2019-06-08 15:48:34   |   208 dəfə oxunub

İmamoğlu Yıldırımla canlı debata hazırlaşır

"Tərəddüd edən seçicini kim qazanacaqsa, seçkini də o udacaq. Debat məhz həmin seçici səsləri uğrunda savaşdır"



İstanbul bələdiyyəsi uğrunda təkrar seçkilərin vaxtı yaxınlaşdıqca, emosiyalar daha da gərilir. Maraqlıdır ki, həm AKP, həm də CHP 23 iyun seçkilərinə zərərçəkmiş kimi gedir. CHP və onun namizədi Əkrəm İmamoğlu təkrar seçkini haqqını bərpa etmək mübarizəsi adlandırır. Hakim AKP də seçkilərdə saxtakarlıq olduğunu bildirərək səslərin oğurlandığını iddia edir. Seçki rəqabətinin daha da qızışdığı bir vaxtda CHP-nin namizədi Əkrəm İmamoğlu siyasi opponenti Binali Yıldırıma televiziyada canlı debata çıxmağı təklif edib. Yıldırım da öz növbəsində hər cür mübarizəyə hazır olduğunu söyləyib. İmamoğlunun təklifi AKP-də müzakirə olunub, hazırda hər iki partiya arasında danışıqlar gedir. Artıq prinsipial olaraq anlaşma əldə olunub. Yəni yaxın günlərdə bütün telekanalların canlı olaraq yayımlaya biləcəyi və tərəfsiz bir moderatorun iştirakı ilə yalnız İstanbula həsr olunmuş debat keçirilə bilər. Debatın TRT-də təşkil olunacağı deyilir.

İmamoğlunun debat təklifini "Şərq”ə dəyərləndirən politoloq Azər Rəşidoğlu deyib ki, siyasət hər yerdə şoulaşır. Bu baxımdan, canlı debatlar seçicini əyləndirir: 

"Hazırda Əkrəm İmamoğlu daha güclü görünür, onun istifadə etdiyi siyasi texnologiyalar möhtəşəmdir. İmamoğlu ilə müqayisədə Binali Yıldırım yorulmuş və tükənmiş siyasətçini xatırladır. Lakin Yıldırım İstanbulda bir çox layihələrin müəllifidir və bu, ona səs qazanmağa yardım edəcək. 

Reallıq isə odur ki, dindar təbəqənin önəmli hissəsi İmamoğluna səs verməyəcək. Ona görə də İmamoğlunun debatda nə deməsinin önəmi yoxdur. Tərəddüd edən seçicini kim qazanacaqsa, seçkini də o udacaq. Debat məhz həmin seçici səsləri uğrunda savaşdır”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-06-19
2019-06-18