2019-06-10 18:13:30   |   438 dəfə oxunub

Tokayevin prezidentliyi dönəmində Azərbaycan-Qazaxıstan münasibətlərindən GÖZLƏNTİLƏR... – ŞƏRH

İlqar Vəlizadə: “Azərbaycan-Qazaxstan münasibətlərində hər iki ölkə prezidentinin dialoqlarının intensivləşməsini gözləyə bilərik”



Qazaxstanın yeni prezidenti bəlli olub. Prezident seçkilərində Kasım-Comart Tokayev qələbə qazanıb. O, 70,76 faiz səs toplayıb.

Prezidenti İlham Əliyev iyunun 10-da Kasım-Jomart Tokayevə telefonla zəng edib. Azərbaycan Prezidenti Tokayevə prezident seçkilərində qələbə qazanması münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Dövlət başçıları Azərbaycanla Qazaxıstan arasında dostluq əlaqələrimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirib, ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Tokayevin uzun zaman siyasətdə olduğunu deyən politoloq İlqar Vəlizadə "Sherg.az”a bildirib ki, yeni prezident təcrübəli bir siyasətçidir.

Politoloqun sözlərinə görə, Tokayev uzun illərdir ki, Qazaxstanda müxtəlif vəzifələrdə çalışıb. Həmin vəzifələrdən biri də Qazaxıstanın xarici işlər naziri vəzifəsidir:

"Tokayev xarici işlər naziri vəzifəsində çalışanda Azərbaycan-Qazaxıstan münasibətlərinin təməlini qoyan insanlardan biri olub. O zamanlar ümummilli liderimiz Heydər Əliyevlə Qazaxıstanın sabiq prezidenti Nursultan Nazrabayev arasında sıx əlaqələr var idi. Bu əlaqələrin həyata keçməsində xüsusi rolu məhz Tokayev oynayıb. Ona görə də Tokayev Azərbaycan-Qazaxstan münasibətlərinin real dəyərini bilən insandır. Bu baxımdan hər iki dövlət arasında münasibtələrin inkişaf etməsi ilə bağlı ehtimal daha çoxdur.

Qazaxıstanda mürəkkəb proseslər gedir. İki il bundan öncə Nursultan Nazarbayev elan etmişdi ki, Qazaxtsan prezident respublikasından parlament respublikasına keçə bilər. Tokayevin prezident seçilməsi bu istiqamətdə işlərin sürətlənməsini vəd edir. Çünki hazırda Qazaxstanda parlament xətti də gücləndirilir. Çox güman ki, Qazaxstanda aparılan siyasi dəyişikliklər Tokayev dövründə də davam etdiriləcək”.

Politoloq vurğulayıb ki, Qazaxıstanın dünyada rolu dəyişilməz olaraq qalacaq:

"Çünki, ötən illər ərzində bu sahədə kifayət qədər bünövrə qoyulub və bu bünövrənin qoyulmasında Tokayevin də rolu var. Azərbaycan-Qazaxstan münasibətlərində hər iki ölkə prezidentinin dialoqlarının intensivləşməsini gözləyə bilərik. Çünki, həm Tokayev, həm də İlham Əliyev kifayət qədər təcrübəlidirlər. Onların hər ikisi dünya siyasətində öz sözünü deyib. Hər iki ölkə başçısı Azərbaycan-Qazaxstan münasibətlərinin dəyərini bilən siyasətçidir. Ona görə də son illər ərzində hər iki tərəf arasında münasibətlərin möhkəmlənməsi üçün daha çox xidmətlər göstəriləcək”.

Yeganə Bayramova













SON XƏBƏRLƏR

2019-06-26
2019-06-25