2019-06-11 11:19:41   |   307 dəfə oxunub

İkiüzlü siyasət davam edir

Almaniyanın həmsədrlik məsələsi gündəmə gətirilməlidir



Ermənistan silahlı qüvvələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib. Nəticədə cəbhənin Tərtər rayonu istiqamətində Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu şəhid olub. ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfəri ərəfəsində mayor Aqil Ömərovun qətlə yetirilməsi, 10 gün sonra, özü də XİN rəhbərlərinin görüşü ərəfəsində düşmənin daha bir təxribat törətməsi bir sıra mətləblərdən xəbər verir. 

Açıq görünür ki, Ermənistan atəşkəs rejiminin qorunub saxlanmasını, sülh danışıqlarının konstruktiv məcrada davam etdirilməsini istəmir. Ermənistanın müdafiə naziri David Tonoyan da təsdiq edir ki, Azərbaycan hərbçisinin qətlə yetirilməsi ilə bağlı şəxsən göstəriş verib. Daha sonra isə əməliyyatı icra edən erməni hərbçilərinə yüksək mükafat təqdim edib. 

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan ələ keçirdiyi hər tribunada, son olaraq Sankt-Peterburqdakı forumda bildirib ki, guya, işğalçı ölkə rəhbərliyinin cəbhə xəttindəki təxribatlarda əli yoxdur. Lakin bu ölkənin müdafiə naziri rəsmi surətdə təxribat əmrini verdiyini etiraf edir. Bu hadisənin özü baş nazirin Ermənistanı necə idarə etdiyini əyani şəkildə göstərir. 

Ən əsası isə verilən bütün "sülh” bəyanatlarının yalan olduğu və imitasiya xarakteri daşıdığı ortaya çıxır. Ancaq istənilən halda Ermənistan öz yalanları ilə artıq həmsədrləri və beynəlxalq ictimaiyyəti aldada bilmir. Ona görə də beynəlxalq ictimaiyyət ikiüzlü yanaşmadan əl çəkməli, Ermənistanın təxribatlarına susqun qalmamalı və İrəvana sərt reaksiya verməlidir. Həmçinin, bu ölkənin işğalçı siyasətinin, sülh danışıqlarını sabotaj etməsinin qarşısını almalıdır.

Düşmənin ardıcıl təxribatları ilə bağlı "Şərq”ə danışan Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən ikisi birmənalı olaraq Dağlıq Qarabağ münaqişəsində ikiüzlü siyasət yeridir: 

"Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland və onun sələfləri dəfələrlə verdikləri bəyanatlarda torpaqlarımızın işğaldan azad olunmasını vurğulayıblar. Bu mövqe Ağ Ev rəsmilərinin münaqişəyə münasibətindən qaynaqlanır. Lakin bunları Fransa və Rusiya barədə demək olmaz. Əksinə, iki ölkənin təmsilçiləri dəfələrlə sürüşkən və fitnəkar bəyanatları ilə yadda qalıblar. Onların heç bir rəsmisi Dağlıq Qarabağın işğaldan azad olunması barədə açıq fikir bildirməyib. 

Rusiya və Fransanın Minsk Qrupu tərkibində səs çoxluğuna sahib olaraq dominant mövqedə olması bizim əleyhimizə işləyən faktordur. Vəziyyət dəyişməz qaldığı şəkildə problemin həllində heç bir irəliləyiş olmayacaq. Bütün olanlardan sonra iki ölkənin həmsədr qalması problemlərin davam edəcəyi anlamına gəlir. 

Çıxış yolu ya iki ölkənin vasitəçilikdən uzaqlaşdırılması, ya da əlavə iki ölkənin iştirakının təmin olunmasına nail olmaqdır. Hesab edirəm ki, Almaniya və Türkiyə Minsk Qrupunun həmsədrləri sırasına qatılarsa, münaqişənin həllinə böyük dəstək verə bilərlər”.

Analitik Almaniyanın bu məsələdə prinsipial mövqe tutacağına əmin olduğunu deyib: "Almaniya dövlət başçısı Angela Merkel münaqişənin həllini tormozlayan əsas faktorlardan birinin Rusiya olduğunu deyib. Bu açıqlama Avropada təklənmədiyimizi göstərir. Türkiyənin isə ədalətli mövqe tutacağına qətiyyən şübhə etmirəm”.

Siyasi şərhçinin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan təşkilatların səyləri nəticəsizdir:

 "Ermənistan XİN və digər idarəetmə institutları açıq şəkildə bildirirlər ki, Dağlıq Qarabağ danışıqlarında torpaqların qaytarılması ilə bağlı heç bir razılaşmaya imza atmayacaqlar. Problemin həlli ilə məşğul olan beynəlxalq qurumlar hansısa həll variantını təklif etdikdə, dərhal Ermənistan tərəfindən bəhanələr və açıq təxribat törətməklə həyasızcasına prosesi ləngitməyə çalışırlar. 

Təmas xəttində mütəmadi olaraq qarşı tərəfin atəşkəsi pozması və hərbiçilərimizi şəhid etməsi açıq provakasiyadır. Təbii ki, danışıqlar öncəsi bu təxribatlar Azərbaycan tərəfinin nizamını pozmağa yönəlib. Yaxşı anlayırıq ki, çox böyük bir şər qüvvənin təzyiqinə məruz qalmışıq. İndiyə qədər Azərbaycan tərəfi barışıq üçün mümkün olan bütün addımları atıb. Çox təəssüf ki, qarşı tərəf imperiya siyasətindən əl çəkmək niyyətində deyil. Biz isə inkişaf, demokratiya və ədalətli mövqeyimizi dünya ictimaiyyəti qarşısında israrla sübut etməkdə davam etməliyik. İndiki vəziyyətdə problemin həlli üçün lazım olan ən mühüm amil bunlardır”.

Politoloq Məhəmməd Əsədullazadə isə "Şərq”ə bildirib ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin ölkəmizə son səfəri danışıqlara zərbə vurdu:

 "Həmsədrlərin səfəri rəsmi Bakıya danışıqlarda Paşinyanın təklif etdiyi erməni separatçılarının "tərəf” kimi qatılmasının zəruriliyini qəbul etdirmək idi. Rəsmi İrəvan Qarabağ separatçılarının danışıqlarda "tərəf” olmasını açıq şəkildə qabardır və problemin həllinin bunsuz mümkünsüz olacağını iddia edir. Görünür, həmsədrlər də Paşinyanın bu təklifi ilə razılaşıblar. 

Əsasən, Moskva və Paris bu qərarı dəstəkləyir. Paşinyan bu planı irəli sürməklə danışıqları manipulyasiya edir. Əslində baş nazir yaxşı bilir ki, Azərbaycan buna getməyəcək, çünki separatçıların danışıqlarda iştirakı mümkün deyil. Sadəcə, bu yolla Azərbaycana təzyiq etməyə çalışırlar. Rəsmi Bakı Qərblə, xüsusən ABŞ-la intensiv danışıqlar aparmalıdır”.

Siyasi şərhçinin sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasında davam edən taktiki-döyüş təlimi münaqişə ətrafında müəyyən dəyişikliyə xidmət edə bilər: 

"Danışıqlarda hərbi ritorika üstünlük təşkil etməlidir. Maraqlı tərəf olaraq Qarabağda yeni formalaşan erməni icması ilə Azərbaycan icması arasında dialoq baş tuta bilər. 

Hazırkı məqamda isə Xankəndində Koçaryan və Sarkisyana bağlı terrorçu qrupların icma kimi fəaliyyəti qanunsuzdur. Paşinyan çalışır ki, gələn il qondarma seçkilərdə öz adamını icma başçısı seçdirsin və onun buyruqları burada keçərli olsun. Artıq Ermənistana güzəşt limiti bitir. Ona görə də müdafiə deyil, hücum taktikası ilə irəliləməliyik”.

İsmayıl






SON XƏBƏRLƏR

2019-06-20
2019-06-19