2019-06-08 13:02:43   |   214 dəfə oxunub

Qaraçılar hipnoz qabiliyyətinə malikdir

Onlar böyüklərə təsir edirlər, o ki ola uşaqlara...

Bəlkə də o qadın uşağın əlindən tutub, o da sakitcə razılaşıb, onunla gedib




Sovet kinosunun incilərindən «Yeseniya» yadınızdadı? Gözəl qaraçı qızı və taleyi ovcundan «oxunan» zabit. Zabit qaraçı gözəlinin falına inanmamışdı. Amma taleyi o qızın dediyi kimi amansız oldu. Qaraçı fallarına inananlar indi də var. Bir vaxtlar Bakıda qaraçı falçılar çox idi. Əsasən də Filarmoniya bağında gəzişər və «krasavitsa, davay poqadayu» deyə xanımlardan, qızlardan əl çəkməz, arxalarınca düşüb, beyinlərini yeyərdilər. Amma sonralar qaraçıların peşəsi dəyişdi. Daha çox dilənməyə üstünlük verdilər. Bu gün də əsasən metro çıxışlarında və vaqonlarında qaraçılara tez-tez rast gəlinir. Bir də paytaxtda onların kompakt yaşadığı ərazilər var. Məhz belə bir ərazidə 3 yaşlı Zəhra oğurlanıb. Sevindirici olan budu ki, Zəhra qısa zamanda aşkarlanıb və ailəsinə qaytarılıb.

Şübhəli şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin hadisə ilə bağlı yayılmış məlumatında bildirilir ki, Bakı Şəhər Baş Polis İdarəsi, Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri intensiv axtarış tədbirləri nəticəsində itkin düşmüş üç yaşlı Zəhra Bağırzadə paytaxtın Nizami rayonu ərazisində tapılaraq ailəsinə təhvil verilib.

Zəhranın valideyni Rəsul Bağırzadə uşağın tapılmasında göstərdikləri xidmətlərə görə daxili işlər orqanlarının hər bir əməkdaşına öz təşəkkürünü bildirib.

R.Bağırzadə hadisə günü həyat yoldaşı ilə birlikdə Zəhranı evin böyük övladının yanında qoyaraq işə getdiklərini bildirib. Azyaşlı nəzarətsiz qalaraq evdən çıxıb itkin düşəndən sonra valideynləri bu barədə polisə məlumat veriblər.

Qeyd edək ki, uşaq tapılan zaman onun yanında olan Masallı rayon sakini 1980-ci il təvəllüdlü Nəzərova Təzəgül Şükür qızı şübhəli şəxs qismində saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinə gətirilib. Hadisənin təfərrüatları və Zəhranın hansı şəraitdə itkin düşdüyünü müəyyən etmək istiqamətində müvafiq olaraq istintaq-əməliyyat tədbirləri davam etdirilir.

«Qaraçılar uşaq oğurlamır»

"Bu günə qədər Azərbaycanda qaraçılar tərəfindən uşaq oğurlanmasına rast gəlinməyib”. Bunu isə APA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin əməkdaşı Pərviz Əliyev deyib. Onun sözlərinə görə, uşaqların qaraçılar tərəfindən oğurlanaraq uşaq əməyinə və ya hansısa fəaliyyət növünə cəlb edilməsi ilə bağlı Dövlət Komitəsinə hər hansı müraciət daxil olmayıb.

P.Əliyev bildirib ki, Dövlət Komitəsi tərəfindən qaraçılarla bağlı dəfələrlə tədqiqat-araşdırma aparılıb: "Biz onların kompakt yaşadıqları yerlərdə də monitorinq aparmışıq. Qaraçı ailələrində olan uşaqlar onlar tərəfindən dünyaya gətirilən uşaqlardır. Monitorinqlərimiz zamanı da qaraçı ailələrində kənardan götürülmə uşaqlara rast gəlinməyib”.

Dövlət Komitəsinin rəsmisi onu da vurğulayıb ki, 3 yaşlı Zəhra Bağırzadənin qaraçılar tərəfindən qaçırılması hələ rəsmi təsdiqini tapmayıb, bu, ilkin ehtimaldır: "Faktla bağlı aidiyyəti üzrə araşdırma aparılır. Araşdırma tam başa çatdıqdan sonra hər şey məlum olacaq”.


Qaraçılar hipnoz qabiliyyətinə malikdir

Psixoloq Azad İsazadə «Şərq»ə açıqlamasında azyaşlı uşaqlarda hələ qorxu hissi formalaşmadığından gözlənilməz situasiyalarla qarşılaşmaları təbiidir:

- 3-4 yaşlı uşaqlar çox nadinc olur. Uşağa ətraf aləm, onu əhatə edən dünya maraqlıdır, o, hər şeylə maraqlanır. Kiçik yaşlarda qorxu hissi, təhlükə barədə anlayış formalaşmadığından uşağı istənilən adama qoşulub gedə də bilər, sərbəst şəkildə baş götürüb harasa gedər də. Uşağın təhlükə ilə bağlı təcrübəsi yoxdur. Qorxu nə olduğunu bilmir. Yəni bu mənada hadisə baş verə biləcək kateqoriyaya aiddir. Belə vəziyyətdə ən asanı valideyni günahlandırmaqdı. Diqqətsizdi, baxmayıb və sairə. Amma nəzərə almalıyıq ki, 3-4 yaşlı uşaqlar gözlənilməz hərəkətlər edir. Ananın diqqəti telefona bir dəqiqəlik dağıldı və uşaq qaçdı, yıxıldı… Ona görə də biz valideynlərə həmişə tövsiyə edirik ki, diqqətli olsunlar. Uşaqları gözdən qoymasınlar. Xüsusilə bir yerə gedərkən, yolda, ictimai nəqliyyatda, həmçinin evdə olarkən.

A.İsazadə qaraçıların hipnoz bacarığının olduğunu da vurğuladı:

- Burada söhbət qaraçılardan gedirsə, vəziyyət uşağın əleyhinə bir az da çətinləşir. Çünki qaraçılar hipnoz qabiliyyətinə malikdir. Bu, klassik hipnoz deyil, əlbəttə, amma qaraçılar insanları inandıra bilir. Böyüklərə təsir edirlər, o ki ola uşaqlara. 3-4 yaşlı uşaq hələ ayırd edə bilmir. Bəlkə də o qadın uşağın əlindən tutub, o da sakitcə razılaşıb, onunla gedib. Yəqin ki, istintaq bunları araşdıracaq.

A.İsazadə qeyd etdi ki, belə hadisələr baş verdikdə zərərçəkmişlərə psixoloji yardım mütləqdir:

- Bu cür hallarda dünyada qəbul olunmuş xüsusi psixoloji yardım proqramları mövcuddur. Yaşa, şəraitə görə proqramlar tərtib edilir. Bu tip psixoloji yardım proqramlarından girov düşmüşlərlə bağlı da istifadə olunur. Girovluq müddəti qısadırsa, təbii ki, psixoloji gərginlik müddəti də az olur. 3 yaşlı uşağın qaçırılması hadisəsində də uşağa da, valideynlərinə də psixoloji yardım mütləq göstərilməlidir ki, stresdən azad ola bilsinlər.

Məlahət Rzayeva





SON XƏBƏRLƏR

2019-06-19
2019-06-18