2019-06-10 12:34:52   |   271 dəfə oxunub

“Heydər Əliyev Azərbaycanı parçalanmaqdan, xalqı vətəndaş müharibəsindən xilas etdi”



"15 iyunun mahiyyətini dərk etməkdən ötrü o dövrdə Azərbaycanda yaranmış şərait dərindən təhlil edilməlidir”.

Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib.

Deputat vurğulayıb ki, o zaman ölkədə ümumi böhran mövcud idi. Hakimiyyətin qanadları arasında ixtilaf yaranmışdı:

"Hərbi hakimiyyətlə mülki hakimiyyət arasında ixtilaflar mövcud idi. Dövlət idarəçiliyi ixtilafa düşmüşdü. İqtisadiyyatda böhran dərinləşirdi. Bütün bunlarla yanaşı, Ermənistanın hərbi təcavüzü və işğalları davam edirdi. Ölkə daxilində xaricdən dəstəklənən separatçılıq baş alıb gedirdi. Azərbaycan dövləti dağılmaq, ölkə parçalanmaq, millət isə vətəndaş müharibəsi həddində dayanmışdı. Xalqın mənəvi-psixoloji böhranı yaranmışdı.

 Bütün bunlar Azərbaycanda ümumi böhranın göstəriciləri idi. Belə bir şəraitdə Azərbaycan xalqının israrlı tələbləri rəsmi hakimiyyət, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, ümummilli lider Heydər Əliyevi hakimiyyətə dəvət etdi”.

Parlament üzvü bildirib ki, Azərbaycan xalqının Heydər Əliyevə inamı, etimadı əsasən iki amillə bağlı idi:

"Birincisi, Azərbaycan xalqı hələ 1970-ci illərdə onun böyük xidmətlərini görmüşdü. İkincisi, Naxçıvanda deputat və Ali Məclisin sədri olarkən millətin və dövlətin gələcəyi üçün mühüm qərarlar qəbul etmişdi. Hər şeydən əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul olunmuşdu. Naxçıvan müstəqil, müasir Azərbaycan dövlətçiliyinin təməlinin atıldığı yer olmuşdu. 

Bütün bunlara görə, Heydər Əliyev Bakıya dəvət edildi və qiyamın baş verdiyi Gəncəyə getdi. İyunun 15-də Milli Məclisin sədri seçildi. Heydər Əliyevin Azərbaycan Respublikası Milli Məclisinin sədri seçilməsi müasir Azərbaycan tarixinin mühüm səhifələrindən biridir. Bununla Azərbaycan dövləti parçalanmaqdan, dağılmaqdan və xalq-vətəndaş müharibəsindən xilas oldu”.

Professorun sözlərinə görə, bu addım ilə Azərbaycan səriştəsiz idarəçilərdən xilas oldu:

"Qəti şəkildə göstərildi ki, hakimiyyətə küçədən gəlmək olmaz. Səhv xarici siyasət aparmaq milləti fəlakətə sürüklər, çox istiqamətli, çoxyönlü, tarazlaşdırılmış xarici siyasət lazımdır. Azərbaycan xalqının sabaha ümidi yarandı, nikbinliyi artdı. Beləliklə Heydər Əliyev müasir, gözümüzün önündə olan indiki Azərbaycan dövlətinin qurucusu oldu.

İsmayıl





SON XƏBƏRLƏR

2019-06-19
2019-06-18