədər ağlayan övladlarının, nəvələrinin səsi belə nənəmin qulağına çatmırdı? Yoxsa həmin anda nənəmin gözünə yalnız anasımı görünürdü? Yoxsa nənəm ona ömür diləməsi üçün anasının Haqqın dərgahında səcdə etdiyinimi görürdü? Mən nənəmin son anda niyə anasını istədiyini bilmədim. Bircə onu bildim ki, "Ananın yaşı olmur”, deyən müdriklərimiz qətiyyən yanılmayıblar. Həqiqətən də ana hər yaşda anadır, məlhəmdir, dərmandır, "Qoruyucu Mələk”dir, şəfa mənbəyidir. Baxın, Məmməd Araz ananın yaşının "toxunulmaz” olduğunu sözlə necə aydın təsvir edib:

Daha gəlməyəcək anamın səsi,
Mənə də taleyin yumruğu dəydi.
Düzü acığıma gəlir: bəzisi
Soruşur mərhumun yaşı neçəydi?

- Bilmirəm... düşmüşdü saçlarına dən...
...Dolaşır sualla, cavab başımda.
- Ana kədərini yaşmıdır ölçən?
 Ana itirmişəm ana yaşında...
*
Mən bu yazımı dəyərli ana, qeyrətli qazaxlı, qədim İncə Dərəsinin Kəmərli kəndində yaşamış, elin hörmətini qazanmış, yüksək insani keyfiyyətlərə malik olan Tovuz xanımın əziz xatirəsinə həsr edirəm. Tovuz xanım əslən Qazax rayonunun Aşağı Əskipara kəndində dünyaya göz açır. Kəmərli kəndinin hörmət sahibi olan Qapçıllı nəslinin mərd oğlu Axundov Şəmistanla ailə qurur. Tovuz xanım 8 övlad anasıdır.

İnsanın kimliyi onun tərbiyə etdiyi övladları ilə qiymətləndirilir. Mən Şəmistan Axundovla Tovuz xanımın övladı Qazaxlı Kamal Axundovu iki ilə yaxındır ki, tanıyıram. Pəhləvan Ramiz Tağıyev haqqında kitab yazırdım. Kamal müəllimin də həmin kitabda fikirləri yer almalı idi. Bu səbəbdən də mən Kamal müəllimlə görüşdüm. Ramiz müəllimin sayəsində mən dəyərli, qeyrətli, vüqarlı, mərd, sözübütöv bir eloğlumu tanıdım. Çox istədim ki, qeyrətli eloğlumun anası ilə (atası uzun illərdir ki, rəhmətə gedib. Allah rəhmət etsin) həmsöhbət olum. Ümumiyyətlə yaşlı nəsil ilə həmsöhbət olmağa üstünlük verirəm. Çünki onlardan öyrənəcəyimiz çox şey var. Ən dəyərli məktəb həyat məktəbidir. Həyat məktəbində mükəmməl dərs alan şagirdlər heç vaxt büdrəmirlər. Bu baxımdan da yüksək əxlaqi-mənəvi dəyərləri özündə cəmləşdirən, el içində ad almış insanların həyat məktəbində bir saatlıq da olsa dərs almaq mənə böyük dünya görüşü və həyatın hər üzünü tanımağı öyrədir. Belə bir deyim var: "Sən saydığını say, gör fələk nə sayır”. Fələk bəzən acımasız, bəzən amansız olur. Yayda Qazaxa gedəndə Tovuz xanımla həmsöhbət olacaqdıq. Tovuz xanımın saya-hesaba gəlməyən saz-söz məclislərinə ağbirçəklik etdiyi məclislərin birində mən də qonaq olacaqdım. Ancaq... Fələk imkan vermədi. May ayının 3-də mən də Qazaxda idim. Günorta saat bir olardı. Tovuz xanımın dünyasını dəyişdiyi xəbərini eşitdim. Atam, mən və dayım oğlu Alı Kəmərliyə getdik. Yas məclisində də hiss olunurdu ki, Tovuz xanım hər kəsin böyük hörmətini qazanmış insan olub. Aşıq Hüsən Şəmistanoğlu Tovuz xanımın saza-sözə verdiyi dəyərdən danışdıqca gözlərindən hörmət oxunurdu: "Rəhmətlik Tovuz xala məndən getdi. Kamal Gəncəyə çatan kimi zəng edərdi ki, Hüsən bala samovara od salmışıq, Kamal Gəncədədi. Sazı da götür gəl bizə. Böyük məclis qurulardı. Sazlı-sözlü məclisin lap yuxarı başında əyləşərdi Tovuz xala. Saza-sözə o qədər yüksək dəyər verərdi ki. Sazdan-sözdən çox yaxşı anlardı. Tovuz xala çox uzaqgörən insan idi. Allah rəhmət etsin”. 

Dost dediyin, qardaş dediyin insanın yaxşı günündə də, hüznlü günündə də yanında olmaq mütləq lazımdır. Yaxşı gündə dostumuzun yanında olmamağımız qəbahət deyil. Ancaq hüznlü günündə dosta, yoldaşa qarşı diqqətli olmaq, deyəcəyimiz (yazacağımız) sözlə itkisinə məlhəm olmağa çalışmaq lazımdır. Mən də Kamal müəllimin ana həsrətinə bir az da olsa təsəlli vermək üçün sözə müracəit etdim. Anaların ömrünü həm də söz ömrünə bənzədirəm. Hər zaman diri, hər zaman beynimizdə, dilimizdə, ürəyimizdə, yaddaşımızda var olan sözün ömrünə bənzədirəm anaların ömrünü.
Tovuz xanımın adına keçiriləcək ilk cümə günündən bir gün öncə idi. Kamal müəllimlə telefon əlaqəsi saxladım. Yolda olduğunu, Qazaxa, cümə axşamına getdiyini dedi. Kamal müəllim "Qazaxa gedirəm”, deyəndə ilk düşündüyüm bunlar oldu: Daha Aşıq Hüsənə zəng edən olmayacaq. "Kamal Gəncədədir, sazı da götür bizə gəl”, deyən olmayacaq. Kamal müəllimi anası bir də sazlı-sözlü məclislə qarşılamayacaq. 

Elə bu zaman yenə də rəhmətlik Məmməd Arazın "Bacım Gülsümə məktub” şeirindən bir neçə bənd yadıma düşdü:

Necə yad görürəm doğma yerləri...
İlk dəfə qarşıma çıxmadı anam.
İlk dəfə anamsız açdım səhəri,
İlk dəfə anamsız düşəcək axşam.

Uyuşa bilmirəm kəndimizə ta,
Başqa nəğməlidir bulaqlar indi.
Sanki mən tərəfə əyilmir hətta,
Mənsiz çırpılmayan budaqlar indi...

Demə ki, ay bacım - anam əvəzi,
Qardaş etibarın bəs hara getdi?!
Bir də bu yerlərə dönmək həvəsim,
Anamla birlikdə məzara getdi...

Çətindir, ay bacım, bunları görmək,
Göz də bir baxışla oda düşərmiş.
Uşaqlıq itirmək, gənclik itirmək,
Ana itirəndə yada düşərmiş...

Bunları düşünə-düşünə çox təsirləndim. Kamal müəllim müqəddəs varlıq olan anasını itirmişdi. Mərd insanların gözlərində heç zaman kədər görmək istəmirəm. Kamal müəllim sözün həqiqi mənasında mərddir. Haqqın tərəfində olan insandır. Onun qarşısında nahaq dil açıb danışa bilməz. Kamal müəllim olan yerdə haqq heç zaman boynunu bükə bilməz. Haqqa, düzlüyə, Vətənə, el-obaya verdiyi dəyərə görə mən Kamal müəllimin xətrini çox istəyirəm. Bu cür dəyərli övlad böyüdən valideynlərin ruhu qarşısında baş əyirəm.

Tovuz xanım elə adı kimi gözəl-göyçək, xanım-xatun bir insan olub. Məclislərin bəzəyi olub. İnsanların məsləhət yeri olub. Saza-sözə yüksək dəyər verən Tovuz xanım aşıqlara da hər zaman dəstək olub. Aşıq Şaiq İncəliyə hər zaman dəstək olan Tovuz xanımın xətrini Aşıq Şaiq də həmişə əziz tutur.
Aşıq Şaiq Tovuz xanımı böyük hörmətlə xatırlayır: "2012-ci ildə Lider tv-də "Deyişmə-2” saz müsabiqəsinin iştirakçısı idim. 

Fikirləşdim ki, mənə səs verən olacaq, olmayacaq. Sağ olsun dəyərli qazaxlılar mənə böyük dəstək oldular. Təbii ki, həmin yarışda da sms böyük rol oynayırdı.Tovuz xala da həmişə mənə dəstək oldu. Həmin müsabiqə vaxtı Tovuz xala oğlanlarına bu sözləri demişdi: "Qızıl Saz” Qazaxa – İncə Dərəsinə gəlməlidir. Tovuz xalanın hər sözü qanun idi övladları üçün. Mən həmin yarışmada qalib oldum və "Qızıl Sazı” Qazaxa apardım. Mənim qalib olmağımda Tovuz xalanın xüsusi əməyi oldu. Tovuz xala sazın-sözün qiymətini bilən insan idi. Yarışma bitdi, Qazaxa getdim. Yenicə evə çatmışdım. Kiçik oğlu Kərəm bizə gəldi ki, anam səni qonaq çağırır. Sazı da götürdüm, getdik. Süfrə açıb mən gözləyirdi. Tovuz xala sazın-sözün dərinliyini bilən insan idi. Ad günü mart ayının 22-də idi. Hər il Kamal da Bakıdan gedərdi Qazaxa. Sazlı-sözlü ad günü keçirərdik. Tovuz xala həm də çox səliqəli, təmizkar insan idi. Hər ad günündə mən də Tovuz xalamın ətir sevdiyini bildiyim üçün "Chanel” firmasının gözəl ətirlərindən birini ona hədiyyə edərdim. Tovuz xalanın itkisi bizim üçün də ağırdır. Allah rəhmət etsin!

Aşıq Avdı Tovuz xanımın yüksək insani keyfiyyətlərə malik bir insan olduğunu deyir: Tovuz xala gözəl ana, gözəl el ağsaqqalı idi. Dəfələrlə evlərində çörək kəsdik. Açıq süfrəli, xoş niyyətli insan idi Tovuz xala. Qohum-əqrabada kiminsə imkanı, yaxud evi olmadığını bilən kimi Kamal müəllimə deyirdi: "Atam-anam, a Kamal, filankəsin də öz evinin, öz ocağının olmasına kömək et.”

 Bircə kəlmə deyirdi, Kamal müəllim də "baş üstə”, deyirdi anasına. Tərbiyəli övladları, nəvələri var Tovuz xalanın. Maşallah oğlanları da nəvələri də hamısı pəhləvandır. Aşıqlara böyük diqqəti var idi. Həmişə istəyirdi ki, Kamal müəllim də, o biri oğlanları da aşıqlara dəstək olsun. Nəinki sənət adamlarına qeyd etdiyim kimi, ətrafında olan insanların kasıb dolanmasını heç vaxt istəməzdi. Hər kəsə kömək etməyə çalışırdı və kömək edirdi. Sağ olsun övladları, onun sözündən çıxmazdılar. Ailələrində tərbiyə var. Qazax Aşıqlarına Şəmistan Axundovun, Tovuz xalanın ailəsinin hər zaman böyük dəstəyi olub. Axundovlar ailəsini tanımayan az-az aşıq olar. Onların həyətlərində həmişə saz-söz məclisi qurulub və Tovuz xala da bir ağbirçək kimi həmişə həmin məclislərin yuxarı başında əyləşib. Allah Kamal müəllimdən razı olsun, mənə saysız-hesabsız dərəcədə dəstək olub. Duz-çörəkli, düz çörəkli bir ocağın mələk simalı ağsaqqalı idi Tovuz xala. Allah rəhmət etsin!

Aşıq İlham Aslanbəyli də həm Kamal müəllimi, həm də rəhmətlik Tovuz xanımı uzun illərdir tanıyır. İlham Qağaya da müraciət etdim. Tovuz xanım haqqında onun da fikirlərini bilmək istədim. Görüşdük. Aşıq İlham Aslanbəyli Axundovlar ocağının dəyərindən, qeyrətindən, mərdliyindən ürək dolu söz açdı. 

Tovuz xanımın vəfatına yazdığı şeiri də özü ilə birgə gətirmişdi İlham Qağa.

Ana məhəbbəti, ana həsrəti,
Getməz ürəyindən sənin, ay Kamal.
Bundan sonra artar ancaq bilirəm,
Qara saçlarında dənin, ay Kamal.

Bəzən gəlməz kara nə dövlət, nə var,
Köçən köçür, yaşamağa ta nə var?!
Nəvən simasında İnşallah olar,
Tovuz tamaşalı anan, ay Kamal.

İlham Aslanbəyli el ozanıdı,
Şərlə işi yoxdu, xeyir yozanıdı.
Bu dünya bir boşal, dol qazanıdı,
Heç vaxt pozulmasın binan, ay Kamal.

Aşıq İlham söhbətinə davam edir: Allah rəhmət etsin Tovuz xalaya çox qeyrətli qadın idi, Övladları da qeyrətli insanlardır. Rəhmətlik Azaflı Mikayıl yazıb:

Hər alimə alim demə,
Alim gərək qana-qana.
Hər aşiqə aşiq demə,
Aşiq gərək yana-yana.

Hər gözəldə ağıl olmaz,
Hər söz şirin nağıl olmaz.
Hər doğulan oğul olmaz,
Doğan ana ana gərək.

Ananın övladın tərbiyəsində, cəsarətli addım atmasında böyük rolu var. 15 il olardı Tovuz xalanı tanıyırdım. Kamalın ad günü idi. Fikirləşdim ki, nə hədiyyə edim. Bədahətən üç bənd şeir yazdım Kamal haqqında. Saz havasının sədaları altında o şeiri də oxudum. Rəhmətlik Tovuz xalanın da telefonu var idi. Dedi ki, atam-anam, həmin sözləri bir də oxu. Mən yenidən ifa etdim, Tovuz xala öz telefonunun yaddaşına yazdırdı həmin ifanı. Saza-sözə yüksək dəyər verirdi. Səmimi insan idi. Uzaqgörən qadın idi. Bir dəfə yenə də bir yerdə məclisdə idik. Həyat yoldaşıma da öz məslətlərini verirdi: "İlham sənətkardı. Evdən tez gedər, evə gec gələr. Heç vaxt ona görə İlhamdan küsmə, incimə. Sənət adamının evində olması üçün bəlli bir saat yoxdur. Sənətkarı xalq sevir. Ona görə də ola bilər ki, sənətkar ailədən çox xalqın, onun sənətinə dəyər verən insanların əhatəsində olsun. Qızım, sən fəxr etməlisən ki, sənin həyat yoldaşın adi insan deyil. Xalqın məhəbbətini qazanmış sənətkardır”. Tovuz xala insanlara həmişə əvəzsiz məsləhətlər verərdi. Böyük ürəkli Azərbaycan qadını, Azərbaycan anası idi Tovuz xala. Allah rəhmət etsin!

SözArdı: Tovuz xanımın gözəlliyi də, özəlliyi də onda idi ki, övladlarını el-oba, millət, Vətən yolunda səfərbər edib. Hər bir övladına ən birinci nəsihəti bu olub: "Hər zaman elin içində olun. Elin hörmətini qazanın. Nə qədər imkanınız varsa onu ehtiyacı olanların yolunda ürəklə xərcləyin. Siz insanlara kömək olun, sizi Yaradan Uca Allah da sizə kömək olacaq.” Bu cür dəyərli, saza-sözə, el-obaya məhəbbəti olan bir Azərbaycan xanımını itirmək çox ağır, çox təsirlidir. Tovuz xanım onu sevənlərin, onu tanıyanların qəlbində daim yaşayacaq.

Bilmədim 40 günə yaxın bir müddəti ana həsrəti ilə yaşayan dəyərli dost, mərd eloğlum Kamal qardaşıma necə təsəlli verim. Kamal qardaşım, analar ölmür, analar ölümsüzləşir. Onlar hər zaman övladlarının yanında olur. Bu dünyadan cismən ayrılsalar da ruhən, mənən yenə də övladlarının yanındadırlar. Bəlkə də gecələrin birində "Ana” deyib, yuxudan oyanacaqsınız, bəlkə də gündüzlərin birində yol ilə gedən qadını ananıza bənzədib ayaq saxlayacaqsınız, bəlkə də sizə zəng edən bacınızın səsini ananıza oxşadacaqsınız, bəlkə də bir gün qeyri-ixtiyari olaraq telefonu əlinizə götürüb, "anama zəng edim, görüm halı necədir”, deyib telefona əl atacaqsınız. Ancaq birdən qəflət yuxusundan ayılacaqsınız ki, axı mən öz əllərimlə anamı torpağa tapşırdım. Onda fikirləşəcəksiniz, daha mənim anam torpaqdır, müqəddəs torpaq. Hər dəfə qəbrini ziyarət edəndə, ananızın məzarı ilə üz-üzə dayananda ananızın yaşadığını, məzardan doğma bir səsin sizinlə danışdığını hiss edəcəksiniz: "Ay bala, elə qəmgin dayanma. Mən sağam, anan qurban”.

Ananız üçün darıxıb, ananızı axtaranda, o müqəddəs varlığı heç yerdə tapmayanda ürəyinizlə baş-başa qalıb, "Ana, Ana!”, -deyə səslənəcəksiniz. O an ürəyinizdən ananız sizə cavab verəcək: "Mən ölməmişəm, burdayam, mənim əziz balam”. Siz yenidən özünüzə bu sözləri deyəcəksiniz: "Anam ölməyib, anam ölməyib. Anam ürəyimdədir”.

Elə bu cümlələri yaza-yaza Barat Vüsalın "Anam ürəyimdədir” şeirinin son misralarını xatırlayıram:

Amansız təbiət dərs verir mənə,
Mən "Ana!” deyirəm, dünya dinməyir.
Anam ürəyimdən səs verir mənə:
Burdayam, ay oğul, burdayam! –deyir.
Məqamı uca, məkanı cənnət olsun Tovuz xanımın!

Dərin ehtiramla: Səbinə YUSİF, tədqiqatçı-yazıçı





SON XƏBƏRLƏR

2019-06-18
2019-06-17