2019-06-07 14:07:33   |   490 dəfə oxunub

SƏRT AÇIQLAMA: “Həmsədrlər Azərbaycan xalqının səbrini daşırmaqla məşğuldur”



"ATƏT-in Minsk Qrupunun həmsədrləri özlərini məsuliyyətsiz körpələr kimi aparırlar”.

Bunu "Sherg.az”a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib.

Politoloq bildirib ki, vasitəçilərin əsas missiyası münaqişənin həllinə səy göstərmək və arbitr rolunu oynamaqdır:

"Həmsədrlər öhdəliklərini yerinə yetirməlidir. Təəssüflər olsun ki, onlar münaqişənin nizamlanmamasında hər iki tərəfi günahlandırırlar. Bu da bizə qarşı ikili standartın olduğunu göstərir. Həmsədrlər Azərbaycan xalqının səbrini daşırmaqla məşğuldur. 

Hazırda vasitəçilərin yeganə missiyası münaqişənin müharibə fazasına keçməsinin qarşısını almaqdır. Problemin həlli onları qətiyyən maraqlandırmır. Münaqişənin dondurulmuş vəziyyətdə qalması həmsədr ölkələrin maraqlarına cavab verir. Həmsədr ölkələr regionda vəziyyətə nəzarət etmək istəyirlərsə, o zaman münaqişə ilə bağlı son dərəcə məsuliyyətli olmalı və ciddi addımlar atmalıdırlar”.

Analitik vurğulayıb ki, həmsədr ölkələr öz funksiyalarını yerinə yetirə bilmədiklərinə görə, rəsmi Bakı dilemma qarşısında qalır:

"Minsk Qrupunun vasitəçiliyinə ehtiyac varmı? Bəlkə Azərbaycan və Ermənistan arada kimlərsə olmadan birbaşa dialoqa girsələr daha yaxşı olar?! Reallıq budur ki, Rusiya, Fransa və ABŞ-ın təşəbbüsü ilə keçirilən görüşlərin heç birində kiçik də olsa nəticə olmayıb. Hətta 2016-cı ilin aprel döyüşlərindən sonra belə Ermənistan hakimiyyəti ətraf rayonlarla bağlı konkret addım atmadı. Vasitəçilər də düşmən tərəfə təzyiq göstərə bilmədilər. Belə olan təqdirdə həmsədrlərə ehtiyac da qalmır. Çünki bəzən üçüncü tərəf problemin həllinə maneçilik törədir”.

Z.Məmmədovun sözlərinə görə, həmsədrlər regionda səfərdə olarkən erməni snayperi tərəfindən təxribata əl atılması düşmənin növbəti həyasızlığıdır:

"Ermənistan işğalçı və terrorçu ölkədir. Niyə həmsədrlər gözləri qarşısında pozulan atəşkəsə və erməni təxribatına reaksiya vermədilər? Əfsuslar olsun ki, regiona səfərin yekun bəyanatında bu hadisə öz əksini tapmadı. Bu, bir daha göstərir ki, ATƏT-in Minsk Qrupu münaqişə tərəflərinə eyni gözlə baxır”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-06-20
2019-06-19