2019-06-11 11:43:55   |   415 dəfə oxunub

Bacarmadıq, çox zəif göründük

Hətta bir sıra “soydaşlarımız” Fuadın rəzilcəsinə həbsində iştirak etdilər



Moskva vilayət məhkəməsində Rusiyada fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovun ölkədən deportasiya edilməsi ilə bağlı apelyasiya şikayətinə baxılıb və Ximski şəhər məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Qərarın qüvvədə saxlanılmasına etiraz edən Fuad Abbasov aclıq aksiyasına başladığını deyib: "Mən aclıq aksiyasına başlayıram. Çünki Azərbaycana getməli idim, lakin hava limanı yolunda olarkən, maşını döndərib, məni Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsinə gətirdilər. 

Bununla razı deyiləm. Ya məni Azərbaycana göndərsinlər, ya da sərbəst buraxsınlar”. Vurğulayaq ki, F.Abbasova 50 il müddətində Rusiya ərazisinə giriş qadağan edilib. Məsələyə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov da münasibət bildirib. Səfir deyib ki, F.Abbasov Rusiyada qalma müddəti başa çatdıqdan sonra lazımi qurumları məlumatlandırmayıb: "Bu da kobud qanun pozuntusudur. Başqa ölkələrdə qanunsuz qalan şəxslərin deportasiyası nadir hal deyil”.

Fuad Abbasov ətrafındakı ajiotaja münasibət bildirən politoloq Əhəd Məmmədli təəssüflə jurnalisti müdafiə edə bilmədiyimizi deyib. Onun sözlərinə görə, bəziləri ümumiyyətlə Fuadı müdafiə etmək istəmirlər: "Bir sıra "soydaşlarımız” Fuadın rəzilcəsinə həbsində iştirak etdi.

 Fuad Abbasov ətrafında baş verənlər bütün çılpaqlığı ilə göstərdi ki, Azərbaycan diasporası Rusiyada zəifdir. Bu zəiflik həm səfirliyimizə, həm də diasporamıza aiddir. Bir Azərbaycan vətəndaşı təhqir edilərək həbs edilir, ancaq biz buna qarşı heç nə etmirik. Mən Fuad Abbasovun kimliyini və gördüyü işləri kənara qoyuram.

 Söhbət Azərbaycan vətəndaşından və ona qarşı edilən böyük təhqirdən gedir. Rusiya kimi ölkədə fəaliyyət göstərən diplomatlarımız professional siyasətçi olmalıdır. Bu məsələdə səfirliyin və diasporanın nə qədər dişsiz, səhlənkar və hazırlıqsız olduğu üzə çıxdı. Diasporalarımızın biri-birləri ilə intriqası, ədavəti, düşmənçiliyi ümumi işimizə ziyan vurur.

Qızını erməniyə verən diasporadan nə gözləmək olar ki?! Rusiyadakı diaspora təşkilatlarımızın başına milli, vətənpərvər, nüfuzlu şəxslər gətirilməlidir. Fuad Abbasov problemi Azərbaycan üçün nüfuz məsələsidir”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-06-17
2019-06-16