2019-06-07 16:24:50   |   354 dəfə oxunub

“Azərbaycanın uşaq müdafiə sistemində boşluqlar var” – İDDİA

Günel Səfərova: “Bu olanlar dövlətə mesaj ola bilər ki, müəyyən yaş kateqoriyasına qədər analara sosial paketlər təqdim etsinlər. Onlar da uşaqlarına baxa bilsinlər”

“Hazırda ölkəmizdə uşaq bağçalarında yer məhdudiyyəti də problemlərdən biridir”



Son zamanlar paytaxt və regionlarda azyaşlıların itməsi halları artıb. Uşaqlar ya itkin düşür, ya da kimsə tərəfindən qaçırılır. Bu kimi hallar, əsasən valideyn məsuliyyətsizliyi və diqqətsizliyi səbəbindən baş verir.

Bu məsələ ilə bağlı cəmiyyəti ən çox silkələyən olay 3 yaşlı Zəhranın qaçırılması oldu. Azyaşlı hüquq-mühafizə orqanları tərəfindən tapılaraq ailəsinə təhvil verilsə də, bu kimlərinsə növbəti qurban olmayacağı anlamına gəlmir.

Zəhra şanslılardan biridir, çünki tapmaq mümkün olub. Amma qaçırılaraq orqan mafiyasının qurbanı olanlar da var.

Bəs valideynlər nə etməlidirlər?

Mövzu ilə bağlı "Sherg.az”a danışan "Gənc Vətəndaş” Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru Günel Səfərova bildirib ki, Türkiyədə yüz minlərlə itkin uşaq var. Lakin ölkəmizdə bu rəqəm daha azdır:

"Azərbaycanda polis nəzarəti çox güclüdür. Ona görə də Azərbaycanda itkin uşaqların sayı azdır. Lakin uşaqların itməsinin ən birinci səbəbi valideyn nəzarətinin olmamasıdır. Bir dəfə azyaşlı bir uşağın böyük qardaşı və yaxud bacısına etibar edildiyini oxumuşdum. Lakin azyaşlı uşağın etibar ediləsi adamın yaşı 25 yaşdan çox olmalıdır. Çünki, körpə uşağın ehtiyacları və yaş kateqoriyası elədir ki, o daim nəzarətdə olmalıdır. 

Çünki, 3 yaş elə də böyük bir yaş deyil. Düşünürəm ki, 3 yaşlı Zəhra bağçada olsaydı, nəzarətdə olardı və belə neqativ hal yaşanmazdı. Əlbəttə, hər bir ailənin uşağını bağçaya qoymaq imkanı yoxdur. Təəssüf ki, bizdə dövlət bağçaları yetərli sayda deyil. 

Lakin Konstitutsiyamızda da qeyd olunub ki, uşağın təlim-tərbiyəsinin və ehtiyaclarının qarşılanması ilə birinci ailəsi məşğul olmalıdır. Ailə olmadığı təqdirdə isə bu işə dövlət nəzarət edir. İllərdir, bu məsələ ilə bağlı müzakirələr aparırıq ki, uşağı gözdən buraxmaq olmaz. Amma fərqi yoxdur, uşağın 3 yaşı da olsa, 15 yaşı da olsa valideyn nəzarətində olmalıdır. Çünki, həyat uşaqlar üçün təhlükəsiz deyil. Onlar özlərini müdafiə etmək qabiliyyətində deyillər. 3 yaşlı Zəhranın itməsi də olduqca pis bir hal idi. Bildiyimə görə, hətta onu diləndirirdilər. Bu bir daha onu göstərir ki, uşaq müdafiə sistemində müəyyən boşluqlar var. Amma bu boşluq öncə ailədən başlayır. Əvvəlcə, bu fikirdə deyildim. Düşünürdüm ki, bu olanlarda icmanın da nəzarət mexanizmi olmalıdır. Lakin uşağı göz qabağından qoymamaq lazımdır”.

G.Səfərovanın sözlərinə görə, ölkəmizdə analara dəstək olan sosial mərkəzlər azdır:

"Başa düşürəm bəzən gənc ailələr işləməli olur. Bizdə işləyən analara dəstək üçün sosial paketlər təqdim edilməlidir. Bəlkə də, bu olanlar dövlətə mesaj ola bilər ki, müəyyən yaş kateqoriyasına qədər analara sosial paketlər təqdim etsinlər ki, uşaqlarına baxa bilsinlər və onlara müəyyən yaşa gətirsinlər.Türkiyə modelində bu var. Bir neçə postsovet ölkələrində uşaqlar böyüyənə qədər anaya müəyyən əmək haqqı verilir və uşaq böyüdükdən sonra ana işləyir. Ölkəmizdə də bu cür alternativ modellər təqdim olunmalıdır”.

İcraçı direktorun fikrincə, uşaqların qorunması ilə bağlı həm ailə, həm də dövlət sturukturları uşaq müdafiə mexanizmi hazırlamalıdırlar:

"Küçədə diləndirilən, maşın aynalarını silən nə qədər uşaqlar var. Təəssüf ki, belə uşaqların müdafiə mexanizmi yoxdur. İnkişaf etmiş ölkələrdə bu problem asanlıqla həll olunur. Həmin ölkələr başa düşürlər ki, sosial işçilər, psixoloqlar hər ailənin qiymətləndirməsini bilməlidir və uşağın vəziyyətini analiz etməlidir. Azərbaycanda uşaqların durumunun analizini əks etdirən hesabat yoxdur. Sonuncu dəfə mən 2009-cu ildə atılmış uşaqlarla bağlı hesabatı hazırlamışdım. Bilməliyik ki, uşaqların nəyə ehtiyacı var ? Qanunvericilikdə və mexanizmdə uşağın rifahını ortaya qoysaq müəyyən sistem qoya bilərik”.

G. Səfərova qeyd edib ki, hazırda ölkəmizdə uşaq bağçalarında yer məhdudiyyəti də problemlərdən biridir:

"Hazırda dövlət bağçalarına getsək, deyəcəklər ki, yer yoxdur. Əlbəttə, say hesabına görə bağçalar yetərli deyil. Dövlət çalışır ki, bağçaların sayını artırsın. Amma bu proses çox ləng gedir. Azərbaycanın uşaq müdafiə sistemi məni qətiyyən qane etmir. Çünki sistem çox ləngdir. Uşaq məsələsi elədir ki, orada büroktratik əngəllərə ilişib qalmaq düzgün deyil. Etiraf edək ki, hər ailə kifayət qədər maariflənmiş və məlumatlı deyil. 

Məsələn, Zəhraya ən azı 3 ay müddətində mütləq psixoloji yardım göstərilməlidir. Çünki o uşaq mətbuata çıxdı, hamı üzünü gördü, diləndirildiyi zaman müəyyən stress yaşadı. Bu olanlar indi hiss olunmasa da, müəyyən vaxtdan sonra Zəhranın psixologiyasına təsir göstərəcək. Təəssüf ki, qeyri-hökumət təşkilatları və birliklərində uşaq məsələsi prioritet deyil”.

Yeganə Bayramova





SON XƏBƏRLƏR

2019-06-18
2019-06-17